Bu gün, 27 Sentyabr 2025-ci il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzində 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Zəfər qələbəsinin başladığı gün” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, Milli Məclisin deputatı Fəzail İbrahimli, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Anım mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın öz torpaqlarının böyük hissəsini geri almasına gətirib çıxardı.
19-20 sentyabr 2023-cü il tarixli əməliyyatlar isə Azərbaycan ərazilərinin tamamən işğaldan azad edilməsi ilə nəticələndi.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
Masallı rayonundan da Birinci Qarabağ müharibəsi zamanı Masallı rayonu üzrə 186 şəhid, 188 müharibə əlili və 620 müharibə iştirakçısı, Vətən müharibəsi zamanı 51 şəhid, 70 müharibə əlili və 1364 müharibə iştirakçısı olmuşdur. 19 sentyabr 2023-cü il tarixdə 23 saat davam edən antiterror əməliyyatları zamanı isə 8 şəhid, 12 yaralımız olmuşdur.
Ölkəmizdə son 31 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da vətən yolunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir.
Bu gün də Silahlı Qüvvələrimiz öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi olaraq, Azərbaycan Ordusu bu gün döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir və Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Ona görə də 27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir.
Tədbirdə Milli Məclisin deputatı Fəzail İbrahimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Rəfail Xəlilov, şəhid atası Sarıbala Babayev, Vətən müharibəsi iştirakçısı Rza Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu Qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib olduğunu bütün dünyaya sübut edib. ƏLİHÜSEYN ŞÜKÜROV.