Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inamla irəliləyir

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı

- Məlahət xanım, bugünlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyinizə görə, «Şöhrət» ordeni ilə təltif olundunuz. Bu münasibətlə sizi təbrik edirik. Bu xəbəri eşidərkən hansı hissləri keçirdiniz?
- Cənab Prezidentin kiçik əməyimə və fəaliyyətimə çox yüksək qiymət verərək, təltif etdiyi ali mükafat– “Şöhrət” ordeni mənə və ailə üzvlərimə sonsuz sevinc və qürur hissi bəxş etdi. Bu təltifdən şərəf duyur, dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Bu ali mükafat cənab Prezidentin bundan sonra da dövlətimizin daha da güclənməsi, xalqımızın rifahının daha da yaxşılaşması, taleyüklü məsələ olan Qarabağ münaqişəsinin tezliklə həll olunması istiqamətində qətiyyətli fəaliyyətinin dəstəklənməsində, eyni zamanda Ulu öndər Heydər Əliyevdən bizə miras qalan zəngin irsin gənclər arasında təbliği işində məni və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının hər bir üzvünü daha çox borclu və məsuliyyətli edir, səfərbərliyimizi artırır.
Bu gün dövlət başçısının və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında ölkəmizin dünya birliyindəki nüfüzu günbəgün artır və hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Prezident İlham Əliyev kimi xarizmatik, qətiyyətli, dövlət idarəçiliyində və diplomatiyada zəngin bilik və təcrübəyə malik, təmkinli və uzaqgörən, müdrik şəxsiyyətin dövlətimizə rəhbərlik etməsi Allahın qloballaşan dünyada xalqımıza bir lütfüdür.
Mən dövlətimizin başçısını əmin edirəm ki, göstərdiyi böyük etimadı mən hər zaman fəaliyyətimlə doğrultmağa çalışacaq, həyatımın sonunadək bilik və bacarığımı ölkəmizin və xalqımızın dünəni, bu günü və gələcəyində misilsiz rola malik, alternativi olmayan bu siyasətə sədaqətlə xidmət edəcəyəm.
Fürsətdən istifadə edərək, cənab İlham Əliyevi aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərində ümumxalq namizədi kimi parlaq qələbəsi münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
- Yeri gəlmişkən, prezident seçkilərinin nəticələri hələ də cəmiyyətimizdə müzakirə mövzusudur. Bu barədə sizin düşüncələriniz nədən ibarətdir?
- Aprelin 11-də keçirilən seçkilər bütün dünyaya Azərbaycan xalqının iradəsini nümayiş etdirdi. Seçki günü insanların dəstə-dəstə seçki məntəqələrinə axışmalarını, növbə ilə səs vermələrini müşahidə etmək son dərəcə qürurverici idi. Bu o anlama gəlir ki, xalq öz taleyinə biganə deyil, istəyir ki, növbəti mərhələdə də şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı etibarlı əllərdə olsun. Dövlət başçısı İlham Əliyev də vurğulayıb ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: «Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir».
Həqiqətən də, sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın daxili mənzərəsini səciyyələndirən çox əlamətdar bir amildir. Son 15 ildə Azərbaycan iqtidarı apardığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürüb, daim xalqın mənafeyindən çıxış edib. Eyni zamanda, 11 aprel seçkilərinin nəticələrindən də göründüyü kimi, cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir.
Son 15 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunu göz önündə canlandırsaq, görərik ki, ölkəmizin təcrübəsi identik və heyrətamizdir. Bəhs olunan dövrdə keçilən yola nəzər saldıqda biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
- Gələcək hədəflər haqqında nə deyə bilərsiniz?
- Ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Son 15 il ərzində iqtisadiyyatımız 3,2 dəfə artıb ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Həyata keçirilən davamlı dəstək tədbirləri, aparılan məqsədyönlü islahatlar sayəsində qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artıb. O cümlədən qeyri-neft ixracı 4,1 dəfə artıb. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 70 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub.
Bu faktlar Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir.
Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir.
Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik.
Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir. Bu yolda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inamla irəliləyir.
- Sizcə, bu nailiyyətlərin qazanılmasında sabitlik faktoru nə dərəcədə rol oynayır?
- Xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi hakimiyyətinə qayıdaraq Öz müdrikliyi, uzaqgörənliyi ilə ölkəni xaosdan, anarxiyadan qurtaran, əldən getmək təhlükəsi ilə üz-üzə qalan müstəqilliyimizi xilas edən, onun fundamental əsaslarını yaradan Ulu öndər Heydər Əliyevin siyasətinə, parlaq, həmişəyaşar ideyalarına sonsuz inam nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin parlaq ideyaları hər zaman Azərbaycanın mayakı olub və xalqımızın, dövlətimizin yolunu işıqlandırıb. Bəhs olunan dövrdə Ümummilli lider Heydər Əliyevin yolu ilə gedən respublikamız böyük uğurlara imza atıb, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Ötən 15 il ərzində dünyanın müxtəlif bölgələrində, o cümlədən də bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verib.
Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Ölkəmizdə dövlət başçısının qətiyyəti sayəsində daxili risklərin hamısı aradan qaldırılıb, eyni zamanda, Azərbaycan xarici risklərdən də özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşayıb. Bu da ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Prezident İlham Əliyev Azərbaycanda sabitliyin qarantıdır. Xalqla dövlət başçısının birliyi mövcud sabitliyi sarsılmaz edir.
- Məlahət xanım, sabitlikdən söz düşmüşkən, işğalçı Ermənistanda yaranmış vəziyyətə də münasibətinizi də bilmək istərdik. Artıq bu ölkədə xaos, anarxiya hökm sürür. Bu vəziyyətin yaranmasının kökündə hansı səbəblər dayanır?
- Ermənistanda baş verən hadisələr beynəlxalq aləmdə rezonans doğurub. Bu hadisələr reginomuzda, o cümlədən Azərbaycanda da diqqətlə izlənilir. Əslində, Ermənistandakı bu xaos çoxdan gözlənilirdi. Çünki xüsusilə son 10 ildə erməni xalqı səfalətə düçar olub, sosial-iqtisadi sahədə tənəzzülə uğrayıb. Bu illər ərzində əhali Serj Sarksiyanın girovunda idi. Sadə ermənilər başa düşürdülər ki, bu rejimlə ölkənin sonu çatacaq. Və bilirlər ki, Qarabağın işğalı erməni xalqına lazım deyil, çünki Azərbaycanın torpağıdır.
Erməni əsgərlərinin anaları da bilirlər ki, övladları işğalın qurbanına çevrilirlər. O insanlar şəhid sayılır ki, öz vətəni uğrunda canını fəda etsin. Amma başqa dövlətin ərazisini işğal edənlər isə cinayətin iştirakçısı və şahididir. Qarabağda ölən erməni əsgərləri də məhz cinayətin iştirakçılarıdır. Ona görə də, erməni anaları imkan verməməlidir ki, övladları işğalçı rejimin qurbanı olsunlar. Mən inanıram ki, Serj Sarkisyan get-tez ədalət məhkəməsi qarşısında cavab verəcək. Onu ermənilərin özləri də məhkəməyə verəcək.
Ermənistanda gərginlik başlayanda S.Sarkisyan Qarabağ kartından istifadə etməyə çalışdı, xalqı qorxutmağa cəhd göstərdi ki, guya belə vəziyyətdə Azərbaycan müharibəyə başlayacaq. Amma insanlar ona inanmadı və vəzifədən qovdular. Həqiqətən də bu gün Ermənistan dərin böhran içərisindədir. Gənclər bu ölkəni tərk edir. Təkcə Türkiyədə 100 mindən çox erməni miqrant var. İşğalçı ölkədə demoqrafik vəziyyət də acınacaqlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman beynəlxalq tribunalardan cinayətkar Sarkisyan rejimini ifşa edib. Onun çıxışlarını sadə erməni xalqı dinləyib və dəstəkləyib. Prezidentimiz haqlı olaraq Ermənistanı dalan dövləti adlandırıb. Çünki bütün sahələrdə işğalçı ölkə geriləyib, Azərbaycanın prinsipial mövqeyi nəticəsində bütün regional layihələrdən kənarda qalıb.
Təbii ki, Ermənistan vətəndaşları özlərinin aclıq və səfalətlərinin fonunda Azərbaycandakı sürətli inkişafı, yüksək rifahı görürlər. Əgər Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsəydi, regional əməkdaşlıq şəratində inkişaf edərdi. Amma Sarkisyan rejimi buna imkan vermirdi. Ona görə də, nə vaxtsa bütün bunlara qarşı erməni xalqı hayqırmalı idi və bu baş verdi. Mən əminəm ki, Ermənistandakı bu proseslərin hansı istiqamətində getməsindən asılı olmayaraq, Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad edəcək.

yap.org.az