Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev dühası gənclərin inkişaf yoluna daim işıq saçır” mövzusunda tədbir keçirilib.
Yevlax rayonu üzrə Gənclər və İdman sektoru sahəsində çalışan əməkdaşlar, rayon ictimaiyyətinin nümayəndələri və gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, tarixə qısa nəzər yetirdikdə bir reallıq öz təsdiqini tapır, əgər Dahi Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra, daha dəqiq desək, 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu: “Belə ki, dövlət gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu Forum Ulu Öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Dahi Lider Heydər Əliyevin Sərəncamı əsasında həmin Forumun keçirildiyi tarix - yəni, 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə Azərbaycan gənclərinin növbəti forumlarının keçirilməsi bu sahədə əsas fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı. Gənclər siyasəti zamanın çağırışlarına uyğun olaraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə çoxsaylı islahatlar həyata keçirib”.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova çıxışında diqqətə çatdırıb ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. Ümummilli Lider vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.
E.Əzizova qeyd edib ki, Dahi Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Bildirilib ki, mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov bildirib ki, Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında onların daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir: “Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ümummilli Lider Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Hazırda Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin müdrik siyasəti uğurla davam etdirilir. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi haqqında imzalanan Sərəncam gənclərin həyatında mühüm rol oynadı”.
Azad Gözəlov vurğulayıb ki, 4 illliyini təntənə ilə qeyd etdiyimiz 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında torpaqlarımızın azadlığı uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.
Daha sonra tədbirdə çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov, Yevlax Uşaq Gənclər və İdman Məktəbinin makinaçısı Nərminə Məmmədova vurğulayıblar ki, əldə etdiyimiz şanlı zəfərlərlə ölkəmizin ərazi bütövlüyü bərqərar olundu, xalqımız tarixi torpaqlarına qovuşdu. Qeyd olunub ki, əsasən müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənc nəsil bu tarixi Qələbəni xalqımıza bəxş etdi. Azərbaycan gəncləri hər zaman Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəkdə də böyük nailiyyətləri əldə etməyə hər an hazırdır.
Tədbir çərçivəsində YAP Yevlax rayon təşkilatı tərəfindən gənclərlə iş sahəsindəki fəaliyyətinə və idmanın inkişafındakı xidmətlərinə görə təltif olunan bir qrup şəxsə Fəxri fərmanlar təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.