Azərbaycançılıq və Azərbaycan tarı

Azərbaycançılıq ruhunun aşılanmasında qədim milli musiqi aləti olan Azərbaycan tarı xüsusi rol oynayır. Tar mizrabla çalınan simli, peşəkar alətdir. Onu X əsrdə Türküstan türklərindən olan Tərxanın oğlu Məhəmməd Cərco şəhərinin Frab kəndində icad edb. Tarın ilkin forması 5 simli, sadə olub. Sadıqcan 1870-1875-ci illərdə tar üzərində bir sıra uğurlu islahatlar aparıb, ona daha 6 sim əlavə edib. Tarın adına Qətran Təbrizi (XI əsr), Ə.Təbrizi (XIV əsr), Kişvəri, M.Füzuli (XVI əsr) Qövsi Təbrizi (XVII əsr) kimi klassiklərin şeirlərində rast gəlirik.

Tar farsca tel, sim deməkdir. Bəzi mənbələrə görə tara qədimdə vətər də deyiblər. Vətər isə dairənin hər hansı iki nöqtəsini birləşdirən düz xəttə deyilir.

Tarın diapazonu kiçik oktavanın do səsindən II oktavanın sol səsinə qədərdir. Alət transpozisiyalıdır, əsasən, in H, yəni si köklənir, notları metso-soprano açarında yazılır.

1931-ci ildə Ü.Hacıbəyli tərəfindən yaradılan Azərbaycan xalq çalğı alətləri orkestrində tarlardan bu günə kimi aparıcı alət kimi istifadə edilir. Tar həm uşaq musiqi məktəblərində, həm musiqi texnikumlarında, həm də ali təhsil ocaqlarında tədris olunur.

1935-ci ildə S.Rüstəmovun "Tar məktəbi" adlı kitabı çapdan çıxıb. XX əsrin 60-cı illərində həvəskar tarzən Varid Fərzəlibəyov tarın bəm (bas) formasını icad edib. Sonralar Q.Qasımlı və B.Balabəyov da daha 2 növ fərqli bəm tar hazırlayıblar.

Böyük Azərbaycan sənətkarları milli ruhun aşılanmasında tara yüksək qiymət vermişlər. Fikrət Əmirovun qeyd etdiyi kimi, axı tar azərbaycanlılar arasında ən geniş yayılmış, simləri xalqın ürək telləri ilə həmahəng səslənən çox qiymətli musiqi alətidir. Üzeyir Hacıbəyov tarı bəzi "solçuların" hücumlarından müdafiə etməklə zəngin xəzinəmizi - Azərbaycan xalq musiqisini müdafiə edirdi. Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası günlərində simfonik orkestrdə sarı simli Azərbaycan tarının və başqa milli çalğı alətlərinin müvəffəqiyyətlə səslənməsi Hacıbəyovun yaradıcılıq ideyalarının qələbəsi və milli musiqimizin təntənəsi idi. O öz fikrini izah edərkən belə deyirdi: "Mən tarın bu operada iştirak etməsi üçün başqa cür düşünürəm. Hərgah tarı, milli bir alət olduğu üçün irəli çəkmək istəsəydim, o zaman kamançaya da müəyyən yer verərdim. Lakin bu, lazım deyildi. Şərq musiqisi əsasında yazılan əsərdə kamançanın vəzifəsini skripka daha yaxşı bədii bir surətdə ifa edə bilər. Lakin tar belə deyil, tarın tembri orkestrdə yenilik yaradır və onun incə səsləri artıq dərəcədə xoşa gəldiyi üçün orkestrə daxil edilməsini lazım bilirəm".

