YAP Ağdaş rayon təşkilatı humanitar aksiyaya start verib

Azərbaycanda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı yüksək səviyyədədir. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsində yaralanmış qazilərimizə dövlət tərəfindən hər zaman davamlı xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir.

Görülən bu işlərə fəal şəkildə qoşulan ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) və onun yerli strukturları da əhalinin həssas təbəqəsinə aid olan bu ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər. YAP Ağdaş rayon təşkilatı da bu istiqamətdə həyata keçirdiyi tədbirləri davam etdirir. Rayon təşkilatı tərəfindən 44 gün davam edən Vətən müharibəsində Ağdaş rayonu üzrə şəhid və yaralanaraq qazi olan hərbçilərimizin ailələrinin ziyarət olunmasını əhatə edən növbəti humanitar aksiyaya start verilib. Humanitar aksiya zamanı ümumilikdə yüzdən artıq ailə ziyarət olunacaq və onlara müvafiq yardımlar ediləcək.
Vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yazan igidlərimizin ailələrini ziyarət edən rayon təşkilatının əməkdaşları onların mövcud problemlərini, istək və arzularını dinləyərək hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarını, onlara mütəmadi şəkildə lazımi köməkliklərin göstəriləcəyini bildiriblər.
Keçirilən görüşlər zamanı şəhid ailələrinin üzvləri və qazilərimiz ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə göstərilən davamlı diqqət və qayğının bütün cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılandıgını vurğulayaraq, işğal altında olan torpaqlarımızın azad olunmasına və bununla da onlara qələbə sevinci yaşatığına görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

yap.org.az