Müsahibə

  • 7 319

"Milli Şura" ancaq AXCP-dən ibarətdir"

image

Mütəllim Rəhimli: "Namizədlik uğrunda Əli Kərimli ilə Cəmil Həsənli arasında savaş qızışacaq"

Müsahibimiz "Ədalət" partiyasının aparat rəhbəri Mütəllim Rəhimlidir

- Mütəllim bəy, xaricə səfər edən dağıdıcı müxalif ünsürləri orada Azərbaycan əleyhinə anit-təbliğat kampaniyası aparırlar. Sizcə, bu kimi şəxslərin ölkəmizə qarşı düşmən kəsilməsi nədən qaynaqlanır?

- Əgər hər hansı bir ölkə daxilində iqtidarla müxalifət arasında, nə isə bir problem varsa, bu, elə ölkə sərhədləri daxilində də qalmalıdır. Müxalifətin bunu beynəlxalq səviyyəyə çıxarması nə onu çıxaran qüvvəyə, nə də ki, ölkə daxilindəki tərəfə başucalığı gətirmir. Burada daha çox uduzan və hörmətdən düşən tərəf də, məhz onu beynəlxalq aləmə çıxaran tərəf olur. İndiki halda, əgər müxalifət düşərgəsindən kimlərsə ölkə daxilində olan hər hansı bir problemi beynəlxalq aləmə çıxarırsa, bu, onun haqqından mənfi təəssüratın yaranmasına gətirib çıxarır. Şübhəsiz ki, hər bir ölkənin öz problemi var. Ancaq bu problemləri qlobal problem kimi önə çəkib, hay-küy salmaq yersizdir və qınağa layiqdir.

- "Gələcək Azərbaycan Partiyası"nın lideri R.Quliyev indiki müxalifəti yararsız və cəmiyyət tərəfindən qəbul olunmayan tör-töküntü adlandırır. Bəs özü nədir?

- R.Quliyev, faktiki olaraq, hələ Azərbaycana gələ bilmir, nəyinki burada mübarizə aparmaq və tərəfdar toplamaq işini görür. Kənarda oturub, kimi isə ittiham etmək düzgün deyil. İlk öncə, R.Quliyev siyasi partiya rəhbərlərini tənqid etməmişdən öncə, özündə cürət tapıb, Azərbaycana gəlməlidir. Faktiki olaraq, R.Quliyev Azərbaycan sərhədlərinə daxil ola bilmir. Bu baxımdan, R.Quliyevin, rahat və təhlükəsiz bir yerdə oturub danışması heç bir halda, düzgün hərəkət deyil. R.Quliyevin bu cür sözləri ciddi məna daşımır. O vaxt onun dedikləri ciddiyə alınardı ki, o, Azərbaycana gələrdi.

- Hər zaman müxalifət liderləri arasında konfliktləri olub və bu gün də var. Bu baxımdan, demək olar ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində müxalifət yenə də, ortaq məxrəcə gələ bilməyəcək?

- Eyni platformanı bölüşdüyünü iddia edən müxalifət düşərgəsi bir yerdə deyil. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər daimi olaraq, qarşılıqlı konfliktlərdədir. Yəni müxalifətdə olan liderlər bir-birlərini qəbul etmirlər və istəmirlər ki, müxalifət daxilində kim isə onlardan üstün olsun. Belə olan halda da, müxalifətçilər hər hansı bir məsələ ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Müxalifət daxilində qarşılıqlı ittihamların davam etdiyi belə bir vaxtda, görünən budur ki, bu il keçiriləcək prezident seçkilərində müxalifət düşərgəsi seçkilərə "vahid namizəd"lə qatıla bilməyəcəkdir. Çünki indidən müxalifətdə olan bir çox iddialıların adı səslənir və bu iddialılar isə, biri digərinə güzəştə getmək fikrində deyil. İndiyə qədər müxalifət düşərgəsində təmsil olunan liderlərin nəyi bölüşə bilmədikləri sualı aydınlaşdırılmamış qalır. Ətrafında olan əqidə dostları arasında barışmaz konflikt yoxdur. Müşahidə olunan hal odur ki, bu konflikt yalnız liderlərin arasındadır.

- "Milli Şura"da C.Həsənli və Ə.Kərimli arasında gedən "vahid namizəd" uğurunda savaş, nəticə etibarı ilə, "Milli Şura"nın dağılmasına gətirib çıxara biləcəkmi?

- Əslində, "Milli Şura" Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-nin çiyinlərində dayanır. "Milli Şura" ancaq AXCP-dən ibarətdir, orada fərqli qüvvələr yoxdur. Ötən müddətdə C.Həsənlinin prezidentliyə namizəd olması ilə Ə.Kərimli də gündəmdə qalırdı. Bu dəfə Ə.Kərimli namizəd olmağa çalışacaq. Bu baxımdan, düşünürəm ki, prezidentliyə namizədlik uğurunda Ə.Kərimli ilə C.Həsənli arasında savaş qızışacaq. Baxmayaraq ki, adları çəkilən şəxslər bu il keçiriləcək prezident seçkilərindən qalib ola bilməyəcəklərini çox gözəl dərk edirlər.

GÜLYANƏ

Digər xəbərlər