Siyasət

  • 18 400

Mixail Qusman: İlham Əliyevin Şuşa forumundakı çıxışı dünya mediasının gündəmində oldu - MÜSAHİBƏ

image

Şuşada “4-cü sənaye inqilabı dövründə yeni media” mövzusunda keçirilən qlobal media forumu öz işini başa çatdırıb. Dünyanın hər yerindən bu müzakirə platformasına gələn media nümayəndələri üçün isə genişmiqyaslı forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə forum iştirakçıları arasında geniş və səmimi söhbətlə başlaması çox vacib idi. Bu barədə TASS İnformasiya Agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman “Moskva-Baku” portalına müsahibəsində mediaforumun yekunlarını analiz edərkən deyib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Mixail Solomonoviç, son forum, xüsusən də, Azərbaycan Prezidentinin media nümayəndələri ilə dialoqu barədə təəssüratlarınız necədir?

- Bu, 50-yə yaxın ölkədən görkəmli və tanınmış jurnalistləri Şuşada birləşdirən böyük forumdur ki, bu da özlüyündə media məkanında nəzərə çarpan və əlamətdar hadisədir. Bu forum müxtəlif medianı təmsil edən peşəkarları bir araya gətirdi. Bundan əlavə, Şuşaya forum üçün politoloqlar, media idarəçiliyi ilə məşğul olan şəxslər gəlib. Beləliklə, forumun tərkibi çox zəngin idi. Və çox vacibdir ki, bir neçə maraqlı, dərin panel müzakirələrini özündə cəmləşdirən forumun işi böyük və səmimi söhbətlə başladı, mən tam olaraq bunu deyərdim - Azərbaycan Prezidenti İlham Əliyevlə forum iştirakçıları arasında söhbət. . Əvvəldən o, uzun açılış nitqindən qaçmaq və həmkarlarımın verəcəyi suallara daha çox vaxt ayırmaq istədiyini söylədi.

Həqiqətən də, demək olar ki, üç saatlıq görüşdə prezident beynəlxalq həyatın müxtəlif aspektlərinə aid onlarla suala cavab verə bildi: Azərbaycana aid olan məsələlər; Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı məsələləri; Qarabağ nizamlanması məsələləri; Qoşulmama Hərəkatının inkişafına diqqət tələb edən məsələlər və sairə. Deməliyəm ki, İlham Heydəroviç Əliyevin cavabları diqqətli, dəqiq və bütün iştirakçılar üçün son dərəcə maraqlı idi. Təsadüfi deyil ki, yüzlərlə dünya mediası Azərbaycan prezidentinin cavablarından sitat gətirib. Və bu görüş bütün forumun tonunu təyin etdi. Bu, forumun sonrakı günlərində məhsuldar və dərin söhbət üçün çox mühüm təkan oldu.

- Şuşada keçirilən media forumunda siz Azərbaycan Prezidenti ilə söhbət edərkən Qoşulmama Hərəkatının İnformasiya Agentlikləri Təşkilatının yaradılmasını təklif etdiniz. Niyə belə bir fikir yarandı və prezident bu təklifə necə reaksiya verdi?

- Mən həqiqətən də cənab Prezidentə Qoşulmama Hərəkatının inkişaf etdirilməsi ideyasını- o cümlədən media sahəsində- təklif etdim. Çünki bir neçə il Qoşulmama Hərəkatına rəhbərlik edən Azərbaycanın təşəbbüsü ilə, Qoşulmama Hərəkatına rəhbərlik etmiş Prezident Əliyevin şəxsi təşəbbüsü ilə indiyə qədər mövcud olmayan bir neçə müxtəlif formatlar artıq baş verib. Bu, Qoşulmama Hərəkatının parlament formatıdır, qadınlar forumudur, gənclər forumudur. Və hamısı böyük rezonans doğurdu. Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı yeni, çox güclü və böyük nüfuz qazandı. Və mənə elə gəldi ki, bu Hərəkatı media əməkdaşlığı formatı ilə doldursaq, bu Hərəkat üçün çox faydalı ola bilər. Mən Qoşulmama Hərəkatı ölkələrinin media məkanının aparıcı mütəxəssislərinin dəvəti ilə Qoşulmama Hərəkatı ölkələrinin informasiya agentlikləri rəhbərlərinin 1-ci qurultayının keçirilməsini təklif etdim. Və mənə elə gəldi ki, Azərbaycan Prezidenti bu Hərəkatın hazırkı lideri kimi mənim təklifimi dəstəklədi.

- Prezident sizə bu ideyanın həyata keçirilməsində iştirak etməyi təklif edibmi?

- Bəli. Qoşulmama Hərəkatında Rusiya müşahidəçi funksiyasını yerinə yetirir. Ona görə də biz böyük məmnuniyyətlə əlimizdə olan bütün imkanları bölüşəcəyik və bu forumun təşkilatçılarına kömək edəcəyik.

- Siz Rusiyada və Azərbaycanda baş verən hadisələrə müxtəlif qiymətlər verildiyi, müxtəlif təhlillər aparıldığı, müxtəlif fikirlərin səsləndirildiyi bugünkü çətin şəraitdə Moskva Bəyannaməsinin icrasının səmərəliliyi barədə də Azərbaycan Prezidentinə sual verdiniz. Prezidentin cavabı sizi qane etdimi?

- Mənə elə gəldi ki, prezident Moskva memorandumunda nəzərdə tutulan müddəaların işlənib hazırlanmasını və müddəaların həyata keçirilməsini çox nikbin və yüksək müsbət notda görür. O, birmənalı və birbaşa bildirib ki, dünyada heç bir təlatümlü proseslər Rusiya-Azərbaycan münasibətlərinin ardıcıl və sistemli inkişafına mane olmayacaq. Mən yalnız Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin sözlərinə qoşula bilərəm ki, onlar da Moskva bəyannaməsinin işlənib hazırlanmasını yüksək qiymətləndirir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər