“Cəfər Cabbarlı: Həyatı və mühiti” kitabının təqdimat mərasimi keçirildi
Azərbaycan ədəbiyyatının XX əsrin görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının 110 illik yubiley tədbirləri çərçivəsində tanınmış tədqiqatçı-alim Asif Rüstəmlinin gərgin elmi axtarışlarının bəhrəsi olan "Cəfər Cabbarlı: Həyatı və mühiti" kitabının təqdimat mərasimi keçirildi. Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyevdir. Mərasim dramaturqun ev- muzeyində keçirildi.
Tədbirə alimlər, araşdırıcılar, ali məktəb tələbələri, müəllimlər, müğənnilər, aktyorlar, ictimaiyyətin nümayəndələri, bir sözlə, cabbarlısevərlər toplaşmışdılar. Muzeyin direktoru Gülarə Cabbarlı Cəfər Cabbarlı yubileyinin respublika miqyasında davam etdiyini və bugünkü mərasimin həmin silsilə tədbirlərdən olduğunu vurğuladı. Gülarə Cabbarlı atası haqqında yazılmış yeni kitabda ədibin ailəsinə indiyədək məlum olmayan müxtəlif yeni faktlar və sənədlərlə ilk dəfə tanış olduğunu bildirdi.
Tədbirin aparıcısı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev tədqiqatçı-alim Asif Rüstəmlinin Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirərək, müəllifin "Cəfər Cabbarlı: Həyatı və mühiti" əsərinin böyük dramaturqun müxtəlif illərdə yazdığı "Çırpınırdı Qara dəniz", "Tufanlardan keçən ömür", "Susmaz duyğuların səltənətində" və "Ədəbi istiqlalımız" kitablarından sonra ədəbi-ictimaiyyətlə beşinci görüşü olduğunu bildirdi.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatında, Azərbaycan dramaturgiyası tarixində rolundan danışaraq, qeyd etdi ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatı tarixində tanınan sənətkarlardandır. Əsil istedad sahibi, nadir ədəbi sima, böyük dramaturq, xalqına və vətəninə bağlı insan olan Cəfər Cabbarlının yaradıcılığı həyatın bütün dövrlərində aktualdır, həmişəyaşardır. Akademik daha sonra vurğuladı ki, sovet dönəmindən üzü bəri ədibin həyatı, yaradıcılığı, əsərlərindəki adlar və obrazlar qalereyası haqqında yazılan çoxsaylı tədqiqat əsərləri sırasında Asif Rüstəmlinin illərdən bəri üzərində işlədiyi "Cəfər Cabbarlı: Həyatı və mühiti" kitabı elmi yenilikləri və ədəbi tapıntıları ilə daha zəngin, qiymətli və oxunaqlıdır.
Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Gülşən Əliyeva, sənətşünaslıq fakültəsinin dekanı Vəfa Xanoğlan, professor Əzizağa Quliyev, "Xalq qəzeti"nin baş redaktor müavini, əməkdar jurnalist Tahir Aydınoğlu, şair Oqtay Rza, əməkdar artist Eyyub Yaqubov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Xədicə Murad, Qarabağ müharibəsinin iştirakçısı, polis mayoru Aida Şirin, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, "Zirvə" Ziyalılar İctimai Birliyinin sədri Minayə Dəyanətqızı və başqaları çıxış edərək, kitabın məziyyətlərindən söz açdılar.
Azərbaycan ədəbiyyatının korifeylərindən olan Cəfər Cabbarlının anadan olmasının 110, vəfatının 75 illiyi ilə əlaqədar "Elm" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunmuş "Cəfər Cabbarlı: Həyatı və mühiti" kitabı, əsasən, ədəbiyyatşünaslar, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.