Siyasət

  • 923

Həmrəyliyimiz dünyaya nümunədir

image

Özünün ən yüksək dövrünü yaşayan müstəqil Azərbaycanın Pakistan İslam Respublikası ilə əlaqələrinin dərin tarixi kökləri var. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Xoş gündə də, çətin gündə də bir-birinə dəstək olan Pakistan və Azərbaycan xalqlarının dostluğu, hər iki qardaş ölkənin hərbi və siyasi sahələrdə sıx əməkdaşlığı, həmrəyliyi dünyaya nümunədir.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə görə Pakistanla diplomatik münasibətlər qurmaması əsl qardaşlıq nümunəsidir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dönəmdə də Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən olan Pakistan İslam Respublikası dost və qardaş Türkiyədən sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub.
Bu gün də Pakistanla Azərbaycan arasında iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Uğurlu keçən səfər çərçivəsində ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr, Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatlarla çıxışları iki qardaş ölkənin birlryinin, həmrəyliyinin növbəti dəfə nümayişi oldu.
Mətbuata verilən Bəyanatında Prezident İlham Əliyevin "Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik", Məhəmməd Şahbaz Şərifin "Pakistan həmişə sizin Qarabağla bağlı mövqeyinizi dəstəkləmişdir və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib" fikirləri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsində olduğunu təsdiq edir.
Pakistanın ağrılı Kəşmir münaqişəsinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.
Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini bildirməsi dövlətlərarası ikitərəfli münasibətlərin dərinləşməsinin bariz nümunəsidir. Beynəlxalq aləmdə sözü ilə imzası bir olan Azərbaycanın beynəlxalq təşkilatlarda Pakistanı dəstəkləməsi iki qardaş xalqları daha da yaxınlaşdırıb. Eyni zamanda, Azərbaycanla Pakistan arasında müdafiə sənayesi, təhsil, enerji sektoru, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsi xalqlarımızın daha da yaxınlaşmasına, güclü tarixi bağlarının gücləndirilməsinə gətirib çıxaracaq, regionda sülh və sabitliyin bərqərar olmasına böyük töhfə olacaq.
İki qardaş ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsinə şərait yaradıb. Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına son səfəri, səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanması iki ölkənin sarsılmaz dostluğundan və qardaşlığından xəbər verir.

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər