Sosial

  • 4 462

Bakının qış hazırlığı: Bu mövsümdə istilik problemi olacaqmı? - ARAŞDIRMA

image

Şəhərdəki binaların yarıdan çoxu bu il də mərkəzləşmiş sistemdən istilik ala bilməyəcək, “Azəristiliktəchizat” ASC isə tariflərin artırılmasının davasını döyür

Qlobal iqlim dəyişikliklərinin təsiri ilə bu il payız fəsli “ləgv edildi”, yaydan qışa keçdik. Bunun bizim mövzumuza dəxli yoxdur, Bakının istilik təchizatı sistemi havanın temperaturu ilə yox, dəqiq təqvim rejimi ilə işləməlidir. Ona görə də, qış rejiminə keçidin dəqiqliyi və istilik təchizatının hazırlanması ilə bağlı hazırkı vəziyyəti qiymətləndirmək lazımdır. Biz də bu yazıda buna aydınlıq gətirməyə çalışacağıq- Bakı gözlənilən soyuq qışa nə dərəcədə hazırdır, daha doğrusu, binaların istiliklə təmin edilməsi sahəsində işlər necədir?

Mövzuya girişdən əvvəl kiçik bir xatırlatma vermək yerinə düşərdi. Ötən əsrin sonlarına yaxın Bakıda və respublikanın bütün şəhərlərində, demək olar ki, bütün binalar mərkəzi istilik sisteminə qoşulmuş, yaşayış binaları, idarə və müəssisələrin qazanxanadan istiliklə təmin edilməsi təşkil edilmişdi. Lakin 90-cı illərin əvvəllərində sosialist sistemindən bazar iqtisadiyyatına keçidin doğurduğu ağır vəziyyət bu sistemi sıradan çıxardı.

Qazanxanalar, boru xətləri dağıdıldı, bu sistemin fəaliyyəti son dərəcə zəiflədi. Nəticədə, 90-cı illərdə binaların çox az hissəsi istiliklə təmin olunurdu. Həm kifayət qədər qaz yox idi, həm də istilik sisteminin bərpasına külli miqdarda vəsait tələb olunurdu ki, dövlətin də buna maddi imkanı çatmırdı.

Sonrakı dövrlərdə ölkəmizin maliyyə vəziyyəti yaxşılaşdığından bu sistemin bərpasına başlanıldı. Hər il Bakıda istiliklə təmin olunan binaların sayı artmağa başladı. Buna baxmayaraq bu sahədə vəziyyət arzuolunan səviyyədə deyil, yəni istiliklə təmin olunan binaların sayı o qədər də çox deyil. Hələ ki, paytaxt binalarının təxminən üçdəikisi mərkəzləşmiş istilik sistemi ilə təmin olunmayıb.

Ona görə də, istilik verilməyən binaların sakinlərinin əksəriyyəti “Kombi” deyilən fərdi istilik sistemi quraşdırıb. Bunu quraşdırmaq azı 2 minə başa gəlir, amma elektrik qızdırıcılarına nisbətən xeyli ucuz başa gələn istiliklə təmin olunursan.

Qazanxanadan verilən istilik bəzən mənzili qızdırmağa kifayət eləmir, bəzi hallarda kəsilir, sakinlər evdə soyuqdan donurlar, amma şəxsi sistemdə belə hallar olmur, üstəlik tempraturu özün tənzimləyə bilirsən. Ona görə də, istiliklə təchiz olunan binalarda da bir çoxları “Kombi” quraşdırır. Amma orta statistik azərbaycanlının iqtisadi vəziyyətinə görə, bu çox bahalı sistemdir, adamların çoxunun onu quraşdırmaq üçün maddi imkanı yoxdur. Yaxşı olardı ki, bütün binalara istilik verilərdi.

Problemlərdən biri də odur ki, qazanxalar işləməyən vaxtlarda bəziləri istilik batareyalarını və boru xətlərini söküb, indi yenidən bərpa etməyə vəsait tapa bilmirlər deyə istilik ala bilmirlər. Onillərlə işləmədiyindən elə bildilər daha bu sistem bir də düzəlməyəcək, amma indi peşmandırlar, batareyaları və xətləri sökməsəydilər, indi ucuz qiymətə istilik ala bilərdilər. İstilik haqqı ayda 10-20 manat təşkil edir. Halbuki, qışda istiliyə görə ayda azı azı 100 manat xərcləri çıxır.

Qeyd edək ki, əhali qrupuna aid abunəçilər 1 kvadratmetr mənzil sahəsi üçün 15, qeyri-əhali obyektləri isə 25 qəpik ödəyir.

İstiliklə təmin olunmayan binalar daha çox yeni tikilənlərdir. Onlarda fərdi və kollektiv “Kombi” sistemi quraşdırılır. Bərpa işi əsasən köhnə binalarda aparılır, çünki burada həm hazır sistem- qazanxana, xətlər, batareyalar, çənlər var, həm də daha asan başa gəlir, yenilərdə isə binanı tikən şirkət və binanın sahibi sifariş verməlidir ki, onlar da mənzili satıb aradan çıxırlar və bunda maraqlı deyillər.

Ümumiyyətlə, istilik problemi həm yeni, həm də köhnə binalarda var. Lakin köhnə binalarla müqayisədə təbii ki, yeni binalarda vəziyyət nisbətən yaxşıdır. Belə ki, köhnə binaların bir çoxunda mərkəzləşmiş istixanalar bərpa olunmayıb və mənzillərə istilik verilmir. Halbuki, Sovet binalarının hamısında bu sistem var idi, qazanxanalar fəaliyyət göstərirdi.

Yeni binalarda isə ən azı sakinlər fərdi istilik sistemi quraşdırır. İstilik sistemi olmayan binalarda fərdi “Kombi” sistemi quraşdıra bilməyən sakinlər ya elektrik qızdırıcılarından istifadə edir, ya da primitiv qaz cihazlarını işlədərək mənzillərini qızdırırlar. Bu həm maddi cəhətdən baha başa gəlir, həm də təhlükəsizlik nöqteyi-nəzərdən həddən artıq risklidir.

Bəs aidiyyatı orqan bu problemi aradan qaldırmaq üçün hansı işlər görür? “Azəristiliktəchizat” ASC-nin verdiyi məlumata görə, cari mövsümdə Bakı şəhəri və respublikanın regionlarında ASC-nin balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3863 yaşayış binasının, 184 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Göründüyü kimi, bu rəqəmlər ölkədəki yaşayış və qeyri-yaşayış məntəqələrinin sayı ilə müqayisədə həddən artıq azdır. Yaxşı olar ki, “Azəristiliktəchizat” ASC rəhbərliyi “istilik tarifləri artırılmalıdır, əhali buna razıdır” tipli bəyanatların əvəzində mümkün qədər çox binanın mərkəzi istilik sistemindən təchiz olunması üçün işlər aparsın.

Qiymətin artırılmasına heç bir əsas yoxdur. Əvvəla, bir neçə il əvvəl istilik tarifləri 50 faiz artırılıb. İkincisi, 2 il qabaq ASC-yə verilən qazın qiyməti 35 faiz azaldılaraq 20 qəpikdən 13 qəpiyə salınıb. Daha bundan artıq nə güzəştlər edilməlidir ki, “Azəristiliktəchizat” ASC öz işini normal qura bilsin.

ASC-nin abonentlərdən xidmət haqqının 2/3-ni yığır. Lakin ASC yığılan bu vəsaitlərdən Azəriqaz İB-dən aldığı qazın pulunu ödəmir. Uzun illərdir ki, 2 təşkilat arasında bu problem davam edir. Azəriqaz humanist yanaşma ilə “Azəristiliktəchizat”a borcları tədricən ödəmək üçün vaxt versə də, hələ də borclar tam ödənilməyib.

Hazırda istilik sayğaclarının quraşdırılması prosesi davam edir. İstilik sayğacları konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq. Sayğacı olmayan abonentlər isə 1 kvm-15 qəpik tarifi ilə ödəniş edəcəklər.

Xoşbəxtlikdən “Azəristiliktəchizat”dan fərqli olaraq, “Azəriqaz” və “Azərişıq” normal işləyir və əhalini qaz və elektriklə təmin edir. Əks halda, bir çox sakinlər soyuq evlərdə yaşamalı olardı. Ümid edirik ki, bu qış mənzillərin istilik məsələsində problem olmayacaq.

Elçin Bayramlı

Digər xəbərlər