PDF Oxu

Siyasət

  • 1 190

Azərbaycan-BƏƏ əlaqələri qardaşlıq, dostluq üzərində qurulub

image

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, mükafatın Birləşmiş Ərəb Əmirliklərində təqdimolunma mərasiminin keçirilməsi hazırda müzakirə olunan məsələlərdəndir. Bu mükafat öncə Azərbaycan-BƏƏ münasibətlərinin dünəninə, bu gününə, onların fonunda gələcəyinə bir baxış keçirməyi zərurətə çevirir. İki ölkənin liderlərinin qarşılıqlı səfərləri davamlılığı ilə diqqətdədir. Ötən ilin sentyabrında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın Azərbaycana rəsmi səfərinin özəlliyi onda oldu ki, qarşılanma mərasimi Füzuli Beynəlxalq Hava Limanında keçirildi. Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərinə, sənədlərin imzalanmasına Qarabağın tacı Şuşa şahidlik etdi. Azad Qarabağda görülən bərpa-quruculuq işləri ilə yaxından tanış olan BƏƏ Prezidenti bu addımı ilə bir daha tarixi Zəfərimizin yaratdığı reallıqlara dəstəyini ifadə etdi. Cənab İlham Əliyev həmin səfər zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşdə bildirmişdir ki, bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə çıxışında qeyd etmişdir ki, Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğulayırıq.

Dövlətimizin başçısı İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi özündə bütün bu məqamları ehtiva edir. Mükafat Azərbaycanın sülh siyasətinə böyük dəyəri özündə təcəssüm etdirir. Tarixi Zəfərimizdən sonra cənab İlham Əliyev regionda dayanıqlı inkişafın, təhlükəsiz gələcəyin qurulması üçün Ermənistana sülh təklifini etdi. Bu sülh təklifinin reallığa çevrilməsi istiqamətində Azərbaycanın atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman bütün məsələlərin ədalət və beynəlxalq hüquq prinsipləri əsasında həllinə səy göstərir. Qarabağ münaqişəsinin 30 il davam etməsi də ölkəmizin sülh danışıqlarına verdiyi önəmin göstəricisidir. Lakin Ermənistan 30 ildə aparılan danışıqlara yalnız danışıq xatirinə qatıldı. Hər vəchlə məsələnin həlli prosesinin uzanmasına çalışdı. Dünyanın ikili standartlara əsaslanan siyasətinin də problemin həlli prosesinin uzanmasında rolu aydındır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdır, lakin bəzi dünya gücləri işğalçını adı ilə çağırmaq istəmədi, Ermənistana sanksiyaların tətbiqi barədə düşünmədi. Maddi və mənəvi dəstəkləri ilə münaqişənin nizamlanması prosesinin uzanmasına səbəb oldular.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpa etdi, işğala son qoydu, növbəti mərhələdə isə regionun təhlükəsiz gələcəyi, dayanıqlı sülhün təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Azərbaycan sülh gündəliyinin müəllifi kimi nüfuz qazandı. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı bu təltifin mahiyyətini daha aydın ortaya qoydu. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan, iqtisadi və humanitar əməkdaşlığa başlanmasından bəhs edən Prezident İlham Əliyev bildirdi ki, biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk.
Beləliklə, qısa təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, sözügedən mükafat Azərbaycanın tarixi Zəfərimizdən sonrakı dövrdə apardığı sülh siyasətinə beynəlxalq baxışı və dəstəyi nümayiş etdirir.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Digər xəbərlər