Azərbaycan Prezidentinin sərəncamı ilə əməkhaqqlarının artırılması əhalinin sosial rifahının yüksəlməsinə səbəb olacaq
Ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə artıq start verildi. Prezident İlham Əliyevin bu gün imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.
Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Dövlət büdcəsinin artan imkanlarından sosial məqsədli ödənişlər üçün istifadə edilir. Məlum olduğu kimi, gələn ilin dövlət büdcəsi indiyəqədərki ən yüksək məbləği ehtiva edir. Dövlət büdcəsindəki bu artım isə özünü bütün sahələrdə, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsində göstərir.
Bu artım son 3 ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son 3 ildə mühüm irəiləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.
Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.
Bu artım həm də dünyada baş verən pandemiya səbəbindən yaranmış iqtisadi maliyyə böhranı şəraitində xüsuisilə vacibdir. Məlum olduğu kimi, son 2 ildə yaranmış qlobal vəziyyət bütün ölkələrdə iqtisadi böhran, maliyyə çatışmazlığı, inflayasiya, milli valyutanın dəyərdən düşməsi ilə nəticələnib. Azərbaycan isə bu qlobal iqtisadi böhrandan minimum itkilərlə çıxmağı bacarıb. Ölkəmizdə bəzi məhsullarda bahalaşma müşahidə olunsa da, ciddi inflyasiya baş vermədi, milli valyuta dəyərdən düşmədi. Bu səbəbdən əməkhaqlarının artırlması müəyyən sahələrdə yaranmış bahalaşmanı konpensasiya edə bilər və əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını ala bilər.
Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Yeri gəlmişkən, həm yaşayış minimumunun, həm də minimum əməkhaqqının artırılması dolayısı ilə əhaliyə müxtəlif ödənişlərin də artmasına gətirib çıxaracaq. Belə ki, bir çox ödənişlər məhz minimum əməkhaqqının və ya yaşayış minimumun misli ilə müəyyən edilir.
Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son 3 ildə həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.
Beləliklə, minimum əməkhaqqının artması dolayı yolla həm də orta əməkhaqlarının yüksəlməsinə səbəb olacaq. İlkin təhlil göstərir ki, artım faizi inflyasiya fazini xeyli üstələyir və gələn il ərzində sosial ödənişlərdə və əməkhjaqqında yenə artımlar ola bilər. Çünki ölkəmizin dövlət büdcəsinin davamlı artması müşahidə olunur. Gələn ilin ortasında büdcəyə yenidən baxılması zamanı əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar edilə bilər.
Qeyd etmək lazımdır ki, hazırki beynəlxalq vəziyyət əksər ölkələri çox ağır vəziyyətə salıb, əhali yoxsullaşıb, mal və xidmətlərin qiyməti bahalaşıb, inflyasiya sürətlənib, vergilər və kommunal ödənişlər xeyli artıb.
Elə uzağa getmədən, qonşu ölkələrdə Rusiyada, İranda, Türkiyədə, Ermənistanda, Gürcüstanda yaranmış ağır iqtisadi və sosial vəziyyəti göstərmək olar. Bu ölkələrdə milli valyuta xeyli dəyərini itirib, inflayssiya sürətlənib, bahalaşma fonunda əhalinin real gəlirləri azalıb.
Azərbaycanda isə qlobal iqtisadi böhranın müəyyən təsirləri olsa da, dövlət əhalinin bu qlobal böhrandan minimum itkilərlə çıxması, sosial vəziyyətinin yaxşılaşması üçün bütün mümkün imkanlardan istifadə edir.
Əlbəttə, sosial islahatlar tək bu sərəncamla yekunlaşmır, elə bu gün cənab Prezident bir neçə analoji sərəncam verib. Məsələn, Prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.
Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.
Prezident İlham Əliyevin imzaladığı digər iki Sərəncam ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğı göstərilməsinin növbəti təzahürüdür.
Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır.
Həmçinin 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.
Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımların edilməsi məqsədlə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20% artırılacaq.
Bu məqsədlə Nazirlər Kabineti həmin işçilərin tarif (vəzifə) maaşlarını minimum əməkhaqqı artımına uyğunlaşdırılmış şəkildə, əməyin ödənilməsinin dərəcələri üzrə artımlarla ifadə edən yeni cədvəli təsdiq edəcək.
Gələn ilin əvvəlindən tətbiqinə başlanacaq həmin cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq.
Həmçinin cədvəldə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq.
Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.
Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq.
Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun artımlar olacaq.
Göründüyü kimi, tək bu gün verilən sərəncamlar milyonlarla vətəndaşın gəlirlərini artıracaq, sosial vəziyyətini yaxşılaşdıracaq. Sosial proqramın bununla yekunlaşmayacağı və davam edəcəyi şübhəsizdir. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
2021-ci ildə Azərbaycanın iqtisadi və sosial göstəricilərdə dünya reytinqdə daha yuxarı yerlərdən birini tutacağına şübhə yoxdur.
Bu sərəncamlar daha bir həqiqəti ortaya qoyur. Azərbaycan öz ərazilərinin işğaldan azal edfilməsi üçün apardığı müharoibəyə və ondan sonrakı dövrdə həmin ərazilərin bərpasına külli miqdarda vəsait xərcləyib və ildən ilə bu xərclər artacaq. Bu fonda dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi bir daha Prezident İlham Əliyev üçün əsas prioritetin əhalinin sosial rifahı olduğu aydın şəkildə ortaya çıxır.
Elçin Bayramlı