İqtisadiyyat

  • 1 452

Azərbaycan IMF ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

image

Bakıda təşkil olunmuş Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Beynəlxalq Valyuta Fondunun (IMF) Gəlirlər Administrasiyası Baş İdarəsinin müavini Margaret Kotton ilə görüş keçirib. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.Məlumata görə, görüşdə ölkəmizin IMF ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb, təşkilatın biznes mühitinin təkmilləşdirilməsi və dövlət – özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.Görüş zamanı Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən forumun əhəmiyyəti və mövzunun aktuallığı xüsusi vurğulanıb. Bildirilib ki, “yaşıl iqtisadiyyat"ın dəstəklənməsi, aşağı karbonlu biznes həllərinə keçidin sürətləndirilməsi ölkələrin əsas fəaliyyət istiqamətini təşkil edir. Bu xüsusda iqtisadi aktivliyin sabit saxlanılması, ədalətli yanaşmanın tətbiqi və biznes mühitinin dəstəklənməsi şəraitində dekarbonizasiyanın həyata keçirilməsi beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərdəndir. Qeyd edilib ki, karbon qiymətqoyması və karbon vergisinin tətbiqi mexanizmləri ciddi araşdırılmalıdır. O. Nəzərli vergi orqanlarının bu istiqamətdə təhlillər apardığını və beynəlxalq təcrübəni öyrəndiyini bildirib. Tərəflər karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirməklə bağlı fikirlərini bölüşüblər.Görüşdə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı, biznes mühitinin təkmilləşdirilməsi, dövlət – özəl tərəfdaşlığının təşviqi istiqamətində vergi alətlərinin tətbiqi üzrə IMF ilə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib. Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə fikirlərini bölüşüblər.

Digər xəbərlər