Siyasət

  • 556

Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir ŞƏRH

image

Azərbaycanın xarici siyasətində müsəlman ölkələri, eyni zamanda ərəb dövlətləri ilə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi hər zaman mühüm istiqamətlərdən olub. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri həm ikitərəfli, həm də beynəlxalq əlaqələrin genişlənməsində sözsüz ki, olduqca mühüm rol oynayır. O cümlədən ölkəmizin Misir Ərəb Respublikası ilə münasibətləri bu gün yüksək səviyyədə inkişaf edir. İyun ayının 7-də cənab Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri də Azərbaycan-Misir əlaqələrinin daha da genişlənməsinə böyük töhfə verəcək.

Azərbaycan və Misir müxtəlif beynəlxalq təşkilatlar, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərir. Prezident İlham Əliyevin Qahirədə vurğuladığı kimi “bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür.” Azərbaycan və Misir yuxarıda qeyd olunan təşkilatlarda fəal iştirakı ilə beynəlxalq hüququn inkişafına mühüm töhfələr verir. Belə sıx əməkdaşlıq eyni zamanda hər iki ölkəyə daha ədalətli və davamlı dünya nizamının formalaşmasına fəal təsir göstərməyə imkan verir.
Prezident İlham Əliyevin cari səfəri zamanı iki ölkə arasında energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olundu. Qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə töhfə verə biləcək konkret layihələr və təşəbbüslərin həyata keçirilməsi üçün bir sıra mühüm addımlar barədə razılıq əldə olundu.
Xüsusi qeyd olunmalı məqam isə Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi mövzusunda cənab prezident bir daha dövlətimizin və şəxsən özünün prinsipial mövqeyini nümayiş etdirərək bildirdi ki, müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.
Həmçinin prezidentlərin görüşü zamanı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olundu.
Beləliklə prezident İlham Əliyevin Misirə rəsmi səfəri ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyən və əməkdaşlıq üçün yeni üfüqlər açan mühüm hadisələrlə yadda qaldı. Bu səfər mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün zəmin yaratdı. Əminliklə qeyd etmək olar ki, Azərbaycan və Misir ümumi məqsədlərə nail olmaq və xalqlarımız arasında dostluğu möhkəmləndirmək üçün bundan sonra da birgə fəaliyyət göstərəcəklər.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Digər xəbərlər