MİA

  • 14 748

“Azərbaycançılıq ideologiyası bizi birləşdirən dəyərdir” - TƏHLİL

image

Hazırda dünyada gedən qloballaşma prosesində yalnız güclü olan xalq qələbə qazana, özünün milli, mənəvi, dini, tarixi ənənələrini qoruyub gələcək nəsillərə ötürə bilər. Bu baxımdan qarşıda duran ən mühüm məsələ, eyni zamanda ən ali məqsəd qlobal inteqrasiya prosesində Azərbaycan xalqının dəyərlərini dünyaya lazımınca və layiqincə təqdim etmək, həmçinin bizə məxsus olan dəyərlərin yalnız mütərəqqi dünya dəyərləri ilə üzvi sintezinə nail olmaq hesab olunur ki, bizi birləşdirən bu dəyərlər məhz Azərbaycançılıq ideologiyasının əsasını təşkil etməlidir.

Azərbaycan xalqı özünün adət-ənənələrini, mənəvi, dini dəyərlərini tarixin bütün keşməkeşli dövrlərində qoruyub saxlaya bilib. Hazırda, milli bayramlarımızın keçirilməsi, bu bayramlarda bizə məxsus olan ənənələrin yada salınması, təkrarlanması, qorunması çox mühüm bir məqamdır və bu da öz növbəsində təsdiq edir ki, Azərbaycan xalqı dövrümüzə qədər öz ənənələrinin keşiyində olub və bu gün də bu ideologiyaya sadiqdir. Ələlxüsus, dini dəyərlərə qarşı çıxan və 70 illik mövcudluğu dövründə xalqların ənənələrini qəbul etmək istəməyən Sovetlər ittifaqı dövründə belə xalqımızın öz dini dəyərlərini qoruması xalqımızın öz dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, müstəqilliyimizin bərpasından dərhal sonra azərbaycançılığın ümummilli ideya halına gəlməsi, eləcə də bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi artıq çox aktual bir məsələyə çevrilmişdi ki, bunun öhdəsindən də məhz Ümummilli Lider Heydər Əliyev layiqincə gəldi. Bəli, müstəqilliyimizin ilk illərində, xaosun, hakimiyyətsizliyin, hərc-mərcliyin baş alıb getdiyi, problemlərin durmadan artığı zamanda, ölkəmizin ən çətin və taleyüklü məsələlərinin həllinin vacibliyi məqamında xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli olan konsepsiyanı, Azərbaycançılıq ideologiyasını yaratdı. Məhz bu baxımdan, “Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq ideolojiyasının banisidir”, deyirik və bu fikirdə olan hər kəs haqlıdır, çünki Ümummilli Liderin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətlərdəndir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, deyən Ulu Öndərin bununla qürur duyduğunu bəyan etməsi əslində bütün azərbaycanlılar üçün bir örnəkdir.

Məhz azərbaycançılıq ideologiyası Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi parçalamaq cəhdlərinin qarşısında ən güclü ideoloji, eləcə də siyasi sipər oldu və bu baxımdan çox önəmli hesab olunur. Elə buna görə də əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçməkdədir. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, diaspor fəaliyyəti və onun gücləndirilməsi, azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində ardıcıl işlər görülür. Hələ 2006-cı ildə dünya azərbaycanlılarının II qurultayında çıxışı zamanı cənab Prezident qeyd edib ki, biz çox sürətlə, düşünülmüş proqram, konsepsiya əsasında irəliləyirik və bu işdə Azərbaycan diasporunun böyük rolu var.

Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, cənab Prezidentin azərbaycançılıq ideyasının təbliğində, uğurla icra olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın müstəsna rolu və xidmətləri var və bu istiqamətdə ciddi fəaliyyət göz önündədir. Dünyanın bir sıra ölkələrində, şəhərlərində müxtəlif sərgilərin təşkil olunması, milli dəyərlərimizin təbliği, azərbaycançılıq idealogiyasının tərənnümü deyilənləri təsdiq edir və qeyd olunan fəaliyyətin bariz nümunələrindəndir.

Dünyanın harasında olmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin, dövlətçiliyinin güclənib, qüdrətlənməsi, xalqımızın gələcək rifah halında yaşaması naminə çalışmalı, fəaliyyət göstərməli, əlindən gələni əsirgəməməlidir. Azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasını əsas tutaraq, hər birimiz buna uyğun əməli fəaliyyət sərgiləməliyik. Ancaq milli birliyi, həmrəyliyi təmin etməklə üzləşdiyimiz bütün çətinlikləri dəf edə bilərik. Biz ötən il 44 günlük müharibə dönəmində də bunun şahidi olduq və gördük ki, bizim birliyimiz qələbəmizi şərtləndirən amillərdən biri, bəlkə də birincisidir. Nəzərə almaq lazımdır ki, bundan sonra qarşıda yenə də çətinliklərlə üzləşə bilərik və artıq davam etməkdə olan qloballaşma prosesinin mənfi xüsusiyyətlərini dəf etmək, böyük tarixə malik bir xalq kimi qalib çıxmağımız üçün azərbaycançılıq ideologiyasını daha da gücləndirmək, ələlxüsus buna sadiq olmaq lazımdır. Çünki, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir və məhz azərbaycançılıq ideologiyası bizi birləşdirən dəyərdir.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Digər xəbərlər