PDF Oxu

Siyasət

  • 506

Zəfər qoxulu Füzuli - Həsrətin sonu və yenidən doğan günəş

Zəfər qoxulu Füzuli - Həsrətin sonu və yenidən doğan günəş

Şəhərlərin də eynilə insanlar kimi canlı bir ruhu, yaddaşı, qəlbi və tale yazısı var. Onlar da sevinir, dincəlir, dərd çəkir və günlərin birində öz doğmalarına qovuşanda yenidən nəfəs almağa başlayırlar. Oktyabrın 17-si – Füzuli Şəhəri Günü məhz belə bir möcüzəvi qovuşmanın, illərlə içimizdə daşıdığımız ağır nisgildən möhtəşəm Zəfərə uzanan şərəfli bir yolun, yenidən doğuluşun bayramıdır. Bizim üçün Füzuli yalnız bir coğrafi məkan, bir inzibati ərazi deyildi. Füzuli – Qarabağın qapısı, bərəkətli torpağın, sazın-sözün simvolu idi. İllər boyunca təqvimin oktyabr səhifələri çevriləndə içimizdən dərin bir ağrı keçərdi. Yurdsuz qalan baxışlar, yarıda qalmış uşaqlıq xatirələri, doğma evin paslanmış açarını boynundan asıb köçkünlük dərdilə qocalan anaların ahı hər kəsin qəlbində bir düyünə çevrilmişdi. Füzuli bizdən ayrı düşmüşdü, amma biz bir an olsun belə Füzulidən ayrılmadıq. Hər bir azərbaycanlının qəlbində ümidlə döyünən bir Füzuli həsrəti yaşayırdı.

Otuz ilə yaxın bir müddətdə Füzuli sükuta qərq olmuşdu. Düşmən tapdağı altında qalan o bərəkətli torpaqlar viran edilmiş, evlər daş-daş sökülmüş, qəbirstanlıqlar belə təhqir olunmuşdu. Şəhər sanki gözlərini bağlayıb öz həqiqi sahiblərinin gəlişini gözləyirdi. O illər ərzində böyüyən yeni nəsil Füzulini yalnız böyüklərinin nisgil dolu söhbətlərindən, saralmış fotoşəkillərdən və videokadrlar vasitəsilə tanıyırdı. Lakin o söhbətlərdə elə bir canlı ruh, elə bir Vətən sevgisi var idi ki, o sevgini heç bir zaman kəsiyi, heç bir məsafə söndürə bilməzdi. Anaların laylasında, babaların nağıl kimi danışdığı keçmiş günlərdə Füzuli həmişə canlı idi. "Biz mütləq qayıdacağıq" inamı hər bir ailənin süfrəsində, hər bir evdə ən böyük dua idi. Və o unudulmaz, müqəddəs an gəlib çatdı. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi dastan yazmağa başladı. Hər qarış torpaq üçün canından keçən igid əsgər və zabitlərimizin cəsarəti qarşısında düşmən diz çökdü. Oktyabrın 17-də Füzuli şəhərinin azad olunması xəbəri bütün ölkəni ayağa qaldırdı. O gün televiziya ekranları qarşısında göz yaşlarını saxlaya bilməyən milyonlarla insan yalnız bir qələbə xəbərini dinləmirdi; o gün illərdir qəlbimizi göynədən o kədər, o ləkə silinib gedirdi. Şəhərə sancılan üçrəngli bayrağımız tapdanmış qürurumuzun, bərpa olunan ədalətimizin və şəhidlərimizin müqəddəs ruhunun göylərə ucalması idi. Şəhidlərimizin al qanı, qazilərimizin fədakarlığı və xalqın dəmir yumruq kimi birliyi Füzuliyə ikinci ömrünü bəxş etdi.

Bu gün Füzuliyə üz tutsanız, orada yalnız bərpa olunan binaları, çəkilən geniş, hamar yolları, müasir memarlıq möcüzəsi olan Beynəlxalq Hava Limanını görərsiniz. Bütün bunlardan daha əzəmətli bir mənzərə var: Füzulidə yenidən alovlanan həyat işığı! İllərlə sükuta, kədərə qərq olmuş küçələrdə indi yenidən körpələrin şaqraq gülüşləri əks-səda verir. Böyük Qayıdış karvanları ilə öz ata-baba ocaqlarına dönən insanların gözlərindəki o sonsuz sevinci, o qüruru təsvir etməyə sözlər acizdir. Bəlkə də dünyada evinə, torpağına bu qədər böyük məhəbbətlə sarılan ikinci bir xalq yoxdur. İnsanlar illərlə ayrı qaldıqları torpağı öpür, qucaqlayır, sanki ona "biz gəldik, bir daha səni tək qoymayacağıq" pıçıldayırlar. Füzuli bu gün sürətlə çiçəklənir, müasirləşir, regional bir mərkəzə çevrilir. Lakin bu müasirliyin altında həmişə onun qədim ruhu, tarixi yaddaşı və Zəfər qoxusu duyulur. Füzuli Şəhəri Günü – sadəcə təqvimdə qeyd olunan bir tarix, sıradan bir bayram deyil. Bu gün bizim milli qürurumuzun, bükülməz iradəmizin, Vətənə olan sonsuz sevgimizin və tarixi ədalətin təntənəsidir. Biz bu günü bizə bəxş edən canını Vətən yolunda fəda etmiş şəhidlərimizə minnətdarıq. Onların xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, vətən sevgisi ilə Füzuli daim inkişaf edəcək, çiçəklənəcək və bu torpaqdan daim toy-bayram səsləri yüksələcəkdir.

Bayramın mübarək, küllərindən yenidən doğan, azad və məğrur Füzuli! Sənə qayıdan addımlarımız həmişə möhkəm, səmanda dalğalanan al bayrağımız əbədi olsun!

Fərizə Salahlı

YAP Naxçıvan şəhər təşkilatı “Nizami 12” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər