Azərbaycan Respublikasının ictimai-siyasi və dövlətçilik tarixində 12 Noyabr – Konstitusiya Günü xüsusi hüquqi və strateji əhəmiyyətə malik mühüm tarixi mərhələdir. Müstəqil Azərbaycanın Əsas Qanununun qəbul edilməsi ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin möhkəm təməlini qoymuş, cəmiyyətin gələcək inkişafının əsas prinsiplərini müəyyənləşdirmişdir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən ilk milli Konstitusiya müstəqil Azərbaycan Respublikasının dövlətçilik salnaməsində yeni bir dövrün başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və sədrliyi ilə formalaşdırılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanan bu ali hüquqi sənəd təkcə cari dövrün tələblərinə cavab verməklə kifayətlənmədi, eyni zamanda gələcək onilliklər üçün strateji inkişaf modelini formalaşdırdı. Konstitusiya cəmiyyətdə insan hüquq və azadlıqlarının aliliyini, hüququn aliliyi prinsipini və hakimiyyət bölgüsünü – qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin müstəqilliyini dövlət siyasətinin ana xətti kimi təsbit etdi.
Tarixi təcrübə və beynəlxalq hüquq praktikası göstərir ki, dayanıqlı dövlət idarəçiliyi və sosial-iqtisadi tərəqqi yalnız sarsılmaz hüquqi təməllər üzərində mümkündür. 1995-ci ildən etibarən Azərbaycan Respublikasında həyata keçirilən irimiqyaslı institusional islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi və məhkəmə-hüquq sisteminin modernləşdirilməsi birbaşa Əsas Qanunun müəyyən etdiyi prinsiplərə əsaslanmışdır.
Zamanın çağırışlarına və dinamik inkişaf edən ictimai-siyasi münasibətlərə uyğun olaraq, Azərbaycan Konstitusiyası müxtəlif illərdə keçirilən ümumxalq referendumları vasitəsilə təkmilləşdirilmişdir. Keçirilən referendumlar nəticəsində Əsas Qanuna edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da gücləndirilməsinə, dövlət idarəçiliyində çevikliyin və səmərəliliyin artırılmasına, habelə beynəlxalq hüquq standartlarına tam inteqrasiyaya xidmət etmişdir.
Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni tarixi reallıqlar fonunda Konstitusiyanın hüquqi gücü və siyasi mahiyyəti daha yüksək səviyyədə təzahür edir. Bu gün Əsas Qanunun hüquqi qüvvəsi ölkənin hər bir guşəsində bərqərar olmuş, milli birliyin, suverenliyin və hüquqi qaydanın ən etibarlı zəmanətinə çevrilmişdir. Hər il böyük təntənə ilə qeyd edilən 12 Noyabr – Konstitusiya Günü təkcə tarixi hüquqi sənədin qəbul olunduğu gün deyil, eyni zamanda xalqın öz dövlətçilik ənənələrinə, demokratik dəyərlərə və konstitusiya quruluşuna sadiqliyinin bariz təcəssümüdür.
Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı