PDF Oxu

Siyasət

  • 548

Yeni reallıqlara qarşı köhnə reaksiyalar - ŞƏRH

image

Bəzən bir səfər sadəcə səfər olmur. Bəzən bir səfər illərlə formalaşdırılmış təsəvvürlərin, siyasi iddiaların və köhnə stereotiplərin qarşısına çıxan ən təsirli reallığa çevrilir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də Qarabağ və Şərqi Zəngəzura səfəri də məhz belə hadisələrdən biri oldu.
58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin iştirakı ilə keçirilən bu səfər Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, sosial-iqtisadi inkişafın və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlərin yerində nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu, 2020-ci ildən sonra diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 22-ci səfəri idi.
Diplomatlar Xankəndi və Şuşada, Ağdərə və Kəlbəcərdə müxtəlif obyektlərlə tanış oldular. Onlar yeni infrastruktur layihələrini, bərpa olunan yaşayış məkanlarını, tarixi abidələri və regionun iqtisadi potensialını yerində gördülər. Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanışlıq və Bal Festivalında iştirak da səfərin proqramına daxil idi. Lakin diqqət çəkən məqam budur ki, Qarabağda gedən quruculuq prosesindən daha çox, bu səfərə Ermənistandan verilən reaksiyalar gündəmə gəldi. Ermənistanın media məkanında və müəyyən siyasi dairələrdə diplomatların səfərinə qarşı sərt münasibət və səfərdə iştirak edən diplomatik nümayəndələrə yönələn hücum xarakterli fikirlər səsləndirildi. “Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan qrupu belə ritorikanı pisləyərək diplomatların Azərbaycanın suveren ərazisinə səfərinin mübahisə mövzusu olmamalı olduğunu vurğuladı.
Əslində, bu reaksiyalar bir mühüm sual doğurur: Qarabağda baş verən hansı reallıq bəzi dairələri bu qədər narahat edir?
Bəlkə də cavab çox sadədir. Çünki bu gün Qarabağ artıq yalnız siyasi bəyanatlarda xatırlanan bir məkan deyil. Qarabağda yollar çəkilir, hava limanları və nəqliyyat infrastrukturu yaradılır, şəhərlər yenidən qurulur, məktəblər və sosial obyektlər istifadəyə verilir. İnsanlar doğma yurdlarına qayıdırlar. Xarici diplomatlar isə bütün bunları televizor ekranından deyil, öz gözləri ilə görürlər.Məhz bu mənzərə köhnə stereotiplərin təsir imkanlarını azaldır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yeni siyasi reallıq yaranıb. Bu reallıq artıq təkcə Azərbaycanın bəyanatlarından ibarət deyil. Xarici diplomatların mütəmadi səfərləri həmin ərazilərdə baş verən dəyişiklikləri beynəlxalq nümayəndələrin birbaşa müşahidə etməsinə imkan yaradır. Səfərlərin mütəmadi xarakter alması da bunu göstərir.
Buna görə də revanşist ritorikanın hədəfinə diplomatların çevrilməsi xüsusilə düşündürücüdür. Çünki diplomatın vəzifəsi gördüyü reallığı müşahidə etmək, məlumat toplamaq və öz dövlətini məlumatlandırmaqdır. Xarici diplomatın Azərbaycanın suveren ərazisində səfər etməsi nə təxribatdır, nə də kiməsə qarşı yönəlmiş addım. Əksinə, bu, mövcud vəziyyətlə yerində tanış olmaq üçün normal diplomatik fəaliyyətdir.
Qərbi Azərbaycan İcması da sentyabrın 15-də yaydığı bəyanatda Ermənistanın səfərə kəskin reaksiyasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib və belə yanaşmanın Azərbaycan-Ermənistan arasında etimadın formalaşmasına mənfi təsir göstərə biləcəyini bildirib.
Bu gün regionun qarşısında duran əsas məsələ keçmişin mübahisələrini yenidən alovlandırmaq deyil, gələcəyə baxmaqdır. Azərbaycan öz ərazisində qurur, yenidən yaradır, məcburi köçkünlərin qayıdışını təmin edir və regionu iqtisadi həyata qaytarır. Ermənistan cəmiyyətinin və siyasi dairələrinin qarşısında isə yeni reallıqlarla necə davranmaq məsələsi dayanır. Çünki tarix dəyişib. Qarabağda həyat yenidən canlanır. Şuşada, Xankəndidə, Ağdərədə, Kəlbəcərdə quruculuğun səsi eşidilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən diplomatlar bu mənzərəni öz gözləri ilə görürlər.
Revanşist düşüncə isə nə qədər yüksək səslə etiraz etsə də, reallığı dəyişə bilməz.Bu gün sülhə aparan yol yeni reallıqların qəbulundan keçir. Köhnə iddialardan əl çəkmək, qarşılıqlı suverenliyə hörmət etmək və region xalqlarının gələcəyini keçmişin qarşıdurmalarına deyil, əməkdaşlığa bağlamaq zamanıdır. Qarabağın bugünkü mənzərəsi bir həqiqəti aydın göstərir: reallıq artıq dəyişib və gələcəyin dili revanşizm deyil, sülh və əməkdaşlıq olmalıdır.

Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər