Siyasət

  • 2 300

Ən yeni tariximizin ZƏFƏR möhürü TƏHLİL

image

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağda başladığı əks-hücum əməliyyatı Zəfərimizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi və 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. XXI əsrin müharibəsini nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu qələbənin qazanılacağına hər zaman əminliyini bildirdi. Əlbəttə ki, torpaqlarımızın işğal altında qalması ilə heç zaman barışmayacağını dəfələrlə bəyan edən dövlət başçısı çıxışlarının birində vurğulamışdı ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Tarixi dövrə nəzər salan Cənab İlham Əliyev 90-cı illərin əvvəllərində hökm sürən hərc-mərcliyin, xəyanətkar qüvvələrin çirkin niyyətləri nəticəsində ölkəmizin işğala məruz qalmasını vurğulayırdı: "O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüşdü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabırcasına qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir". Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması nəticəsində Azərbaycanın 20 faiz torpaqlarını işğal etmişdir. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan bilərəkdən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, xüsusilə, qadın və uşaqları hədəfə alıb. Hərbi təcavüz nəticəsində, insan hüquqları kobudcasına pozulub. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edir. Qaniçən ermənilər yaşlılara, qadınlara və uşaqlara zərrə qədər belə mərhəmət etmədən, əsl faşist simalarını ortaya qoymuş oldular. Ölkəmiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərsə də buna nail ola bilmədi. 26 il atəşkəs rejimində yaşasaq da, bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayıb, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermədi. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etmişdi. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyib və işğalçılıq siyasətindən əl çəkməyə çağırmışdılar.

MÜDRİK SİYASƏT VƏ YEKDİL ƏHVAL-RUHİYYƏ QƏLƏBƏ QAZANDIRDI
Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmaz idi. Azərbaycanın düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordusu olduğunu yaxşı dərk edirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və insanlarda düşmənə qarşı mübaribəyə hazır olan yekdil əhval-ruhiyyəsi Qələbəmizə imza atacaqdır. Azərbaycan Ordusunun şanlı tarixində mühüm yerlərdən birini tutan 2016-cı ilin Aprel döyüşləri artıq düşmənə Azərbaycanın gücünü göstərmişdir. "2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik"- deyən Cənab Prezident 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsinin Azərbaycan Ordusu tərəfindən götürüldüyünü və işğalçıların o bölgələrdən qovulduğunu qeyd etmişdir: "Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı". 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı.Əlbəttə ki, məlum aprel döyüşləri - Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi tarixi hadisəyə çevrildi. Bu, Azərbaycanın konstruktiv mövqeyi idi, haqq-ədalətin bərpası idi.2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması çirkin siyasətin daha bir nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı.
AZƏRBAYCANIN TUTDUĞU YOL HAQQ YOLUDUR
"Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib", - deyən dövlət başçısı bildirmişdi ki, Xocalı soyqırımını törədənlər Ermənistanın siyasi rəhbərliyidir, keçmiş hakimiyyətidir, keçmiş iki prezidentidir hərbi cinayətkarlar: "Azərbaycanın güclü ordusu var. Öz torpaqlarının işğaldan azad etməyə qadir olan ordu müasir texnikalara yiyələnib. Azərbaycanın tutduğu yol haqq yoludur və onu bu yoldan kimsə döndərə bilməz".Belə də oldu. Gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi, məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Zəfər qazandıq. Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. Və Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər sərkərdəsi kimi öz möhrünü vurdu. Bu gün Azərbaycan yeni bir dövrünü yaşayır. İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Müasir tələblərə cavab verən Füzuli Beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, bölgəyə səfər edənlərin rahatlığının təminində önəmli faktordur. 8 ay ərzində inşa olunan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan reallıqlarından dünyaya bir mesaj oldu ki, ölkəmiz müharibədən sonra belə iri layihələrin icrasını uğurla reallaşdırdı. Məlum olduğu kimi, Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir ki, bu da regionun nəqliyyat imkanlarının daha da genişləndirilməsinə töhfə olacaq.
HƏR ÖTƏN GÜN ƏZƏLİ TORPAQLARIMIZA QAYIDIŞIMIZI DAHA DA YAXINLAŞDIRIR
Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. İnsanlar öz əzəli torpaqlarında rahat nəfəs aldılar. Torpaqla uzun həsrətdən sonra baş tutan görüş tarixi anlara çevrildi. Nisgilə, həsrətə nöqtənin qoyulduğu zamanda yaşanılan o hisslər heç zaman unudulmayacaqdır. Torpağa QAYIDIŞ!!! Hər bir Azərbaycanlının ruhən, mənən bir qaydışı idi.30 ilə yaxın müddətdə işğal altında saxlanılan digər ərazilərimiz kimi, Ağalıda da yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdı. Həmin ərazidə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanıldı və qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Zəngilan rayonun Ağalı kəndində sürətlə görülən işlər buranı müasir bir məkana çevirdi. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyə Prezident bildirib. Burada insanlar üçün hər bir şərait yaradılıb.Ağalı kəndində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir. Ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi inşa olunub. 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası onların ixtiyarındadır. İşğaldan azad olunan digər ərazilərimizdə görülən işlər deməyə bir daha əsas verir ki, Şuşaya, Füzuliyə, Ağdama və digər ərazilərimizə Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Bu ərazilərdə əzəli tarixi torpağın sakinləri yenidən yurd salacaqlar.
Zümrüd BAYRAMOVA

Digər xəbərlər