Siyasət

  • 2 455

Pençe-Kilit-2022: Türkiyənin antiterror strategiyası davam edir ANALİTİK

image

Ardıcıl və uğurlu hərbi əməliyyatlar regionun təhlükəsizliyində böyük rol oynamaqdadır

Ötən ayın sonlarında Türkiyə Prezidenti Administrasiyası məlumat yaydı ki, həyata keçirilən Pençe-Kilit-2022 antiterror straretiyasının növbəti mərhələsi yerüstü hərbi əməliyyatlar şəraitində qərarlaşdırılıb. Qeyd olunub ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı altında keçirilən iclasda Türkiyənin Suriyanın şimalı və İraqda terrorçulara qarşı keçirdiyi Pençe Kilit hava əməliyyatının gedişatı və yerüstü əməliyyatın keçirilməsinə dair planlar müzakirə olunub.Yaxın tarixə müraciət etsək görərik ki, Türkiyənin Şimali İraq daxilindəki PKK terrorçularına qarşı antiterror əməliyyatları 1990-cı illərdən bəri davam edir və bu əməliyyatlar ilbəil təkmilləşdirilməkdədir. Daha dəqiq desək, bu kimi məsələlərdə Türkiyənin yalnız regional deyil, həm də beynəlxalq müstəvidəki rolu get-gedə artır və bunun müqabilində hərbi potensialı da tərəqqi edir.
Türkiyə öz sərhədlərini terror təhlükəsindən müdafiə etməsi ilə yanaşı, həm də regional təhlükəsizliyin təmin edilməsində önəmli aktorlardan birinə çevrildiyini sübuta yetirib
Məhz hərbi potensialın, yeni silahların və s. hərbi sənaye məhsullarının Türkiyənin daxili gücü hesabına yenilənməsi isə silahlı qüvvələrinin daha genişmiqyaslı hərbi əməliyyatlar keçirməsinə münbit şərait yaradır. Daha dəqiq desək, Türkiyə öz sərhədlərini terror təhlükəsindən müdafiə etməsi ilə yanaşı, həm də regional təhlükəsizliyin təmin edilməsində önəmli aktorlardan birinə çevrildiyini sübuta yetirib.Eyni zamanda, Türkiyənin qurduğu siyasi münasibətlər strategiyası da öz uğurlu nəticələrini verməkdədir. Misal üçün, Ankara Kürdüstan Regional Hökuməti (KRG) ilə münasibətlərini saxlayaraq siyasi koordinasiya xarakterli planlarını icra edir və ən əsası, PKK-ya qarşı mübarizədə kifayət qədər münbit imkanlar əldə edir. Əbəs deyil ki, Ankara PKK-ya qarşı əməliyyatlarının əksəriyyətini məhz Türkiyə torpaqlarından kənarda – Suriyada və İraqda reallaşdırır və beləliklə, Suriyadakı analoji əməliyyatlarla birlikdə əldə edilən irəliləmə mühiti növbəti mərhələlərə yollar açır.
Pençe əməliyyatları seriyasında hansı uğurlara imza atılıb?
Bu xüsusda biz Türkiyənin daha əvvəlki antiterror əməliyyatlarının gedişatını da xatırlaya bilərik. Məsələn, Ankaranın İraqdakı daha əvvəlki əməliyyatları, eləcə də Polat (1995), Çekiç, Şafak (1997), Güneş (2008) və daha kiçik, adı açıqlanmayan əməliyyatlar əsasən kəşfiyyata əsaslanan, sonradan isə böyük, lakin qısamüddətli yerüstü hücumlarla nəticələnən, habelə havadan dəstək xarakterli uğurlarla müşahidə olunub. Məhz bu kimi əməliyyatlar PKK terror təşkilatının Türkiyəyə hücumlarını müvəqqəti dayandırdı, amma tam kəsmədi. Daha dəqiq desək, İraq ərazisində bazalaşan PKK Suriya qolu ilə paralel şəkildə yeni terror hücumları ətrafında planlar qurdular. Buna isə növbəti səbəblər şərait yaratdı.
PKK-nın İraq-Türkiyə sərhədi boyunca nəzarət və fəaliyyəti artdı və bu, Ankaranı əməliyyat yanaşmasını və Yaxın Şərq Siyasətini yenidən nəzərdən keçirməyə vadar etdi
Belə ki, ABŞ-ın İraqa Azadlıq Əməliyyatı (2003) və yenə də İraqda İŞİD ilə mübarizə kampaniyasından (2014-cü ildən sonra) sonra PKK-nın İraq-Türkiyə sərhədi boyunca nəzarət və fəaliyyəti artdı və bu, Ankaranı əməliyyat yanaşmasını və Yaxın Şərq Siyasətini yenidən nəzərdən keçirməyə vadar etdi. Çünki regional geosiyasətin dəyişdirilməsinə, yeni yanaşma tərzinin formalaşdırılmasına da get-gedə zərurətlər yaranırdı.Hərbi ekspertlərin fikirlərinə görə, yeni yanaşma sabit və müvəqqəti yerləri davamlı müşahidə etmək məqsədi ilə PUA zərbələrinin endirilməsi imkanlarını birləşdirdi. Məsələn, təxminən 5000-10000 türk əsgəri təxminən otuz müxtəlif bölgəyə səpələndi. Bu, eyni zamanda PKK-nın Türkiyəyə qarşı hücumlarını əngəllədi, eləcə də İraqın Qəndil dağındakı PKK qərargahları ilə Suriyanın şimal-şərqindəki bazaları arasında gediş-gəlişə demək olar ki, keçilməz baryerlər qoydu. Məhz bunun nəticəsi olaraq Türkiyə Silahlı Qüvvələrinin (TSQ) PKK obyektlərinə, kiçik birliklərə və eləcə də ayrı-ayrı liderlərinə, səhra komandirlərinə ölümcül zərbələr endirməklə məhv edilmələrinə effekt vermiş oldu. Bu xüsusda Pençe adlı antiterror hərbi əməliyyatları öz ardıcıllığı ilə də seçilir:
2019-cu ilin yayında: Pençe 2 və Pençe 3 Sinat-Haftanin də daxil olmaqla İraqın dərinliklərini hədəf aldı, xeyli terrorçu məhv edildi, bazaları dağıdıldı.2020-ci ilin yayında: Pençe Kartal (hava hücumları) və Pençe Kaplan (quru qoşunları) dağlıq massivlərdə PKK-ya məxsus koordinasiya mərkəzləri canlı qüvvəsi ilə havaya uçuruldu, nüfuzlu səhra komandirləri öldürüldü.2021-ci ilin fevralında: Pençe Kartal 2 hava hücumları və Qara silsiləsində girovların xilas edilməsi əməliyyatı uğurla reallaşdırıldı.2021-ci ilin yayında Pençe Yıldırım (Metina bölgəsi) və Pençe Şimşek (Avaşin-Basyan bölgəsi) hücumların təşkili, logistika, nəqliyyat və təlim üçün istifadə edilən PKK mağara komplekslərinə qarşı təmizləmə əməliyyatları həyata keçirildi, xeyli sayda terrorçu məhv edildi və canlı olaraq ələ keçirildi.Beləliklə, Pençe antiterror əməliyyatları seriyası PKK-nın manevr azadlığını məhdudlaşdırmağa, Türkiyə ərazisini PKK-ya sızma və hücumlardan qoruyan bufer zonanın yaradılmasına, PKK-nın Türkiyə qüvvələrinə və ərazisinə qarşı hücumlar təşkil etmək məqsədilə İraq ərazisindən istifadəsinə qarşı sərt tədbirlər görülməsi üçün Ərbil və Bağdada təzyiq göstərməyə nail oldu. Bundan əlavə, Pençe əməliyyatları PKK üçün əvvəllər təhlükəsiz sığınacaq hesab edilən əraziləri üzə çıxardı, terror şəbəkəsinin gizli planlarını alt-üst etdi. Təxmini hesablamalara görə, bu kimi əməliyyatlarda 2 mindən çox PKK-lı terrorçu məhv edildi.
Pençe-Kilit əməliyyatı hansı üstünlükləri əldə etdi?
Pençe-Kilit əməliyyatı isə cari ilin aprel ayının 18-də start götürdü. Hücumun əsas hədəfi PKK-nın İraqdakı əməliyyat mərkəzi, Metina mağara kompleksləri və zirzəmilərdən ibarət idi. Bu əməliyyatda komando və Xüsusi Təyinatlıların desantları özəl fəaliyyətləri ilə seçildilər. Gücləndirilmiş hava hücumları və artilleriya zərbələrinin ardınca mağara və bunkerlərdə təmizləmə əməliyyatları keçirildi. İyulun sonuna qədər Türkiyə Müdafiə Nazirliyi PKK-nın 289 silahlısının zərərsizləşdirildiyini, hebalə 330 mağara və bunkerin məhv edildiyini bəyan etdi.
MİT-in icra etdiyi əməliyyatları
Qeyd edək ki, hərbi əməliyyatla yanaşı, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) da öz fəaliyyəti ilə kifayət qədər uğurlara imza atdı. MİT PKK-nın liderlərinə qarşı uzaqdan izləmə və hava hücumları həyata keçirib, onların mühüm hissəsini məhv edib. İyulun sonuna qədər MİT Suriya və İraqda fəaliyyət göstərən 25 hədəfi sıradan çıxararaq ən azı 22 zərbə endirib.Onu da bildirək ki, MİT bu əməliyyatları Türkiyə torpaqlarında mülki vətəndaşlara, polisə, jandarma qüvvələrinə qarşı törədilən terror hücumlarında əli qana bulaşmış terrorçuları müəyyən edərək, yəni individual xarakterdə məhv edir. MİT-ə dəstək olaraq isə özəl polis qüvvələri, xüsusən də jandarmalar əməliyyatları tamamlayan fəaliyyətlərini icra edirlər. Buna misal olaraq bu yaxınlarda Diyarbakır yaxınlığında PKK-nın qalıq elementlərini təmizləmək məqsədi daşıyan Eren Abluka 28 əməliyyatını da göstərmək mümkündür.Bütün bunlar isə daha bir amili önə çıxarır ki, Ankaranın Pençe kampaniyasındakı strategiyası PKK-nı sahədə ciddi təzyiqə məruz qoyur. Habelə antiterror əməliyyatları regionun, eləcə də regiondan kənar ölkələrin də təhlükəsizliyinin təminatında böyük rol oynamaqdadır. Bu isə həm də o anlamı daşıyır ki, Ankara qarşısına qoyduğu bütün məqsədlərinə nail olmaq əzmindədir və belə bir gücün mövcudluğu yaxın gələcəkdə regiondakı sabitliyin əldə olunması üçün vacib məsələlərdən biri kimi qeyd edilməlidir.

Rövşən RƏSULOV

Digər xəbərlər