“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gəncliyin gücü Heydər Əliyev irsində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolunu və müdrik siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında həm qurucu dövlət xadimi, həm də milli xilaskar kimi yaşadığını deyiblər. Qeyd olunub ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.
Vurğulanıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan və tariximizə qızıl hərflərlə yazılan şanlı qələbəmiz məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin möhkəmləndirdiyi gənclər siyasətinin məntiqi nəticəsi idi.
Gənc partiya fəalları Günel Xəlilova, Aysel Hüseynova və Aytac Quluzadə Ümummilli Liderin təkcə dövlətin müstəqilliyini qorumaqla və möhkəmləndirməklə kifayətlənmədiyini, eyni zamanda gələcək nəsillərin inkişafı üçün də uzaqgörən siyasət həyata keçirdiyini diqqətə çatdırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.