Xalq yazıçısı Mirzə İbrahimov "Üzeyir Hacıbəyov sənət və sənətkarlıq haqqında" adlı məqaləsində haqlı olaraq yazır ki, inqilabi çevrilişi cəmiyyətin köhnəlmiş iqtisadi-ictimai, siyasi və məişət formaları dağılarkən və bütün bunlar yenidən qurularkən ədəbiyyat və incəsənətdə yeni ruh, yeni meyillər hakim olmağa başlarkən, dünəndən qalan irsə qarşı mühafizəkarlıqla yanaşı, ifrat-solçu münasibətlər də özünü göstərir. 20-ci illərdə Azərbaycanda da belə hallara tez-tez rast gəlmək olurdu. Musiqi sahəsində bu solçu meyillər, xüsusən, "tar məsələsi"ndə daha qabarıq şəkil aldığından, o zaman nəzəri cəlb etmişdi. Avropa musiqi formalarının bizdə yayılmasını ürəkdən istəyən Üzeyir Hacıbəyov "hətta tarın xalq musiqisi aləti cümləsindən olduğuna da inanmayan" yoldaşlarla mübahisəsində deyirdi: "Avropa musiqisindən əlavə bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar özümüz Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə qarşı biqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq musiqi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mühümüdür".

Sənətşünas Vaqif Əbdülqasımov tarın muğam operalarında əvəzsiz rolundan bəhs edərək, göstərir ki, Azərbaycan milli opera janrının əsasını muğam operaları təşkil edir. Bu janrın yaradıcısı böyük bəstəkarımız Üzeyir Hacıbəyov olmuşdur. Onun ilk muğam operası olan "Leyli və Məcnun" 1908-ci ildə öz səhnə təcəssümünü tapmaqla Azərbaycanda opera sənətinin əsası qoyulmuşdur. Bu uğurlu operadan sonra Ü.Hacıbəyov "Əsli və Kərəm", "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşid Banu", "Harun və Leyla" kimi muğam operaları yazmışdır.

Üzeyir Hacıbəyovun muğam operaları yaratmaq ənənəsini sonralar Müslüm Maqomayev ("Şah İsmayıl"), Z.Hacıbəyov ("Aşıq Qərib") və başqaları davam etdirmişlər.

Muğam operalarında simfonik orkestr əsərlərin müqəddimələrini, rəqs, marş kimi instrumental nömrələrini, operanın hadisələrinə müvafiq müxtəlif orkestr epizodlarını, səhnəarası musiqi parçalarını çalır, xor, solo-vokal və vokal ansamblları müşayiət edir. Bütün bunlarla yanaşı,muğam operalarında əsas ağırlıq Azərbaycan xalq çalğı aləti - tarın üzərinə düşür. Məlumdur ki, opera dramaturgiyasında vokal formaların xüsusi rolu vardır. Operanın ideyasının açılması, onun daxili aləmindən gələn xüsusiyyətlərin üzə çıxarılması üçün vokal forma əsas vasitələrdəndir. Ariya da vokal formanın mühüm sahəsidir. Muğam operalarında ariyanı, ariozonu və mahnı kimi vokal formalarını muğam oxunuşu əvəz edir. muğam oxumada isə tar müstəsna rola malikdir. Tar muğam operalarında simfonik orkestrin tərkibində digər musiqi alətləri ilə bərabər hüquqla iştirak edərək, solo-vokal muğam partiyalarını müşayiət edir və ona yol göstərir. Bir sözlə, vokal partiyanın inkişafına imkan yaradır. Bu dediklərimizlə əlaqədar olaraq, "Leyli və Məcnun" operasına müraciət edək. Bu operada klassik operalardan fərqli olaraq tamamlanmış, bitkin musiqi formaları - ansambllar, reçitativlər, antrakt və s. yoxdur. Hadisələrin inkişafı, dramaturgiyası, obrazların daxili aləmi məhz muğamlar vasitəsilə verilmişdir. Doğrudur, operada ənənəvi formalar - müqəddimə, xorlar, duet, trio və s. var. Lakin qeyd olunan formalarla yanaşı, tarın müşayiəti ilə oxunan muğam parçaları mühüm rol oynayır. Operada xalq musiqimizin digər janrlarından - zərbi-muğamları, təsnif, rəng, xalq mahnıları və rəqslərindən geniş istifadə edilib.

"Leyli və Məcnun" operasında tarın milli xüsusiyyətə malik tembrini, səs düzümünü, simfonik orkestrlə uzlaşma və xüsusi kolorit yaratmaq xüsusiyyətlərini müqəddimədə görmək olar. Operanın müqəddiməsində skripka və ağac nəfəs alətlərlə alt mizrablarla (V) ifa etdikləri "Heyratı" zərbi-muğamının melodiyası deyilənlər üçün səciyyəvi misal ola bilər.

Onu da qeyd edək ki, bəstəkar tardan təkcə melodiya üçün deyil, həm də akkordların, polifonik ünsürlərin ifasında da istifadə edir.

Beləliklə, Ü.Hacıbəyov "Leyli və Məcnun" operasının müqəddiməsində tarın simfonik orkestrdəki rolunu nümayiş etdirməklə, onun gələcək səhnələrindəki fəaliyyətini müəyyənləşdirir.

Böyük bəstəkarımız Azərbaycan tarına yüksək qiymət verərək, "Sehrli tar", "Sarı simin möcüzəsi" adlı məqalələr yazmışdır. Fikrət Əmirov tar haqqında yazmışdır: "Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir aləti deyil, sanki bir orkestri əvəz edir. Özü də orkestrin aparıcısıdır. İfaçı dəstəsi üçlük də, beşlik də olanda aparıcı tarzən olur. Odur ki, tarzənin muğamın sirlərinə vaqif olması vacib sayılır. Bu baxımdan, doğru deyirlər ki, xanəndəni oxudan - oxuyanı oxudan tarzəndir. Qurban Primovun sənət varlığı, ölməzliyi tardadır. Tar və Qurban Primov ayrılmaz bir vəhdətdədir.

Fikrət Əmirov tara azərbaycançılıq mövqeyindən münasibətin formalaşmasında Üzeyir Hacıbəyovun rolunu xüsusi qeyd edir: "Məlum olduğu kimi, 20-ci illərdə musiqi həyatımızda tar ilə əlaqədar mübahisələr xüsusilə ciddi şəkil almışdı və "hətta tarın xalq musiqisi aləti... olduğuna da inanmayanlar vardı. Məsələnin daha çox çətinlik törədən tərəfi o idi ki, bu fikri respublikada mədəniyyət üçün məsul olan vəzifəli şəxslərin dilindən eşitmək olurdu. Bununla belə, Üzeyir Hacıbəyov vicdanının səsini boğmur, Azərbaycan xalq musiqisinin əsaslarını uzun illər dərindən-dərinə təbliğ etmiş dahi bir sənətkar kimi sarı simli tarın müdafiəsinə qalxırdı. O, Şərq musiqisini lazımınca qiymətləndirməyənlərə qarşı çıxır və yazırdı: "Əlbəttə, əgər bir musiqi təhsilindən ibarət yalnız Avropa musiqisini hesab etsə idik, biz də tar təhsilinin lüzumsuz bir şey olduğunu iqrar edib ləğv tərəfdarı olardıq. Fəqət, bu xüsusda bizim fikrimiz belədir ki, Avropa musiqisindən əlavə bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar özümüz Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə qarşı laqeyd qalırıqsa, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq. Tar isə - Şərq musiqisi təhsilini genişləndirə bilən alətlərdən ən qiymətlisi, ən mühümüdür... Musiqi məktəbi tara yalnız elmi cəhətdən yanaşır və onu Şərq musiqisinin əsası olan muğamatın kəşf və şərhi üçün elmi bir alət sifəti ilə öz proqramına daxil edir".

Beləliklə, "Şərq musiqisinin əsası olan muğamatın kəşf və şərhi üçün elmi bir alət" mahiyyəti daşıyan tarın Qurban Primov kimi ustad sənətkarın musiqi həyatımızın xüsusən həmin dövrdəki və daha sonrakı dövrlərdəki taleyi üçün necə əvəzsiz simalardan biri olduğu tamamilə aydın olur.

Fikrət Əmirov tar ifaçısı kimi Qurban Pirimovu yüksək dəyərləndirirdi: "Qurban Primovun sənətinin sirri nədədir? Əvvələn, onu deyim ki, XX əsr nəsli, o cümlədən də, biz gözümüzü açıb Qurban Primovu eşitmişik. İndiki Azərbaycan tar tarixinin yaradıcısı, novatoru Sadıqcandır, ancaq Qurban Primov onun canlı tarixi, ilk və böyük təbliğatçısıdır. Qurban Primovun üstünlüyü bir də bundadır ki, Azərbaycan tarını bir çox ölkələrdə, o cümlədən, xaricdə ilk dəfə sinəsinə basıb çalan məhz o olub. Ona qulaq asanda, elə bil, Göy Gölün mənzərəsini, Kəpəzin, Şahdağın şəlaləsini görürsən, eşidirsən. Bu ifada Azərbaycan bütünlüklə muğam sədalarına dönüb gözünün önündə yenidən canlanır.

Azərbaycan tarının real ifaçılıq məktəbinin əsasını qoyduğu üçündür ki, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşov onun yetirmələridir. Qurban Primovun ifası bütün tarzənlərin ifasından öz orijinallığı ilə seçilir.

...Ən yaxın adamlarının da dediyinə görə, Qurban Primov tara, sənətə ən müqəddəs bir varlıq kimi baxır, onu çörək qədər uca tuturdu. O, tar çalanda, elə bilirdin ki, tar sanki səninlə danışır, hər kəs sanki tarla danışır. O, səhnəyə çıxarkən oturuşu və ilk hərəkətləri ilə tamaşaçı və özü arasında ünsiyyət yaradırdı və sən tara qibtə edirdin. Qurban Primovun güclü, dolğun mizrabı var idi. Onun biləyi, alt-üst mizrablarının hərəsi bir aləm idi. Elə bil ki, simfonik orkestrin rəngarəng ahəngini eşidirdin.

Doğrudan da, Qurban Primov öz şəxsiyyəti, sənətinin xəlqiliyi, insaniyyəti, dosta vəfası, sədaqəti etibarilə əsil mənada, Azərbaycan xalqının içərisindən çıxmış bir şəxsiyyət idi. O, bildiyini öyrətməkdən nəinki yorulmur, əksinə, mən deyərdim, əsil sənət həzzi alırdı. Böyük sənətkardakı bu böyük məziyyəti yaxından-yaxına müşahidə etmək səadəti mənə də qismət olmuşdu".

Böyük sənətkar "Sarı simin möcüzəsi" məqaləsində isə tarzən Bəhram Mansurovdan bəhs etmişdir: "Çox qədim zamanlardan bəri Azərbaycan özünün sevimli xanəndələri və musiqiçiləri ilə məşhurdur. Onlardan bir çoxunun - Sadıqcanın, Hacı Hüsünün, Keçəçi Məmmədin, Cabbar Qaryağdıoğlunun, Məşədi Zeynalın, Qurban Pirimovun, Seyid Şuşinskinin və başqalarının adı milli musiqi mədəniyyətimiz tarixinə daxil olmuşdur. Bu görkəmli sənətkarlar nəslinə mənsub olanlardan biri də Bəhram Mansurovdur. Bəhram tarçı ailəsində doğulmuşdur. Onun babası və atası istedadlı musiqiçi olmuşlar. XIX əsrin axırlarında Bakıdakı musiqi-maarif cəmiyyəti Məşədi Məlik Mansurovun adı ilə bağlı idi. Xalq ifaçılıq ənənələrini Məşədi Süleymandan sonra onun qardaşı, Azərbaycanın ən yaxşı tarzənlərindən biri olan Mənsur Mansurov davam etdirdi. Bəhram Mansurov da öz ata-babasının yolu ilə getdi".

Beləliklə, Azərbaycan milli musiqi alətləri içərisində özünəməxsusluğu ilə fərqlənən Azərbaycan tarı xalqımızda azərbaycançılıq ruhunun aşılanmasında əvəzsiz rol oynayır.


Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru