Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. SSRİ-nin süqutundan sonra ölkələr arasında münasibətlər müstəqil formada təşkilatlanmışdır. 1995-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulmuş və qısa zamanda hər iki ölkədə səfirliklər fəaliyyətə başlamışdır.Ölkələrimiz arasında isti münasibətlərin əsası keçən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin özbək xalqına olan rəğbəti və o zamankı Özbəkistan rəhbəri Rəşidovla arasında yaranmış dostluq ilə mütəşəkilləşmiş, bugünkü əlaqələrin inkişafının əsası olmuşdur.Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən etmişdir.
Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri yüksələn dinamika üzrə davam etdirilir.Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində açıqladığı fikirlər, ardınca qardaş ölkəyə rəsmi səfəri çərçivəsində imzalanan sənədlər münasibətlərin indiki yüksək səviyyədə olmasını və gələcək hədəflərini bir daha təsdiqlədi.Dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində son beş ildə iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin reallaşdırılmasına əhəmiyyətli töhfələr vermişdir. Azərbaycan–Özbəkistan münasibətləri son illərdə siyasi və iqtisadi əməkdaşlıqdan daha geniş məzmun alaraq, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat-tranzit-logistika tərəfdaşlığı istiqamətində inkişaf edir.Özbəkistan Qarabağ münaqişəsi dövründə Azərbaycanın mövqeyini hər zaman beynəlxalq təşkilatlarda müdafiə etmişdir.Hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. Azad olunmuş Qarabağ ərazisində-Füzuli rayonunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə qardaş ölkə büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa edilmişdir. Azərbaycan və Özbəkistan iqtisadi münasibətlərində sadə ticarət mübadiləsindən daha dərin mərhələyə — sənaye kooperasiyasına, birgə istehsala və qarşılıqlı investisiya qoyuluşlarına keçid baş verib.Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan və Mərkəzi Asiyanın strateji gücü olan Özbəkistan Avrasiyanın nəqliyyat-logistika xəritəsində əvəzedilməz mövqeyə malikdirlər. İki ölkə arasında enerji tərəfdaşlığı artıq neft-qaz sektoru ilə məhdudlaşmayacaq.Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"nin Xəzər dənizinin dibi, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli təmin olunacaq. Azərbaycan prezidentinin son səfəri zamanı ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyulub. Bu məqsədə nail olmaq üçün hər iki ölkənin potensialı yetərincədir.İstər sənaye, istərsə də kənd təsərrüfatı sahələrində böyük imkanlara malik olan dost ölkələr bu dövriyyəni artıra biləcəklər.Səfər çərçivəsində İki ölkə arasında strateji tərəfdaşlığı və siyasi əlaqələri möhkəmləndirən əsas siyasi sənəd-Əbədi dostluq haqqında Müqavilə imzalanmışdır ki,bu da iki ölkə arasında strateji tərəfdaşlığı,siyasi əlaqələri,əmtəə dövriyyəsinin artırılmasını,birgə investisiya layihələrini,iqtisadi əməkdaşlığı sürətləndirən və möhkəmləndirən əsas siyasi sənəddir.Prezident İlham Əliyevin Özbəkistan Respublikasına son səfəri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycan-Özbəkistan əlaqələrinin yeni dövrün reallıqlarına uyğun olaraq inkişaf etdiyini təsdiqləyir.
Elçin Salahov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi