Deyir, bu siyasət deyilən məsələ elə bir şeydir ki, həqiqətən də onun nə dalı, nə də ki, qabağı görünmür. Xüsusilə, bu amil özünü, adətən seçkilərdən sonra daha çox görünür. Amma bütün bunlara baxmayaraq, vaxtilə normal siyasət deyilən bir amili bu gün çox pis vəziyyətə salanlar olmasaydı, siyasət elə normal siyasət kimi də qalacaqdı. Yaxşı, bəs siyasəti bu hala salanlar kimlərdir? İlk öncə, iqtidar tərəfdə belə şeylərin olmadığını da deməliyəm. Çünki iqtidar nəmxuda və çox şükür ki, 20 ildən artıq müddət ərzində öz dəyişilməz, monolit, təməlli siyasətini aparır. Ona görə də siyasətin bu tərəfi barədə hər hansı bir mübaliğə aparmaq da lazım deyil və faktlar da bunu göstərir.
Ancaq iqtidardan fərqli olaraq, müxalifət tərəfi, ümumiyyətlə siyasətin nə olduğunu qanmamaqla yanaşı, heç özünü də doğru-dürüst apara bilmir və siyasətin nə olduğunu, ümumiyyətlə qanıb-qandırmır. Bilirsiniz niyə? Çünki onların siyasətlərini özləri deyil, məhz başqaları yürüdür! Belələrinə isə siyasətçi yox, siyasətbaz deyilir. Diqqət yetirsək, onu da görərik ki, müxalifət siyasətbazları arasında hər cür insana rast gəlmək mümkündür. Boş-boş vədlər verən, uydurma, həqiqətə uyğun olmayan, boğazdanyuxarı çıxışlarla lazımsız dividend qazanmağa çalışan, keçmişi olmayan, bu günü müəmmalı, sabahı isə görünməyənlərə bu müxalifətdə çox rast gəlmək olur. Ancaq nə fərqi var ki? Bütün bu kimi hallara baxmayaraq, həmin siyasətbazlar özlərini cəmiyyətə tam fərqli formada təqdim etməyə, yəni əslində, olduqlarından fərqli görünməyə can atırlar. Bu tip siyasətbazların iddiaları isə reallıqla heç cür üst-üstə düşmür və belə davam edəcəksə, heç düşməyəcək də. Çünki onlar potensiallarını düzgün qiymətləndirmədən daim qədərindən artığına yiyələnməyə çalışırlar. Elə AXCP sədri Əli Kərimli, Müsavatın sabiq başqanı İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlını - bütövlükdə isə onların yan-yörələrində olan o biri siyasətbazları göstərmək olar.
Fəqət, hələ bu harasıdır ki?! Bu gün siyasi arenada "cırtdan" partiyaların sədrcikləri var ki, onlar danışanda adam lap mat-məəttəl qalır. Deyirsən ki, buna dağ versən, dağı ikicə dəqiqənin içində "yıxıb-qoyar böyrü üstdə". Məsələn, VAMBP sədri Hacıbaba Əzimov, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, AXP sədri Pəhan Hüseyn qəbildən olanlar danışanda şəxsən məni az qala xof tutsun. Hətta bəzi hallarda gecələr gözümə yuxu-zad da gəlmir. Qardaş, bir də görürsən ki, "cırtdan" partiyanın sədri elə "nəhəng" bəyanatlar verir, elə "ciddi" fikirlər irəli sürür ki, düşünürsən və deyirsən, belə getsə, bunlar "vot-vot" akula müxalifətçiləri də hop edib, iqtidara gəlmək ərəfəsindədirlər. Daha onlara deyən yoxdur ki, ay filankəs, sənin ətin nədir, budun nə?! Sən hara, siyasət hara?.. Yəni onların əsas amalı siyasətlə-filanla məşğul olmaq yox, məhz daha çox gəlir əldə etmək, qrantdan-filandan qazanıb cibişdana ötürməkdir.
İndi, bu siyasətbazlar da ümidlərini dikiblər 2015-ə, 2018-ə! Sanki 2015-2018-də qərbli Con və Devid əmiləri bunlara sorma konfet, manpası verəcək ki, gedin başınızı qatın, biz də öz işimizdə olaq. Ancaq onu da soruşmaq lazımdır ki, ay binəvalar, axı bu günə qədər manpası, sorma konfetlər sorub hansı "şücaəti" göstərmisiniz ki, indi də prezident və parlament seçkilərinindən dəm vurursunuz?! Nə isə, onsuz da onlar haqqında 22 ildir danışıb-yazırıq, amma düzəlmirlər ki, düzəlmirlər. Elə onlar düzəlməsələr yaxşıdır.