PDF Oxu

Siyasət

  • 892

Bu gün müharibənin ikinci günü idi...

image

1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbil olundu. İlk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız müstəqil Azərbaycanın rəmzi olaraq dövlət bayrağı kimi qaldırıldı. Başımız üzərində 70 il dalğalandırılan bayrağın yerini azadlığımızın və arzularımızın rəmzi olan bayrağımız aldı.

Ulu Öndər ölkənin dağıdılmış iqtisadiyyatı üzərində yeni bir Azərbaycan qurdu. 70 il sovet quruluşunun tərkibində müstəmləkə ölkə yavaş-yavaş müstəqilliyə uyğunlaşdırıldı, dirçəldilməyə başlandı. Dövlət və dövlətçilik bərqərar olundu. Sovet ordusunun töküntüləri ölkədən tamamilə təmizləndi. Və milli ordunun yaradılmasına başlandı.

Qarabağda vəziyyət isə dəyişilməz qalırdı. Nankor ermənilər sərhədlərimizdə hər saat, hər dəqiqə, gecəli-gündüzlü münaqişələr törədir, yeni ərazilər işğal etməyi planlaşdırırdı. Lakin bütün bunların qarşısı Ulu Öndər tərəfindən qısa zamanda alındı. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandı. Və həmin müqavilənin əsas məqsədi Azərbaycanın dinclik şəraitində vaxt əldə etməsi, ölkənin iqtisadi gücünün nizamlaması, ordunun təkmilləşdirilməsi idi. Çünki bunlar olmasaydı, arxasında böyük qüvvələr dayanan Ermənistandan bir qarış torpaq da geri almaq mümkün olmayacaqdı. Əksinə, yeni qırğınlar baş verəcək, yeni torpaqlar zəbt olunacaqdı.

Ümummilli Liderimizin uzaqgörən siyasəti bütün bu məsələlərin həlli yolu oldu. Torpaqlarımızın son qarışınadək azad ediləcəyini bütün çıxışlarında bildirən Ulu Öndər Heydər Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayır, bunun bir gün reallaşacağına əmin olduğunu söyləyirdi.

Həqiqətən də Azərbaycana zaman lazım idi. Müharibə başlamaq, torpaq azad etmək üçün böyük gücə ehtiyac vardı. Lakin ömür buna maneçilik törətdi. Ulu Öndəri itirdik, lakin onun ideyaları, gələcəyə hesablanmış inkişaf strategiyası 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev tərəfindən eyni ideologiyaya istinadən davam etdirilməyə başlandı.

Torpaqlarımızın 2020-ci ildə azad edilməsinədək artıq ölkəmiz dünyanın tanıdığı güclü dövlətlərdən birinə çevrilmişdi. Prezident İlham Əliyev fəaliyyəti dövründə ölkənin ümumi inkişafını ordu quruculuğu ilə birlikdə həyata keçirmişdi. Hər dəfə torpaqlarımızın azad edilməsinin sülh yolu ilə mümkün olmadığı təqdirdə hərb yolu ilə olacağını bildirən ölkə başçısı dövləti hər iki variant üçün hazırlamışdı.

Uzun illər Qarabağın sülh yolu ilə alınmasına çalışdıq. Çünki biz müharibə görmüş xalq idik. Birinci Vətən müharibəsində minlərlə soydaşımız şəhid olmuşdu, minlərlə övladımız sağlamlığını itirmişdi. Bu hadisələrin bir daha təkrar olmaması üçün dövlətimizin başçısı beynəlxalq kürsülərdən dünyanı ədalətə səsləyirdi, haqqın kimin tərəfində olduğunu görməyə çağırırdı. Lakin səsimizə səs verən, haqqı görmək fikrində olan yox idi.

Beləliklə, biz hərbi yolu seçməli olduq. Çünki Qarabağın və Şərqi Zəngəzurun işğal olunmuş əraziləri bizin tarixi torpaqlarımız idi və ölkəmizin sahib olduğu güc artıq onların düşməndən geri alınması günü gətirmişdi. Həmin gün 2020-ci ilin 27 sentyabr idi. Altı il əvvəl bu gün-sentyabrın 28-i ölkəmizdə başlanan İkinci Vətən müharibəsinin ikinci günü idi. Qarşıda bizi nələr gözləyirdi, bundan xalq xəbərsiz idi. Bilmirdi ki, bir neçə gün sonra torpaqlarımız bir-birinin ardınca erməni qəsbkarlarından geri alınacaq. Bilmirdi ki, milli ordumuz 30 il torpaqlarımızı işğal altında saxlayan düşmənin qarşısına elə bir güclə çıxacaq ki, onların ötən 30 il ərzində qurduğu keçilməz barrikadaları yarıb asanlıqla dağıdacaq, işğal altında olan torpaqlarımızın son qarışınadək azad edəcəkdi.

