“Erməni xalqının səfalətdən xilas olması münaqişənin tezliklə həllindən asılıdır" ÖZƏL-MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi

- Siyavuş müəllim, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq bildirdi ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Siz bunu necə xarakterizə edərdiniz?
- 2018-ci il Azərbaycan tarixinə növbəti bir uğurlu il kimi daxil oldu, həm iqtisadi, həm də siyasi sahədə böyük nailiyyətlər əldə edildi. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu baxımdan geridə qoyduğumuz 2018-ci il də istisna olmayıb. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci il 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin yaradıb, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirib. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsi ilə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir.Ötən ildə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.
- Ölkə başçısı həmçinin vurğuladı ki, Azərbaycanın güclü hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Bu haqda nə düşünürsünüz?
- Azərbaycanın qarşısında duran ən mürəkkəb problem heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Lakin ötən il Azərbaycanın Ermənistana qarşı uğurla tətbiq etdiyi “iqtisadi izolyasiya” siyasəti nəticəsində bu ölkədə ciddi sosial-siyasi kataklizmlər baş verib, hakimiyyət dəyişikliyi olub. Paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialı daha da artıb, ordumuz dünyanın ən güclü orduları sırasında ön cərgələrə çıxıb. Başa vurduğumuz ilin əlamətdar hadisələrindən biri də daim milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində, ölkə miqyasında və diplomatik nümayəndəliklərimizin yer aldığı xarici ölkələrdə geniş və təntənəli şəkildə qeyd edilməsi oldu.
- Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan son illər ərzində öz hərbi qüdrətini yüksək dərəcədə artıra bilib. Bu barədə nə deyərdiniz?
- Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarilə deyil, peşəkarlıq və texniki-təchizat baxımından da ordumuz öndədir. Həmçinin onu deyim ki, ordu üçün əsas məsələ hərbi təhsil, nizam-intizam və təchizatdır. Azərbaycan Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də təchizatına görə öndədir. İqtisadiyyatı güclü olan ölkə üçün silahlı qüvvələrin təchizatı məsələsi problem olmamalıdır. Bu mənada Azərbaycanda iqtisadi inkişaf özünün yüksək mərhələsindədir. Təbii ki, belə olan şəraitdə ordumuzun təminatına da xüsusi diqqət yetirilir.Büdcə artdıqca hər sahə üçün ayrılan vəsaitlərin həcmi də artır. Bu baxımdan orduya da ayrılan vəsait xeyli dərəcədə yüksəlib. Bu gün Azərbaycanın hərbi müdafiə sahəsinə ayrılan vəsait işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün bizim ordumuz maliyyələşməsinə görə dünyada birinci iyirmiliyə daxildir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Belə ki, öz ordusunu müasirləşdirən dövlətimiz bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Eyni zamanda, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə bizim hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırıb. Beynəlxalq sərgilərdə ölkəmizin bu yöndəki məhsullarına güclü marağın olması bunu deməyə əsas verir.
- Paşinyanın Rusiyaya sonuncu səfəri uğursuz, nəticəsiz və utancverici olub. Bunu bütün dünya KİV-ləri də öz yazılarında dərc edib. Siz bəs Ermənistanda bundan sonrakı prosesləri necə proqnozlaşdırardınız?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Ermənistandakı hərbi xunta ölkə vətəndaşlarını əsarət altında saxlayır, iqtisadiyyatı darmadağın edib, sosial problemlər pik həddinə çatıb. Sonda bu problem Ermənistan əhalisinin özü tərəfindən etiraf olundu. Cinayətkar rejimin ölkədə yaratdığı ağır vəziyyət nəticəsində iş tapa bilməyən Ermənistan əhalisi xarici ölkələrə miqrasiya etməyə məcbur olur.Dövlət başçısı müxtəlif beynəlxalq tədbirlərdə Ermənistandakı iqtisadi, demoqrafik böhranla bağlı faktları dəfələrlə səsləndirib. Azərbaycan Prezidentinin illər ərzində dediyi sözləri indi erməni xalqı deyir. Dağlıq Qarabağdakı erməni əhalisi də problemdən çıxış yolunu Ermənistan-Azərbaycan münaqişəsinin həllində görür. Ermənistan xalqının normal yaşaması üçün bu, zəruridir. Ermənistan apardığı işğalçı siyasətin nəticəsində bu gün Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq nəqliyyat layihələrindən kənarda qalıb. Hazırda Ermənistanda sənaye müəssisələri fəaliyyətini dayandırıb və ucuz qiymətə müxtəlif xarici ölkələrə satılır.Bununla yanaşı, hərbi xuntanın bir qrup üzvü narkotik maddələrin qanunsuz dövriyyəsi və gizli silah satışı ilə məşğuldur. Əldə olunan maliyyə vəsaiti isə terrorçu qrupların hazırlanmasına sərf edilir. Müxtəlif xarici ölkələrdəki erməni diaspor təşkilatları Ermənistana göstərilən maliyyə yardımlarını dayandırıblar. Ermənistanın yeni rəhbərliyi bütün bunları nəzərə alıb normal siyasi fəaliyyətlə məşğul olmalı, dövlətimizin başçısının qeyd etdiyi kimi, əvvəlki hakimiyyətin səhvlərini təkrarlamamalı və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görməlidir. Çünki erməni xalqının səfalətdən xilas olması Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllindən asılıdır.
- Mehman Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarları ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Sizcə bu insanların məqsədi nədir və nəyə nail olmaq istəyirlər?
- Ümumiyyətlə, Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub. M.Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu. Onun qardaşı Emin Hüseynov da bir müddət İsveçrənin Bakıdakı səfirliyində yaşadı, sonra İsveçrəyə getdi. Yəni bu adamların məqsədi dövlətə, xalqa xidmət deyil, ölkəmiz, dövlətçiliyimiz, xalqımızı haqqında mənfi informasiya yaymaqdır. Kim hansı əməli törədibsə, cəzasını almalıdır. Mehman Hüseynov da cinayət törədib, eyni zamanda, vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Kim olursa-olsun, cinayət törədibsə, mütləq cəzasını almalıdır. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır.Antimilli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniyaya başlamaq üçün fürsət kimi istifadə edirlər. Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoriya Nulandın "uşaqları"nın çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü. Antimilli şəbəkə və onların xaricdəki havadarları unutsalar da, dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq dilində danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil.

sia.az