Siyasət

  • 6 684

Enerji siyasətində təkmilləşmə və müasirləşmə

image

Prezident İlham Əliyev: "Azərbaycan enerji təminatı istiqamətində dünya miqyasında aparıcı ölkələrdən birinə çevrilibdir"

Təzə qədəm qoyduğumuz 2020-ci ilin ilk günündən həyata keçirilən uğurlu işlər, bir daha onu sübut edir ki, bu ilimiz də uğurlu və yaddaqalan olacaq. Çünki əsas hədəf Azərbaycanda sosial dövlət modeli qurmaqla yanaşı, hər bir vətəndaşın qayğısına qalmaq, onların ehtiyaclarını maksimum səviyyədə ödəməkdir. Məhz bu səbəbdən də bütün sahələrdə dəyişikliklər olduğu kimi enerji sahəsində də buna ehtiyac var. Çünki enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də Vüqar Əhmədovu "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, enerji təminatı hər bir ölkə üçün strateji sahədir: "Bu, çox məsuliyyətli vəzifədir və enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Son illər ərzində, ölkəmizdə bu sahədə çox böyük işlər görülübdür. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq biz buna tam nail olduq. Bu gün bizim, təqribən, 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Keçən il ölkəmiz elektrik enerjisinin ixracından, təqribən, 60 milyon dollar civarında vəsait əldə edibdir".

"Biz son 15 il ərzində, təqribən, 3000 meqavata yaxın yeni generasiya gücləri yaratdıq"

Dövlət başçısı son 15 ildə enerji sahəsində dünya miqyasında aparıcı ölkələr sırasında olduğunu bildirib: "Biz son 15 il ərzində, təqribən, 3000 meqavata yaxın yeni generasiya gücləri yaratdıq, bir çox elektrik stansiyaları inşa edildi və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib".
Prezident İlham Əliyev, eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərildiyini deyib: "Əlbəttə ki, paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Vaxt var idi ki, ölkəmizin enerji təminatı özəl qurumların əlində idi və bu praktika özünü doğrultmadı. Əksinə, bizim üçün böyük problemlər yaratmışdır. İndi bəziləri unudub, vaxtilə elektrik enerjisinin qıtlığına görə gecə saatlarında televiziya kanalları söndürülürdü. Bakının enerji təminatı tamamilə bərbad vəziyyətə düşmüşdü. Bakının enerji təminatını inhisara götürmüş "Barmek" şirkəti enerji təsərrüfatını tamamilə sıradan çıxarmışdı. İndi bir çoxları o dövrü unudub. Mən bunu yaxşı xatırlayıram ki, məhz mənim göstərişimlə və Sərəncamımla xarici iş adamlarının yarıtmaz fəaliyyəti geniş təhlil edildi. Bakının enerji təminatı yenə dövlətə qaytarıldı və "Azərişıq" yaradıldı. "Azərişıq" Səhmdar Cəmiyyətinin adını da mən vermişdim. O gündən bu günə qədər dövlət bu sahəyə böyük vəsait ayıraraq, ciddi dönüş yarada bildi. Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir".

"Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı?"

Dövlət başçısı, həmçinin, bütün müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqların, böyük qüsurların olduğunu da vurğulayıb: "Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda, dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə "Azərenerji"nin rəhbərliyi tamamilə dəyişdirildi. Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz, təqribən, 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni bizim mövcud elektrik stansiyaları, məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə, o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən, təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək".

"Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk"

Dövlət başçısı ölkəmizdə bərpaolunun enerji növlərindən olan külək elektrik stansiyasına özəl və xarici şirkətlərin maraq göstərdiyini də dedi: "Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər və xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk. Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. "Azərişıq" da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə - vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir".
Dövlət başçısı elektrik enerjisi sahəsində əldə olunan nailiyyətlərə Davos Ümumdünya İqtisadi Forumu çox yüksək qiymət verdiyini bildirib: "Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu bu sahədə görülmüş işlərə çox yüksək qiymət veribdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerdəyik. Biz bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlamışıq. Elektrik enerjisinin istehsalının və paylanmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır. Əlçatanlıq bu deməkdir. Yəni ki, insanların, müəssisələrin enerjiyə əli çatır və bu əmsala görə biz dünyada ikinci yerdəyik. Bax, budur bizim gördüyümüz işlərin nəticəsi. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənə bilmərik. Həm "Azərenerji", həm də "Azərişıq" qarşısında çox böyük vəzifələr qoyulub. Əminəm ki, bu vəzifələr ardıcıllıqla icra ediləcək və beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaqdır".
Bir sözlə, qarşıda mühüm vəzifələr dayandığını daim vurğulayan Prezident İlham Əliyev dövlətin və xalqın qarşılıqlı dəstəyi ilə onların layiqincə yerinə yetiriləcəyinə haqlı olaraq əmindir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər