Siyasət

  • 2 297

Ulu Öndər Heydər Əliyev Azərbaycan Özbəkistan əlaqələrinə böyük önəm verirdi ŞƏRH

image

Hər iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra- 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malik idi. Bu baxımdan, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb.1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 1997-ci il iyunun 18-19-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”. Ölkələrimiz arasında cari münasibətlərin strateji istiqamətləri məhz yuxarıda qeyd etdiyimiz iki səfər (Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri) zamanı müəyyən edilib. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin Özbəkistana cari dövlət səfəri zamanı isə dövlətlərarası münasibətləri dahada inkişaf etdirəcək müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanmışdır. Onu da qeyd edək ki, bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşür.

Kamil Məmmədov
YAP Tərtər rayon təşkilatının əməkdaşı

Digər xəbərlər