Sumqayıtda elmi-praktik konfrans keçirilib
Sumqayıtda şəhərin 60 illik yubileyi ilə əlaqədar olaraq "Sumqayıt 60 il: sosial-iqtisadi tərəqqi, inkişaf və nailiyyətlər" mövzusunda konfrans keçirilib. "Kimyaçılar" Mədəniyyət Sarayında baş tutan konfransdan əvvəl Sumqayıtın sosial-iqtisadi inkişafını və nailiyyətlərini əks etdirən sərgi nümayiş etdirilib. Sonra konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə açan Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərin yarandığı gündən indiyədək keçdiyi inkişaf yolundan, bu şəhərin tərəqqisində ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərindən və bu gün Prezident İlham Əliyevin şəhərə göstərdiyi diqqət və qayğıdan, bu diqqət və qayğının təzahürü olaraq dövlət başçısının "Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında" 24 aprel 2009-cu il tarixli sərəncamın imzalamasından söz açdı.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 34 il müddətində 16 dəfə Sumqayıta səfər etdiyini və buranı "Kiçik Azərbaycan", "Birlik və həmrəylik şəhəri" adlandırdığını xatırladan natiq, şəhərin Heydər Əliyevin 2003- cü il aprel səfərindən sonra, daha da sürətlə tərəqqi etməsini qeyd edib. Şəhərin günü-gündən daha da inkişaf etdiyini diqqətə çatdıran V.Əliyev bunun nəticəsi olaraq hazırda Sumqayıtda 27 bank filialının, 13 özəl klinikanın fəaliyyət göstərdiyini, sahibkarlığa əlverişli biznes mühiti yaradıldığını və bunun nəticəsi olaraq hazırda şəhərdə iri sənaye müəssisələrinin istehsal prosesi ilə məşğul olduğunu vurğulayıb: "Son illər ərzində şəhər üçün xarakterik olmayan yeni sənaye müəssisələrinin işə düşməsi isə şəhərin sənaye xəritəsinin rəngarəngliyini artırmaqla, sənaye məhsulu istehsalının həcmində illər boyu kimya müəssisələrindən olan asılılığı aradan qaldırmışdır. İri diametrli şüşə lifli boru istehsalı üzrə yeni zavod - "Azkompozit" MMC Oğuzdan paytaxt Bakıya içməli su nəql edəcək uzunluğu 260 km olan xəttin çəkilişini təmin edir.
Şəhər əhalisinin və ətraf regionların un məmulatlarına olan tələbatını ödəməyə imkan yaradan "Bismak" müəssisəsi Avropanın ən yeni texnologiyasını istifadə etməklə özünün biskvit və makaron məhsulunu ölkəmizdən kənara da ixrac edir. 40 hektar sahəni əhatə edən ərazidə MDB məkanında analoqu olmayan, mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqilləri və güc kabelləri istehsal edən "Texnologiyalar parkı" inşa edilir. Tikinti materialları, yeyinti məmulatları, məişət malları istehsalı üzrə ixtisaslaşmış onlarla yeni müəssisə şəhərin sənaye xəritəsinin müasir görkəm almasına səbəb olmuşdur".
Sonra çıxış edən AMEA kimya bölməsinin akademik katibi, akademik Nadir Seyidov "Sumqayıtda neft-kimya sənayesinin inkişaf perspektivləri", Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov "Sumqayıt şəhərində ali təhsilin dünəni, bu günü və sabahı", İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahib Məmmədov "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında regional proqramların rolu", "Aztelekom" İstehsalat Birliyinin baş direktor müavini Mehman Həsənov "Sumqayıt rabitəsi: nailiyyətlər və perspektivlər", şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında təhsilin rolu", şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov "Sumqayıt şəhərində mədəniyyət sahələrinin inkişaf tarixi, perspektivlər", şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov "Sumqayıt gənclər şəhəridir" mövzusunda məruzələr ediblər. Konfransda ayrı-ayrı nazirliklər, komitələr və şirkət nümayəndələri iştirak ediblər.