Siyasət

  • 863

Əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl

image

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı iqtisadi əməkdaşlıqdır. Təsadüfi deyil ki, son illər ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bunun nəticəsidir ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanın bu bölgənin ölkələri ilə ticarət dövriyyəsinin həcmində artım müşahidə olunub. Bundan əlavə, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. İlk dövlət səfərini Azərbaycana edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini bildirmişdir. Eyni zamanda, Qırğız Respublikas Prezidentinin Qarabağa səfəri çərçivəsində onun təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb də bu ölkə ilə dostluq və qardaşlığın bariz nümunəsidir.2024-cü il martın 12-də isə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı qeyd edib: “Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”.

Eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA qeyd olunmalıdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri iştirak ediblər.
Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq regional və qlobal gücünü möhkəmləndirir, nəqliyyat və tranzit qovşağı kimi bölgədə əsas söz sahibinə çevrilir. Nəqliyyat sahəsində həyata keçirilən nəhəng layihələr, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması «Orta Dəhliz»in əhəmiyyətini bir daha vurğulayır.

Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri

Digər xəbərlər