Soltan Məmmədov: Təcili-təxirəsalımaz tibbi xidmətlərin təmin olunması üçün xüsusi profilli tibb müəssisələri tam gücü ilə fəaliyyətlərini davam etdirirlər

“COVİD-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilmiş qabaqlayıcı tədbirlər, əldə olunmuş nəticələr bizi sevindirir. Bununla yanaşı, bəzi sərt karantin rejimi qaydalarının yumşaldıllması ilə bizim qarşımızda çox ciddi tapşırıqlar meydana çıxmışdır ki, bu istiqamətdə uyğun tədbirlər həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Soltan Məmmədov bildirib ki, pandemiya dövründə sərt karantin rejimində bir sıra elektiv əməliyyatların təxirə salınması və xüsusi ehtiyac olmadıqda müxtəlif müayinə və əməliyyatların gecikdirilməsi ilə bağlı əhaliyə müraciət olunmasına baxmayaraq, təcili-təxirəsalımaz tibbi xidmətlərin təmin olunması üçün xüsusi profilli tibb müəssisələri tam gücü ilə fəaliyyətlərini davam etdirirlər.
“Mən bu kürsüdən əhaliyə müraciət edərək bildirmək istərdim ki, bir sıra xroniki xəstəliklərin davamlı müalicəsi, lazımi müayinələrin aparılması, ölkədə immunoprofilaktik tədbirlərin həyata keçirilməsində heç bir məhdudiyyət yoxdur. Bakıda və paytaxtdan kənarda yaradılmış regional tibbi ərazi bölmələri tərəfindən multidisiplinar səhiyyə müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi, tibbi personalın hazırlığı, tibb müəssisələrində infeksion nəzarətin gücləndirilməsi ilə bağlı işlər davam edir ki, bu da təcili-təxirəsalınmaz tibbi xidmətlərin əlçatanlığının təmin olunmasına xidmət edir. Bunu bildirməkdə məqsədim bütün səhiyyə sisteminin yalnız koronavirusla mübarizə tədbirlərini hədəf seçməsi ilə bağlı çaşğınlığı aradan qaldırmaqdır”-deyə, S.Məmmədov vurğulayıb.

yap.org.az