Heydər Əliyev-100

  • 6 985

Heydər Əliyev 100: Üstün zəkanın misilsiz xidmətləri - DƏYİRMİ MASA

image

Əvvəli ötən sayımızda...

“Səs” qəzeti redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "dəyirmi masa"lara start verilib

Üstün zəkaya, nadir siyasi qabiliyyətinə və mükəmməl dövlət idarəetməsinə görə ad qazanmış Ulu Öndər Heydər Əliyev nəinki postsovet məkanının, nəinki Türk dünyasının, eləcə də bütün dünyanın diqqət mərkəzində idi. Onun hadisələri dolğun proqnozlaşdırmaq qabiliyyəti və dərin düşüncəsi sayəsində Azərbaycan bu qədər güclənə və özünü təsdiqləyə bildi. Bu gün bütün azərbaycanlılar Azərbaycan dövlətinin varlığı üçün o böyük insana əbədi olaraq borcludurlar.

Ümummilli Lider Heydər Əliyevin mükəmməl analiz qabiliyyəti, dövlətçilik təcrübəsi, uzaqgörənliyi ona ölkəmizi idarə etdiyi dövrdə ən obyektiv və optimal qərarlar verməyə imkan yaratdı. Dövlətçilik bacarığı və respublika təsərrüfatını dərindən bilməsi qarşıya qoyulmuş məqsədlərə çatmasında ona kömək oldu.

"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa"dakı müzakirələrə Milli Məclisin komitə sədri Tahir Rzayev, Milli Məclisin komitə sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Azər Badamov, Komitə sədrinin müavini Jalə Əliyeva, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Gənclər Birliyinin fəalı Fərid Mustafayev iştirak ediblər.

Dəyirmi masa söhbətini giriş sözü ilə "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev açdı. O qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində hər zaman "dəyirmi masa"lar təşkil edib və bu masa ətrafındakı söhbətlər həmişə maraqla qarşılanıb. Budəfəki "dəyirmi masa" söhbətinin mövzusu isə adı Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan Ümummilli Lider Heydər Əliyev və Onun Azərbaycanın taleyindəki əhəmiyyətli xidmətləridir: "Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində - 1969-cu ildən başlayaraq Azərbaycanın birinci katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Bu gün qonaqlarımızla Ulu Öndərin xatirəsini yad etməklə yanaşı, Onun Azərbaycanın müstəqilliyi uğrunda həyata keçirdiyi işlərdən danışacağıq”.

Yeni Azərbaycan Partiyası Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli Lider Heydər Əliyev ilə bağlı xatirələrindən danışdı. O bildirdi ki, həm Naxçıvanda olarkən böyük şəxsiyyətlə görüşmək imkanı olub, həm də onun rəhbərliyi altında Prezident Administrasiyasında işləmək şansı olub: “Dahi şəxsiyyətlə bir neçə dəfə səfərdə olmaq imkanım da olub, iki dəfə Amerikaya səfər etmişik, Yaponiyaya birlikdə səfərimiz olub, Avropa ölkələrinə səfər etmişik. 1997-ci ildə iyulun 23-dən avqustun 3-dək Amerika Birləşmiş Ştatlarında səfərdə olmuşuq. Bu, çox böyük bir səfər idi. Açığını deyim ki, mən bu səfərə gedənədək hesab edirdim ki, Heydər Əliyev sosialist ölkələrinin tanıdığı və bildiyi bir siyasətçidir, siyasi büro üzvüdür və ABŞ-da hansı dərəcədə nüfuzunun ola biləcəyi barədə məlumatsız idim.

Mən bu səfərdə həqiqi mənada yanıldığımı anladım. Heydər Əliyev ABŞ-da elə bir formada qarşılandı, elə qəbul olundu ki, sanki bir dünya lideri kimi. Ağ Evin yanındakı tarixi qonaq evində yalnız mötəbər liderlərin gecələməyinə icazə verilirdi. Hətta ABŞ prezidenti çıxışında dedi ki, Amerikaya gələn nadir dövlət başçılarına izin verilir həmin qonaq evində gecələsin. Səfər edən prezidentlərin əksəriyyəti otellərdə qalır. Biz nümayəndə heyəti olaraq oteldə qalırdıq, orada görürdük Cənubi Amerika ölkələrinin prezidentləri, Braziliyanın, Argentinanın prezidentləri oteldə qalır. Onların qarşılanması üçün xüsusi işlər görülməmişdi. Amma Heydər Əliyevin qarşılanması üçün ABŞ-da böyük hazırlıq işləri görülmüşdü.

Məsələn, Amerikada kortej ənənəsi yoxdur, amma Azərbaycanda və SSRİ-də olan ənənəyə uyğun olaraq Heydər Əliyevi kortej müşaiyət edirdi, maşın karvanı onu görüşlərə aparırdı, geri qaytarırdı. Heydər Əliyev orada müəyyən görüşlər keçirdi. Amerika konqresmenləri, senatorlar, dövlət katibi, nazirlər ilə görüşləri oldu, əksər görüşlərdə mən də iştirak etdim. Xatırlayıram, oradakı konqresmenlərdən biri dedi ki, siz ABŞ prezidenti olmağa layiq siyasətçisiniz.

Bundan əlavə, Henri Kissincer ilə səhər yeməyində bir görüş oldu, mən də cənab prezidentlə iştirak etdim. Orada Kissencer Heydər Əliyevə dedi ki, siz təsəvvür edərdinizmi bir vaxtlar SSRİ-nin əsas rəqibi olan ABŞ-da səfərdə olacaqsınız. Heydər Əliyev ona bildirdi ki, mən SSRİ-də siyasi büro üzvü olanda da və indi də belə düşünürəm qarşıdurma lazım deyil. Kissencer verdiyi sualdan utandı”.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərov öz çıxışında bildirdi ki, Ulu Öndər haqqında saatlarla, günlərlə danışmaq olar: “Onun dövlətimiz və dövlətçiliyimiz uğrunda gördüyü işlər danılmazdır. O yalnız kağızlarda Milli Lider adlandırılmır. Milli Lider formalaşması elə-belə olmur. Hər bir ölkənin lideri, rəhbəri olur, amma hamısı Milli Lider ola bilmir. Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqilliyimiz dövründə həqiqətən də xalqının milli lideri səviyyəsinə yüksəlmiş insan idi. İnsan azadlığının təmin olunması, plüralizmin və söz azadlığının təminatı, hüquqi islahatların aparılması istiqamətində müstəsna xidmətləri olub.

O ikinci dəfə hakimiyyətə qayıdanda baza olaraq öz dövlətçilik prioritetlərini ortaya qoydu. Nə idi bu prioritetlər - ölkədə bazar iqtisadiyyatının formalaşdırılması, ordu quruculuğunun formalaşdırılması, azərbaycançılıq və milli dəyərlər təbliğ olunmalıdır, ən vacibi isə ölkədə hüquqi islahatlar aparılmalıdır. Bu istiqamətdə önəmli addım, ilk olaraq, Konstitusiya Komissiyasının yaradılması oldu. Özü ölkə rəhbəri idi, işləri çox idi, amma yenə də Komissiyaya özü rəhbərlik etdi. O zamanlar mən siyasi idarəetmə üzrə təhsil alırdım, çox maraqlanırdım bu məsələlərlə, orada bütün sahələrdə olan məsələlərə fikir bildirməsi, hər xırdalığa diqqət yetirməsinin şahidi oldum. Azərbaycanda vətəndaş cəmiyyəti, mülki cəmiyyət anlayışlarını konstitusiyamıza Ulu Öndərimiz gətirdi”.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Gənclər Birliyinin fəalı Fərid Mustafayev öz çıxışında Ümummilli Lideri Azərbaycanın əbədiyaşar memarı adlandırdı: “Müstəqilliyimizin ilk illərində Azərbaycan ağır illər yaşayırdı. Azərbaycanın dünya xəritəsindən silinmə təhlükəsi vardı. Səriştəsiz insanların hakimiyyətə gələrək ölkədə xaos, anarxiya yaratması vətəndaş müharibəsinə təkan verdi. Hakimiyyətin xəyanəti nəticəsində ölkəmiz 20 faiz torpağını itirdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dəvət edilməsi nəticəsində Azərbaycan bundan sonrakı inkişafına qədəm qoydu. Əgər həmin vaxt Ümummilli Lider hakimiyyətə gəlməsəydi Azərbaycanın taleyi bu günədək bəlli olmayacaqdı.

Onun çoxşaxəli fəaliyyətini hər sahədə görmək olurdu. Bu istiqamətlərdən biri də gənclər siyasəti idi. Azərbaycanda gənclər siyasətinin əsası 1994-cü ildə Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə Gənclər və İdman Nazirliyi təsis edildi, sonrakı illərdə Azərbaycan Gənclərinin Qurultayları çağırıldı. Bu qurultaylardan sonra artıq Azərbaycanda gənclər siyasətinin prioritet istiqamətlərindən olan təşkilatlanma, vətənpərvərlik, xaricdə təhsil gənclərdə canlanma yaratdı. Bu gedişatın nəticəsində Heydər Əliyev 2 Fevral – Gənclər Gününü təsis etdi. Bu günün təsis edilməsindən sonra nəinki paytaxtda, hətta Azərbaycanın bütün bölgələrində gənclərin inkişafına start verildi. Bu günədək Azərbaycanda 4 dövlət proqramı, regionlarda 40-a yaxın gənclər mərkəzi, 50-yə yaxın olimpiya mərkəzləri tikilib ki, bu da gənclərə olan diqqətin bariz nümunəsidir. Biz bu gün Ümummilli Liderin layiqli varisi olan İlham Əliyevin ətrafında sıx birləşmişik”.

Lalə Mehralı

Digər xəbərlər