Sosial

  • 2 274

FHN Qobustanda maarifləndirmə tədbiri keçirib

image

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Qobustan Rayon İcra Hakimiyyətində “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. FHN-dən SİA-ya verilən xəbərə görə, tədbirdə Qobustan rayonunda fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, FHN DYNX-nin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Rauf Qurbanov, Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Natiqlər, həmçinin meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində müəssisələrin yanğın təhlükəsizliyinə cavabdeh olan personalı tərəfindən yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin vacibliyindən danışıb, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil və dəmir yolları arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, həmçinin meşəərtafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Tədbirdə geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda Qobustan rayonunda texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

Digər xəbərlər