Siyasət

  • 2 317

Qərbin kirli “demokratiya” oyunları: Azərbaycanda keçməyib və keçməz! ANALİTİKA

image

Prezident: Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür”.

Qərbin, paralel olaraq ABŞ-ın açıq-aşkar dəstək verdiyi, həmçinin icad etdiyi “Ərəb baharı” dalğası sonradan bəzi postsovet ölkələrinə də sıçradı. Gürcüstan, Ukrayna və bu cəhd Qazaxıstanda özünü biruzə etdi, sadəcə fərqli adla – Asiya küləyi...Düzdür, Xəzərin o tayında olan regional ölkədəki vəziyyətin qarışmasında digər amilləri də önə sürdülər, misal üçün Kremlin iddialarını, amma istər Qərb olsun, istərsə də Şimal – baş verən istənilən ölkədaxili qarmaqarışıqlıq, qeyri-sabitlik bu ölkənin gələcəyinə, müqəddəratına yaxşı vədlər vermir. Biz bu reallığı bütövlükdə sadlanan və sadalanmayan ölkələrə aid edə bilərik Çünki müşahidələr də göstərir ki, Qərb bir çox dövlətlərə öz iradəsini yeritməyə çalışır və bu zaman müxtəlif təzyiq metodlarından istifadə edir.Bunlara dövlətlərin daxili işlərinə müdaxilə, müxtəlif terror qruplaşmalarının yaradılması, radikal müxalifətin dəstəklənməsi, hətta imkan olduqca belə müxalifətlərin qanunsuz silahlandırılması və s. daxildir.Məsələn, Qərbin Suriyada müxalifətin yaradılması sonradan hakimiyyətə opponentlərin silahlanması ilə nəticələndi. Beləliklə, qanunsuz silahlı qruplara Qərbdən verilən dəstək sonda İŞİD, Ən-Nüsra, Təhrir əş Şam kimi az qala qarşısıalınmaz bir terror təşkilatlarını meydana çıxardı. Hazırda Suriya ərazisinin böyük bir qismi terrorçuların əlindədir. Lakin hələ ki, Qərb öz arzusuna tam şəkildə çata bilmədiyi üçün terrorçu qruplaşmalara dəstəyi də kəsmir.Eyni variantdan Tunisə, Liviyaya, Misirə, Yəmənə, İraqa qarşı da istifadə olundu.Qərbin “qəzəbinə” tuş gələn ölkələrdən biri də qardaş Türkiyə olmuşdu. Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyədə hakimiyyətin devrilməsinə “paralel yapı” və FETÖ adlanan qruplaşma vasitəsilə ciddi cəhd olunmuşdu. Lakin Qərb bu ölkədə demək olar ki, məğlub oldu. Ancaq buna baxmayaraq, Qərbin Türkiyədən əl çəkdiyini də söyləmək olmaz. Qərb “demokratiyasının” hər vəchlə Türkiyədə hakimiyyət dəyişikliyi etməyə, bu məqsədlə müxtəlif təxribatlara əl atılması hər kəsin gözü qarşısında baş verir, son zamanlar türk lirəsinə qarşı başladılan hücumu da buna isbat kimi göstərmək mümkündür. Baxmayaraq ki, türk xalqı bu sınaqdan da uğurla çıxmağı bacardı.
Bunun nəticəsində xalqların, ölkələrin hansı bəlalara düçar olacağı Qərbin araqarışdıran dairələri üçün qətiyyən maraqlı deyil
Bütün bunlar Qərbin həqiqətən də demokratiya adı altında dünya miqyasında böyük çirkin oyunlarla məşğul olduğunu ortaya qoyur. Adları çəkilən ölkələrin və ümumiyyətlə “demokratiya” sırınmağa çalışılan digər ölkələrin bu gün heç birində vəziyyət stabil deyil. Həmin ölkələrin bir qisminin siyasi, sosial, iqtisadi həyatı təlatümlüdürsə, digər bir qisminin ərazi bütövlüyü pozulub, terrordan, vətəndaş müharibəsindən əziyyət çəkir və s. Qərb üçün əsas olan istədiyi qüvvənin hakimiyyətə gətirilməsi və yaxud devrilməsidir. Bunun nəticəsində xalqların, ölkələrin hansı bəlalara düçar olacağı Qərbin araqarışdıran dairələri üçün qətiyyən maraqlı deyil.Ümumiyyətlə, Qərb öz maraqlarına nail olmaq üçün heç bir vasitədən imtina etmədiyini də dəfələrlə sübut edib.O da vurğulanmalıdır ki, bir sıra hallarda dövlətlər, onların cəsarətsiz rəhbərləri Qərbin riyakar siyasətini açıq şəkildə tənqid etməkdən çəkinirlər.
Prezident İlham Əliyev: “Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir və belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır”
Lakin ikili standartlardan əziyyət çəkən ölkə kimi Azərbaycan və onun Prezidenti bu yanaşmanın mahiyyətini, onu reallaşdıran dairələrin iç üzünü daim açıq mətnlə ortaya qoyub. Prezident İlham Əliyevin ümumiyyətlə beynəlxalq münasibətlər sistemində ikili standartların hökm sürdüyünü, bunun bariz nümunəsi kimi, Qərb dairələrinin Azərbaycana qarşı mütəmadi olaraq çirkin kampaniya təşkil etdiklərini dəfələrlə vurğulayıb. SİTAT: “Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir və belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır”.“Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur”, deyə dövlətimizin başçısı qeyd etmişdi.
“Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm”
Prezident İlham Əliyev eyni zamanda və dəfələrlə (!) həmin dairələri demokratiyadan dəm vuran Qərb ölkələrinin daxili həyatında baş verən neqativ hallara göz yummaqda ittiham edib və haqlı olaraq bunun riyakarlıqdan irəli gəldiyini bildirib: “Bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür”.Beləliklə, görünən həm də budur ki, müasir dünyanın Qərbin riyakar “demokratiya oyunu”nun əsirinə çevrildiyi göz önündədir. Bu “demokratiya oyunu” isə hər il minlərlə, yüz minlərlə günahsız insanın canı bahasına başa gəlir. Azərbaycan isə əsla belə oyunları yaxına buraxmır və bundan sonra da buraxmayacaq. Necə deyərlər, ətrafımızda baş verənləri gözlərimizlə müşahidə edir və nəticələrə gəlirik!

Rövşən RƏSULOV

Digər xəbərlər