MİA

  • 7 200

"Yeni qanundan bütün növ media subyektləri faydalana biləcək" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

image

"Media haqqında yeni qanunun qəbul edilməsi ilə bağlı ictimaiyyətdə və sosial şəbəkələrdə dolaşan bəzi əsassız fikirlərlə tanış olduqdan sonra bu mövzu ilə bağlı qısa şəkildə öz fikirlərimi bildirmək qərarına gəldim. Hesab edirəm ki, yeni qanun bütün vətəndaşları maraqlandıran bir məsələdir, çünki yeni qanun tək peşəkar media işçiləri və jurnalistləri deyil, həmçinin müasir dövrümüzdə informasiya ilə işləyən demək olar ki, hər kəsə aiddir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O, qeyd edib ki, ondan başlamaq lazımdır ki, yeni qanun kifayəq qədər müasir, qlobal dünyanın müasir çağırışlarından irəli gələn, media sahəsində peşəkar mütəxəssis və ekspertlərin rəyi və süzgəcindən keçmişdir. Ən əsası qanun, həm informasiya istehsalçısı olan jurnalistlərin hüquqlarını qoruyacaq, həm də bu informasiyanı alan vətəndaşların hüquqlarını qoruyacaq. Sirr deyil ki, dünyada müasir texnologiyalar inkişaf etdikcə bu media sahəsinə də öz təsirini göstərir, bizə yeni peşə sahəsi kimi gələn “bloqerlər”, internet televiziyaları, sosial şəbəkə “influencer”ləri artıq ciddi informasiya ötürücüsü və ictimai fikrə təsir edən media subyektləri kimi tanınır. Bu sahədə hər nə qədər azadlıqlar mövcud olsa da, bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da bu fəaliyyətlərin qanunla tənzimlənməsinə ehtiyac vardır. Lakin qanunla tənzimlənmə heç də bu fəaliyyətlərin məhdudlaşdırılması anlamına gəlməməlidir.

Bu barədə Vüqar Əhmədov fikirlərini belə izah edib: "Tam əksinə, yeni qanun ənənəvi media ilə yanaşı onlayn media və vətəndaş jurnalistikası kimi yeni media fəaliyyətlərini stimullaşdıracaq və bu sahədə sistemləşdirilmiş məlumatlar bazasının formalaşmasına təkan verəcək. Çünki ənənəvi media ilə müqayisədə, yeni nəsil medianın reyestiri tam formalaşmamışdır.Yeni media subyektlərinin reyestri bu sahədə yeni bir mərhələ sayıla bilər. Başqa sözlə desək, media sahəsi inkişaf etdikcə, dövlət də bu sahənin tənzimlənməsi üçün yeni çağırışlara adekvat reaksiya verməkdədir. Təəssüf ki, bu gün özünü media adlandıran, lakin hər hansı etibarlı mənbəyə əsaslanmadan işini yalnız “fake xəbərlər” istehsal etmək və yaymaqla keçirən “media subyektləri” mövcuddur. Ümid edirik ki, yeni qanun məhz bu qəbildən olan neqativ halların minimuma endirilməsinə, bununla yanaşı jurnalistlərin fəaliyyət və məsuliyyət dairəsinin daha da genişləndirilməsinə, müəlliflik hüququnun qorunmasına və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq. Ən əsası da, yeni qanunda nəzərdə tutulan müddəalar ənənəvi və yeni medianın fəaliyyətinə yeni yanaşmanı və inkişafı nəzərdə tutur və bu sahədə mövcud olan pərakəndəliyin qarşısını alır, Media Agentliyinə mətbuatın inkişafı üçün daha koordinasiyalı və sistemli fəaliyyət aparmağa imkan yaradır, jurnalistin kimliyinin tanınmasına yardım edir, onun vətəndaş qarşısında məsuliyyətini artırır və dövlət-media münasibətlərində yeni mərhələ kimi qiymətləndirilə bilər. Yeni qanundan bütün növ media subyektləri faydalana biləcək. Bütün bunları nəzərə alaraq mən media haqqında təklif olunan yeni qanunu kifayət qədər mütərəqqi və müasir dünyanın çağırışlarına və medianın inkişafına xidmət edəcək bir addım kimi dəyərləndirirəm".

Digər xəbərlər