Təbii ki, hər bir normal, demokratik cəmiyyətdə müxalifətin olması vacibdir. Amma özünə hörmət edən hər kəs deyər ki, vallah, Azərbaycan müxalifətini necə görmüşəmsə, eləcə də qalıb. Sual edəndə ki, nəyə görə belə düşünürsən? Cavab verər ki, müxalifət, əslində, siyasi fəaliyyətə başladığı gündən üzübəri dəyişməz təxəyyülə, təfəkkürə və həmin təsəvvürə malik olan primitiv siyasi dairədir.
Bu pimitiv siyasi dairə ancaq özünü "atalı" "analı" olmaqla "çox güclü" olduqlarını iddia edirlər. Ancaq anlamırlar ki, ötən zaman kəsimində "əriyərək" yoxa çıxmağa başlayıblar. Yəni mövcud olduqlarını deyənlər indi yox olmamaq üçün belə özlərində güc tapa bilmirlər. Xüsusilə, müxalifətin dağıdıcı qanadı olan Müsavat və AXCP-də durğunluğun yaşanması, qarşıdurmaların yaşanması da təbii ki, səbəbsiz deyil.
Maraqdoğurucu məqamlardan biri də müxalifətin uzunmüddətdən bəri bəzi yenilənmələrə getmək yerinə, daha çox köhnələrlə işləməyə üstünlük verməsidir. Ancaq durumun kritikliyi də ondadır ki, artıq nə Müsavat, nə də AXCP rəhbərliyi heç geriyə belə bir yol görmür. Çünki istəkləri budur ki, müxalifətçilik "bazarı"nda monopolistliyə yiyələnmək.
Müxalifət nə etməlidir ki..?
Mövcud siyasi reallıq da bunu göstərir ki, ölkədə fəaliyyət göstərən siyasi müxalifət zəif vəziyyətdədir. Təbii ki, bunun konkret səbəbləri var. Hazırda isə ortada olan faktlardan biri də cəmiyyətin müxalifəti dəstəkləmək arzusu ilə müxtəlif yollar axtarılmasında baş verən uğursuzluqlardır.
Beləliklə, müxalifətin zəif olması çox ciddi faktorlara dayanır. Çünki müxalifət xalqa deyil, xarici ölkələrdə fəaliyyət göstərən və onlara qrant paylayan erməni lobbisinə arxalanır. Yəni radikalların xalq, dövlət, millət faktoruna aidiyyatları yoxdur. Onlarınkı pul-para və həmin pul-para müqabilindəki dağıdıcılıq fəaliyyətidir.
Daha bir məsələ isə özünü müxalifətçi elan edərək, bir neçə il ard-arda mitinqlərdə, aksiyalarda iştirak edib, sonradan Qərb ölkələrində sığınacaq axtarmaq arzusudur. Məhz bu amil də düşərgənin dağılma prosesini tezləşdirir.
Bu zaman sual yaranır: əcəba, müxalifət nə etməlidir ki, az-çox hər hansı bir siyasi vəziyyətdə nəzərə çarpa bilsin? Əgər bunu bilmirlərsə, onda məsləhət verə bilərik. Məsələn, ən azından siyasi proseslərin arxasınca sürünməkdənsə, özləri proses yaratmalıdırlar. Mütləq bir addım öndə olmalıdırlar ki, hakimiyyət düşünsün ki, görəsən, müxalifətin növbəti addımı nə olacaq?
Beləliklə, görünən də budur ki, bu gün heç bir radikal müxalifət siyasi partiyasının ayrı-ayrılıqda özünə inamı yoxdur. Çünki ilk öncə, onların özləri reallığa doğru qiymət verməyi bacarmalı və ağı-qaradan, qaranı da ağdan seçməlidirlər. Fəqət, müxalifətin özü rəngsiz və çalarsız olduğu üçün, hətta rəng seçimində də çətinlik çəkir.