Siyasət

  • 4 349

28 MAY – QÜRUR GÜNÜMÜZ ŞƏRH

image

Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ili tamam olur. Ötən illərdən fərqli olaraq ikinci ildir ki, 28 May - Azərbaycanın müstəqilliyi gününü ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış və xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

105 il öncə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət quruluşu olub və xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Cümhuriyyətin yaradılmasında və fəaliyyət göstərməsində Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məhəmmədəmin Rəsulzadənin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bununla da xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirilib. Əldə olunmuş müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, yaşadığı qısa müddət ərzində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, dövlət institutlarının təsis olunması, qadınlara səsvermə hüququnun bəxş edilməsi, tolerantlıq ənənələrinin əsasının qoyulması kimi tarixi nailiyyətlərə imza atıb. Həmçinin, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb və xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Beləliklə, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti qurulub və sürətli inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin yubileyi təntənəli şəkildə qeyd edilir.

Bu gün isə, xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il daha fərqli şəkildə qeyd edir. Qalib Liderimiz, Prezident İlham Əliyevine «Dəmir yumruq» siyasəti ilə 30 illik həsrətə cəmi 44 gün ərzində Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cumhuriyyət dövründə də torpaqlarımıza iddia edən erməni millətçiləri artıq layiqli cavablarını alıblar və Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Bəli, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün Qarabağda üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən böyük hədiyyədir! Və bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, hərbçilərimizin qəhrəmanlığı sayəsində artıq iki ildir Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bu, böyük xoşbəxtlikdir.

SƏBİNƏ SƏLİMOVA,

YAP Masallı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər