MİA

  • 7 925

“Boyük Qayıdış” qarşısıalınmazdır - TƏHLİL

image

Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi, ardınca da həmin o işğaldan azad edilən ərazilərimizdə aparılan tikinti, quruculuq, bərpa işlərinin miqyasının günü-gündən artması Ermənistan tərəfinə ağır psixoloji travma yaşadır və onlar özləri ilə bizim aramızdakı kəskin fərqin şahidi olurlar. Şahidi olurlar ki, özlərinin dağıdıcı və vandal xarakteri ilə bizim qurucu, yaradıcı missiyamız arasında kəskin fərq var və ermənilər də, onların havadarları da bu həqiqət, bu fakt, bu fərq qarşısında acizdirlər. Bu fərqi təkcə ermənilər yox, elə bütün dünya da müşahidə edir və bu torpaqların həqiqətən də onlara aid olmadığının bir daha şahidi olur, bunu anlayır, hətta qəbul etməyə başlayırlar. Qəbul etməyə başlayırlar ki, işğaldan azad edilən bu torpaqlara həmin torpaqların sahibləri, azərbaycanlılar qayıdacaqlar və “Böyük Qayıdış” artıq qarşısıalınmazdır.

Ölkə rəhbərinin, Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatını daim diqqətdə saxlaması, mütəmadi səfərlər etməsi, 2022-ci ili də “Şuşa İli” elan etməsi bütün dünyaya açıq mesajdır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən mədəniyyət incimiz olan qədim Şuşa şəhərimizdə həyata keçirilən bərpa-yenidənqurma işləri kimin kim olduğunu bir daha ortaya qoyur və bütün dünya ictimaiyyəti bu torpaqların əzəli və əbədi sahiblərinə qayıtdığına növbəti dəfə əmin olurlar. Əmin olurlar ki, bu quruculuq işləri əbəs yerə deyil və bu torpaqlara “Böyük Qayıdış” ən tez zamanda reallaşdırılacaq. Başa düşürlər ki, 29 il ərzində həmin torpaqlara nəzarət etdikləri halda orada heç bir iş görməyənlər, əksinə orada dağıntılar edənlər, oranı viran qoyanlar, yəni ermənilər bu torpaqlara qayıtmayacaqlar və həmin torpaqlara qayıdan azərbaycanlılardır və bunu da hər kəs görür, xüsusən ermənilər, onların havadarları, tərəfdarları bunu kənardan, ağrı-acı ilə müşahidə etməli olurlar.

Azərbaycan xalqı, Azərbaycan dövləti işğaldan azad olunan torpaqlarda quruculuq işlərinə, bərpa işlərinə start verdi və ötən qısa müddət ərzində olduqca böyük işlər görüldü ki, bunun miqyasını yalnız İkinci Dünya müharibəsindən sonra aparılan total bərpa-quruculuq işləri ilə müqayisə etmək düzgün olardı. Bu işlər isə iki vacib məqamı ortaya qoyur. Əvvəla, bərpa-quruculuq işlərinin bu qədər geniş miqyasda aparılması bu torpaqların ermənilərə yox, bizə məxsus olduğunu şəksiz olaraq təsdiq edir. Digər tərəfdən də bərpa-quruculuq işlərinin bu qədər sürətlə və uğurlu şəkildə aparılması ondan xəbər verir ki, işğalın davam etdiyi ötən 30 il ərzində Azərbaycan təkcə işğala son qoymaq üçün çalışmayıb, eyni zamanda işğaldan sonra şəhər və kəndlərimizin bərpası üçün məqsədyönlü şəkildə çalışıb, hətta buna əsaslı şəkildə hazırlaşıb da. Bu isə onu göstərir ki, Azərbaycan xalqı artıq həmin torpaqlara qayıtmaq üçün illərlə hazırlaşıb və “Böyük Qayıdış” illərin hazırlığının məntiqi nəticəsidir. Bu reallığı da təbii ki, bütün dünya ictimaiyyəti,dünya ölkələri, hətta beynəlxalq təşkilatlar belə yaxşıca başa düşürlər. Hətta ATƏT-in Minsk Qrupunun timsalında ermənilərin maraqlarına xidmət edən təşkilatlar belə bu həqiqətlə barışmaq məcburiyyətində qalıblar.

Sözsüz ki, Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Qələbədən sonra yeni dövr başlayıb və Azərbaycan yeni reallıqlar yaradıb ki, bunu duymamaq, bununla hesablaşmamaq mümkün deyil. Biz bu hesablaşmanın, Azərbaycanın beynəlxalq miqyasda keçirilən görüşlərdə, müxtəlif beynəlxalq platformalarda da şahidi oluruq. Şahidi oluruq ki, Azərbaycanın qalib tərəf olması ilə yanaşı, işğaldan azad olunan torpaqların sahibi olması faktı da qəbul olunur. O da qəbul olunur ki, işğaldan azad edilmiş torpaqların bərpası, inkişafı və hətta “Böyük Qayıdış” ilə bağlı Azərbaycanın strategiyası çoxdan hazırdır. Bir sözlə, Azərbaycanın “Böyük Qayıdış” planına, bunun artıq reallaşmaq üzrə olduğuna zərrə qədər şübhəsi olan yoxdur.

Ölkəmizin iqtisadi potensialı, illər boyu reallaşdırılan möhtəşəm beynəlxalq layihələr bu gün Azərbaycanı söz sahibinə çevirməklə yanaşı, həm də qarşıda duran planların gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb. Məhz bu baxımdan qeyd olunur ki, Azərbaycan torpaqlarının işğalda saxlanıldığı dövr ərzində həm də “Böyük Qayıdış” üçün də hazırlıq görüb və bunun üçün potensialı da var. Məhz bu potensial işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, nətivədə “Böyük Qayıdış” planının uğurla icra edilməsi üçün geniş imkanlar açır. Ölkəmizin iqtisadi potensialı, gücü, Azərbaycanın güclü dövlət olması keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıtması zamanı üzləşiləcək bütün problemlərin həlli üçün etibarlı zəmin yaradır. “Ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı ev” strategiyalarının tətbiqi Qarabağa və Şərqi Zəngəzura qayıdacaq soydaşlarımız üçün yeni imkanlar deməkdir ki, bu fakt özü də qayıdış üçün zəruri şərtlərdəndir və qayıdışı sürətləndirir.

Təbii ki, işğaldan azad olunan ərazilərdə infrastruktur layihələrinə, yolların tikintisinə başlanılması, dəmir yolu və avtomobil magistrallarının salınması prosesi daha da sürətləndirir və bunlar heç də təsadüfi deyil, əksinə, əvvəlcədən düşünülmüş, planlaşdırılmış işlərdir. Heç şübhəsiz ki, işğaldan azad edilən ərazilərin ermənilər tərəfindən minalanması və minatəmizləmə işləri prosesi əngəlləməyə hesablanan erməni planının tərkib hissəsidir və bu fakt özü də bəzi məqamlara, reallıqlara aydınlıq gətirir. Əvvəla, bu fakt onu təsdiq edir ki, ermənilər özləri də əvvəlcədən bilirlərmiş, inanırlarmış ki, Azərbaycan xalqı işğalla barışmayacaq və öz torpaqlarını işğaldan azad edib həmin torpaqlara qayıdacaq və bunun üçün də minaların basdırılması kimi maneələr yaratmağı əvvəlcədən düşünüblər. Digər tərəfdən də minaların basdırılması, xəritələrin də qeyri-dəqiq və saxta olanlarının təhvil verilməsi onu göstərir ki, ermənilər bizim qayıdışımızı nisbətən uzatmağa çalışırlar və bu özü də onu göstərir ki, erməni cəmiyyəti bu qayıdışın artıq reallaşmaqda olduğunu çətin də olsa qəbul etməkdədir. Ərazilərimizin minalardan sürətlə təmizlənməsi, yeni layihələrin reallaşdırılması, bərpa-quruculuq işləri, üstəlik cari ilin “Şuşa İli” elan olunması isə qarşı tərəfə daha bir mesajdır və bu mesaj ondan ibarətdir ki, “Boyük Qayıdış” qarşısıalınmazdır.

İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Digər xəbərlər