Bütün xalq narahatlıq, lakin eyni zamanda həm də böyük əhval-ruhiyyə içərisində idi. Narahat idi, ona görə ki, müharibə görmüş xalq kimi nələrin baş verəcəyini bilirdi. Əhval-ruhiyyənin yüksək olması isə bunu 30 il ərzində gözləməsi idi.

30 illik həsrətimizə son qoyan 27 sentyabrda başlayıb 10 noyabrda bitən 44 günlük müharibə oldu. Azərbaycan xalqı Ali Baş Komandanın sərkərdəliyi və milli ordumuzun qəhrəman əsgər və zabitlərinin birgə səyi ilə Qarabağı düşməndən geri aldı. Yenə də minlərlə şəhid verdik, qazi qazandıq, lakin alnımızın qara ləkəsini şəhid qanı yuyub apardı.

Qarabağa 30 il həsrət qalan üçrəngli bayrağımız əzəli yurdumuzu qarış-qarış gəzdi, zirvələrə qalxdı, müstəqillik nəğməsini o yurdlarda el-el səsləndirdi.

Biz Bakıda həmin 30 ilin başlanğıcında müstəqil olmaq üçün bir yola çıxmışdıq. Müstəqil olduq da. Lakin zaman elə gətirdi ki, bu müstəqilliyi 30 il bütöv olmayan Vətənimizdə yaşamalı olduq. Müstəqil olduq, lakin bütöv ola bilmədik. Sanki üzərimizdə bir nəfs qalmışdı, istəklərimizi tam olmağa qoymurdu. Bir tərəfdən hökmən çəkəcəyimiz acılar vardı: 30 il məcburi köçkünlərin acısı kimi, şəhid, qazilərimizin nakam taleləri, bir daha qayıtmayacaq sağlamlıqları kimi... Bir də bəxtimizə yazılan nadan erməni ilə qonşuluğumuz kimi...

Baxmayaraq ki, 44 günlük Vətən müharibəsində bu nadan qonşu ağ bayraq qaldırıb təslim olmuşdu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda üzərinə düşən öhdəlikləri həyata keçirməyə razılıq vermişdi, lakin gəlin görək, xisləti bunları etməyə imkan verdimi? Xeyr, vermədi. Düşmən nə minalanmış ərazilərin xəritəsini ortaya çıxardı, nə də bəyanatın 9-cu bəndinə müvafiq olaraq Naxçıvanı ölkə ilə birləşdirəcək dəhlizin reallaşmasına imkan verdi. Hələ üstəlik o ağırlıqda müharibədən sonra Xankəndidə yeni terrorçu qruplaşma meydana çıxdı. Burada münaqişələr törətməyə, dünyaya isə özlərini yenə məsum xalq kimi təqdim etməyə başladılar.

Lakin 2020-dən ötən 3 il ərzində bunlar hələ də anlamamışdı ki, qarşılarındakı 90-ların Azərbaycanı deyil. Qarşılarında güclü siyasəti, ordusu, hadisələrə yanaşma və həlletmə bacarığı olan dövlət var. Onlar bu dövlətin tarixi ərazilərində istədikləri hərəkəti edə bilməzlər. Və bu dövlətin sərhədləri daxilində qanuna müvafiq şəkildə yaşaya bilərlər.

20 sentyabr 2023-cü ildə Xankəndidə aparılan lokal xarakterli anti-terror tədbirləri ilə bu ərazimiz də düşməndən tamamilə təmizləndi. Beləliklə də Şərqi Zəngəzurun işğal altında olan əraziləri düşməndən azad edildi. Məhz bundan sonra Azərbaycan bütövləşdi, ərazilərimiz tamlaşdı, müstəqillik dalğası sərhədlərimizin bu başından o başınadək yayıldı.

Beləliklə, biz bir qərinə içərisində 270- üç yüzilliyə yaxın dövrdən sonra bir salnamə yaratdıq. Həm dövlətimizi müstəqil etdik, həm də üç əsrə yaxın bir dövrdən sonra bütövlüyünü təmin etdik. Və bir qərinəlik zaman kəsiyində belə qənaətə də gəldik ki, bəli, dövlətin başında layiqli və güclü başçı olmayanadək, orduya ağıllı və uzaqgörən sərkərdə rəhbərlik etməyənədək bir xalq nə bütöv, nə də müstəqil ola bilər.

Unutmayaq ki, biz 44 günə 30 il ərzində zərrə-zərrə, addım-addım çata bildik. Böyük Zəfəri böyük çətinliklə əldə edə bildik.

Mətanət Məmmədova

Digər xəbərlər