Sədaqət Vəliyeva: Əgər pandemiya qaydalarına riayət etməsək, qapanma qaçılmaz ola bilər

“COVID-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və həyatını itirən şəxslərin sayında kəskin artım bütün dünya üçün hələ də ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün çox mühüm addım hesab olunur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, son həftələr ərzində ölkəmizdə də aktiv xəstələrin sayı dəfələrlə artıb: “Təsəvvür edin ki, sonuncu sərt karantin qadağalarının yanvar ayında qaldırıldığı zamanadək Azərbaycanda gündəlik yoluxma 80-100 arası idi. 230 min 296 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmişdi. Onlardan 3136 nəfər vəfat etmişdi. Aktiv xəstə sayı isə 3685 nəfər idi. Lakin ötən 2 ay ərzində vəziyyət pisləşməyə doğru getdi. Beləliklə də, 11.04.2021-ci il tarixinə olan statistikaya görə Azərbaycanda gündəlik yoluxma 2400-2500 nəfərdir. 285 min 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 3 min 915 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 31 min 370 nəfərdir. Aparılan təhlillər onu göstərir ki, son iki ay ərzində Azərbaycan gündəlik yoluxma 25-30 dəfə, ümumi xəstələnənləri sayı 55 min nəfər, aktiv xəstələrin sayı isə 10 dəfə artıb, 230 nəfərədək insan vəfat edib”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, vəziyyət düşünüldüyündən də ciddidir və ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir: “Doğrudur, Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Amma vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var”.
Sədaqət Vəliyeva əlavə edib ki, əgər pandemiya qaydalarına riayət etməsək, qapanma qaçılmaz ola bilər: “Qarşıdan Ramazan ayı da gəlir və bu yoluxma, ölüm hallarının sayının dəfələrlə artmasına gətirib çıxara bilər. Səbəb isə ondan ibarətdir ki, ilk olaraq kütləvi toplaşmaların qarşısını almaq mümkün olmayacaq. İstər ibadət zamanı, istərsə də iftar süfrələrində insanlar toplu halda bir araya gələcəklər. Bu da heç şübhəsiz yoluxma hallarının artmasına gətirib çıxaracaq. Ona görə də, Ramazan ayı boyunca dini ayinlərin, mərasimlərin keçirilməsi pandemiya şəraitinin tələblərinə uyğun həyata keçirilməlidir. Çünki pandemiya ilə əlaqədar məscid və ziyarətgahlarda kütləvi ibadətlərin təşkili zamanı virusa yoluxma hallarının artması ehtimalı daha çoxdur. Sanitar-gigiyenik qaydalara əməl olunmasının vacibliyi, insanların sağlamlığının qorunması məqsədilə açıq və qapalı məkanlarda dini ayinlərin təşkili, kütləvi toplaşma yolverilməzdir. Əslində, pandemiyaya görə təkcə Azərbaycanda deyil, bütün müsəlman ölkələrində həmin ayın özünəməxsus ayinlərinin evlərdə təşkili daha məqsədəuyğun hesab edilir. Hətta, pandemiya səbəbindən Həcc ziyarətinin təxirə salınması da virusa yoluxma hallarının qarşısının alınması və insanlara diqqətin nümunəsidir”.

yap.org.az