Siyasət

  • 1 717

Azərbaycan yeni mərhələyə qədəm qoyur

image

Prezident İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Dünyanın bir çox ölkələri ilə yanaşı Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn xətlə inkişafdadır. Bu gün Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrini dərinləşdirməkdə və inkişaf etdirməkdə maraqlı olan ölkələrdən biri də Rumıniyadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Münasibətlərin tarixi ötən əsrləri əhatə edir və bu münasibətlərin əsası mənbələrdə qeyd olunduğu kimi, hələ XV əsrdə qoyulub. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətlərarası ikitərəfli münasibətlərin coğrafiyası genişlənmiş və Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrn 11-də tanımışdır. Qarşılıqlı əlaqələrin təzahürü olaraq 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır. Bu gün isə ölkələrimiz arasında münasibətlər daha da yüksələn xətlə inkişaf edir və yeni mərhələyə qədəm qoyur. Bu baxımdan Rumıniya prezidenti Klaus Yohannisin Azərbaycana cari ilin 2 fevral tarixində səfəri bu əlaqələrin yüksələn xətlə inkişafına, dostluq münasibətlərinə söykəndiyinin təzahürüdür. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü dinamikası baş verdi və cənab Prezidentin Buxarestə səfəri zamanı dekabrn 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökümətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalayıblar. Bu Sazişin imzalanması ölkələrimiz arasında bir sıra mühüm sahələrdə uzun müddətli əməkdaşlıq üçün təməl yaradır.

Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq əlaqələri qarşılıqlı maraqlar əsasında qurulub. Dövlət başçımızın cari ilin 2 fevral tarixində mətbuata verdiyi bəyanatında da qeyd olunduğu kimi, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Və bir məqamı qeyd edək ki, indiyədək ölkələrimiz arasında Strateji Tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu tərəfdaşlıq sadəcə imzalanmış sənədlərlə deyil, eyni zamanda dövlətlərarası siyasi əlaqələrin çox yüksək səviyyədə olmasından xəbər verir. Əldə olunan razılaşmalara əsasən iki ölkə arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Təbii ki, bu gün məhz energetika sahəsində əməkdaşlıq daha aktualdır. Həm də bu aktuallıq təkcə Azərbaycan – Rumıniya münasibətlərində deyil, eyni zamanda bütün dünya ölkələrinin gündəliyində özünü göstərir. Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş ölkələrimiz arasında əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Belə ki, Rumıniya Azərbaycan qazını yalnız istehlak etməyəcək və bu ölkənin imkanlarından istifadə olunaraq bir çox Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcəkdir. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq Azərbaycanın etibarlı enerji tərəfdaşı imici bundan sonra daha da möhkəmlənəcəkdir.
Artıq bütün Avropa ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. İki il bundan öncə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin uğurla icra edilməsi ilə Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə başlanıldı. Bu gün Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Bununla paralel olaraq Azərbaycan hazırda yaşıl enerji istehsalı sahəsində çox önəmli addımlar atır. Ölkəmizin böyük yaşıl enerji ehtiyatı Azərbaycanın Avropa üçün önəmini daha da artırır. Bu çox strateji və böyük sərmayə tələb edən bir layihə olmaqla yanaşı, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən əsaslı bir təşəbbüsdür.
Bütün bunlarla yanaşı, Azərbaycan – Rumıniya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar mövcuddur. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də əməkdaşlığın prioritet istiqamətlərindən olan nəqliyyat sahəsindəki münasibətlər dövlətlərarası münasibətlər üçün geniş imkanlar açacaqdır.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər