Əli Həsənov: "Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir"
Azərbaycan müstəqilliyini ikinci dəfə elan etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının da daha münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görüldü. 1993-cü ildən başlanan proses çərçivəsində vətəndaş cəmiyyəti, eləcə də QHT-lərlə bağlı qanunvericilik sisteminin yaradılması, hökumətlə münasibətlər, bir sıra mühüm QHT hadisələri və s. nəzərə çarpdı.
Müstəqilliyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu.
Ulu Öndər Heydər Əliyevin tarixi mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Bu konstitusiya dövlətçiliyimiz və həm də vətəndaş cəmiyyətimiz üçün mühüm tarixi sənəd oldu. Çünki keçmiş bütün sənədlərdə yalnız məhdud və ideoloji çərçivədə olan birləşmək hüququ var idi. Bu hüququn təminatı belə yox idi. 1995-ci il konstitusiyasının 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Əslində, müasir və beynəlxalq standartlara uyğun olaraq yaranmış və fəaliyyət göstərən QHT-lər, məhz 1995-ci il konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdı. Əlbəttə ki, müstəqilliyin ilk illərində ictimai birliklərin dövlət qeydiyyatına alınması bu dövrdə vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişaf etdiyindən bəhs etməyə əsas vermir. Amma 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq dövlət müstəqilliyinin verdiyi böyük imkanın hüquqi ifadəsi idi.
Məhz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan QHT sistemi bu günümüzdə də inkişaf etməkdə, fəaliyyətini daha da genişləndirməkdədir. QHT-lərin inkişafı istiqmətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlar bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan Avropa Şurası və onun strukturları ilə səmərəli əməkdaşlıq edir və təsadüfi deyil ki, avropalı ekspertlərin iştirakı ilə son illər ölkəmizdə QHT sahəsində də mühüm islahatlar aparılıb. Ədliyyə Nazirliyi də layihələrin həyata keçirilməsinə dəstək verib, Avropa Şurasının Bakı ofisi ilə səmərəli iş aparılıb.
Qeyd edək ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. Son 10 il ərzində dövlət qeydiyyatına alınmış təşkilatların sayı 2 dəfə artaraq, hazırda 3 mini ötüb. Onlardan 500-ə yaxını, bilavasitə insan hüquqları və hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır. Qeyri-hökumət təşkilatlarına təkcə son iki ildə 95 milyon manatdan çox vəsait ayrılıb. Təhlillər göstərir ki, 2015-ci ildə qrantların təxminən 58 faizi, məhz yerli donorlar tərəfindən verilib. Bu gün qeyri-hökumət təşkilatları ictimai həyatın müxtəlif sahələrində çox mühüm işlər görərək, uğurlu proqram və layihələr həyata keçirirlər. Bununla da dövlətimizin və cəmiyyətimizin davamlı inkişafında onların rolu getdikcə artır.
Məhz Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib.
Bu kontekstdə iyunun 2-də Bakıda Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Vətəndaş cəmiyyəti dialoqu" layihəsinin təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, qeyri-hökumət təşkilatları hər bir demokratik cəmiyyətdə mühüm ictimai funksiya daşıyır. İctimai təşkilatlarda çalışaraq təcrübə toplamış şəxslər sonradan fəaliyyətlərini müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla davam etdirirlər. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur. Bəzi ictimai sektor təmsilçilərinin və beynəlxalq təşkilatların son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlı narahatlığına toxunan Prezidentin köməkçisi deyib ki, həmin dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılması üçün edilib.
Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. Bu məqsədlə ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunub. Son üç il yarımda yalnız bu iki təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir. 2012-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, quruma xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları proqram və layihələri dəstəkləmək səlahiyyəti verilib.
Bir sözlə, Azərbaycanda QHT sektorunun inkişafı prioritet olaraq qəbul edilir və vətəndaş cəmiyyəti institutları siyasi-ictimai, sosial-iqtisadi tərəqqisində danılmaz rolu qəbul edilməkdədir.
"Səs" Analitik Qrupu