Heydər Əliyev-100

  • 40 183

Sovet dövründə müstəqil Azərbaycanın əsası necə qoyuldu? – TƏHLİL

image

Ümummilli liderin Sovet dövründə öz ölkəsi, doğma xalqı qarşısında ən böyük və misilsiz xidməti o idi ki, Azərbaycan İttifaqdan ayrılanda artıq müstəqil bir dövlət kimi yaşamağa tam hazır idi

20-ci əsrin ilk yarısında Azərbaycan SSR-in sürətli sənayeləşmə və iqtisadiyyatın güclənməsi artan templə davam edirdi. Lakin Böyük Vətən Müharibəsinin vurduğu ağır zərər bütün respublikalarda olduğu kimi, Azərbaycanda öz təsirini göstərmişdi. İqtisadiyyatda texnoloji yeniliklərə, effektiv isdarəetməyə ehtiyac böyük idi. 1960-cı illərdə Azərbaycan SSR-nın iqtisadiyyatı durğunluq dövrü yaşayırdı. Çıxış yolu tapmaq lazım idi, mövcud vəziyyət əsaslı dəyişiklikləri qaçılmaz edirdi. Respublikanı inkişaf etdirmək, iqtisadiyyatda dəyişikliklər, yeni idarəetmə üsulları tətbiq etmək və iqtisadi stimul lazım idi.

Həmin dövrdə iqtisadiyyatın bir çox sahələrində, istər sənayedə, istərsə də kənd təsərrüfatında mənfi meyillər peyda olmağa başlamışdı. İqtisadi inkişafın sürəti əhalinin artımını və artan tələbatı ödəmirdi, əhalinin sosial vəziyyəti çətinləşirdi. Azərbaycan istehsal həcminə, o cümlədən sənaye məhsullarının istehsalına, ümumi gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə İttifaq səviyyəsindən geri qalırdı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqi tələbə adekvat deyildi.

Respublikanın düşdüyü bu çətin vəziyyətdə Azərbaycan rəhbərliyində inqilabi dəyişiklik baş verdi. 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi seçildi. Çətin bir şəraitdə Heydər Əliyev Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək məqsədi ilə həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Respublika yavaş-yavaş dirçəliş dövrünə qədəm qoydu. Lakin bu dirçəlişin kökləri çox əvvələ dayanırdı.

DTK-da azərbaycanlaşdırma siyasəti

Azərbaycanın hüquq-mühafizə orqanlarında fəaliyyətə başlayan gənc Heydər Əliyev bütün maneələri və çətinlikləri dəf edərək dövlətin təhlükəsizliyinin əsas dayağı olan Azərbaycanın SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmişdi.

Beləliklə, son dərəcə çətin və şərəfli bir işi- Dövlət Təhlükəsizlik Komitəsində milli kadrların çoxalmasını üzərinə götürən Heydər Əliyevi uzun və məsuliyyətli yol gözləyirdi. Respublika DTK-nın azərbaycanlaşdırılması sahəsində Heydər Əliyevin xidmətləri vətən və xalq qarşısında adi xidmətlər deyildi.

60-cı illərin sonunda Heydər Əliyevin həyatında yeni, daha geniş, çoxşaxəli və hadisələrlə zəngin bir fəaliyyət dövrü başlandı. 1969-cu ildə respublikanın ali partiya və dövlət idarəçiliyinin rəhbərliyini öz üzərinə götürən ümummilli lider Azərbaycan tarixində böyük dönüşün əsasını qoydu. Sonrakı tarixi inkişafın gedişi sübut etdi ki, hələ o dövrdə Heydər Əliyev bugünkü yeni, müstəqil Azərbaycanı qurmağa başlamışdı.

Sosialist sistemin bütün idarəetmə mexanizmini, siyasi, iqtisadi imkanlarını və xüsusiyyətlərini yaxşı bilən, idarəçilikdə zəngin təcrübə toplayan Heydər Əliyev Azərbaycanı çox ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmağa başladı. O, parlaq uzaqgörənliklə respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf üçün dərin düşünülmüş proqramların hazırlanmasını tapşırdı və təxirə salınmadan bu proqramların icrasına başladı.

Xalq arasında da onun böyük nüfuzu var idi. Onun əminliklə qəbul etdiyi hər qərarda Azərbaycan xalqı dəstək göstərdi, onun arxasınca getdi. Beləcə, Azərbaycan xalqının tarixində Heydər Əliyev epoxası başladı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi dünyanın ən nəhəng dövlətinin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yolunda daha da irəliyə aparmaq siyasətini həyata keçirməyə başladı.

Sovet Azərbaycanının ən parlaq dövrü

Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) oldu. Xalq ona inanır və güvənirdi.

Böyük siyasətçi əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu səviyyəsində, MK-nın plenumlarında, Kommunist Partiyasının qurultaylarında vətəni və xalqı üçün mühüm məsələlərlə bağlı əlverişli qərarların qəbul edilməsinə çalışdı. Sözünün əvvəli də, axırı da Azərbaycan olan liderin gərgin, sarsılmaz əməyi nəticəsində iqtisadiyyatın və mədəniyyətin müxtəlif sahələrində dirçəliş başladı. Onun planlarının başında Azərbaycanın özünü təmin edən, müstəqil yaşamağa qadir və elmi-texniki baxımdan yüksək inkişaf etmiş ölkəyə çevrilməsi dayanırdı. Bir sözlə, Heydər Əliyev hələ o vaxtdan öz Vətəninin müstəqilliyinə aparan yolu inşa etməyə başladı.

Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyev minlərlə maneələri dəf edərək, mərkəzi hökumətin Azərbaycanın hərtərəfli inkişafını təmin edən 5 xüsusi qərarın qəbul edilməsinə nail oldu və eyni qətiyyətlə bu qərarların icrasını təmin etdi. O, Azərbaycanın ümumi yüksəlişi üçün əlində olan qüvvələri tam səfərbər etdi. Bunun nəticəsi olaraq 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə quruculuğun ən parlaq dövrü kimi daxil oldu. Sənayenin və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni mütərəqqi sənaye sahələri yaradıldı. İstehsalla bilavasitə bağlı olan elmi tədqiqat sahələrinə, elmi-texniki tərəqqinin nailiyyətlərinə, qabaqcıl texnologiyaların istehsalata tətbiqinə diqqət artırıldı, Azərbaycan bütün SSRİ-də ön sıralara çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq səviyyəyə yüksəldi.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində o dövrdə Azərbaycan Sovet İttifaqının ən qabaqcıl sənaye və kənd təsərrüfatı respublikalarından birinə çevrildi. Kənd əhalisinin sosial-iqtisadi vəziyyəti kökündən yaxşılaşdı, Azərbaycanın ən ucqar kəndlərində belə inkişaf, abadlıq və mədəni quruculuq sahəsində misilsiz işlər görüldü.

Heydər Əliyevin Sovet Azərbaycanında gənclər siyasəti

Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərliyi dövründə təhsilin inkişafına, xüsusilə, böyük əhəmiyyət verirdi. Onun rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması respublikada böyük intellektual baza yaratdı.

Həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, yeni ali və orta ixtisas məktəbləri açılmışdı. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdı.

Həmin dövrdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması idi. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdı.

Ümummilli lider Elmlər Akademiyasının genişləndirilməsi və inkişafına xüsusi fikir verirdi. Nəticədə, respublikada çox sayda elmi işçilər, böyük alimlər yetişdi. Azərbaycan Sovet Ensiklopediyasının nəşr olunması isə onun Azərbaycan elmi qarşısında ən böyük xidmətlərindən idi ki, bu gün də həmin Ensiklopediya ən qiymətli elmi xəzinə sayılır. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Azərbaycanda ali hərbi məktəblərin açılması isə milli hərbçi kadrların hazırlanmasında çox böyük bir iş idi. Bu məktəblərdən böyük generallar, hərbi mütəxəssislər yetişdi və onlar 1-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun özəyini təşkil etdilər.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

Heydər Əliyevin Sovet dövründə yeni mərhələyə qədəm qoyan ölkəsi, doğma xalqı qarşısında ən böyük və misilsiz xidməti o idi ki, Azərbaycan 1991-ci ilin sonunda İttifaqdan ayrılıb müstəqilliyini elan etdiyi vaxt respublikamız artıq müstəqil bir dövlət kimi yaşamağa tam hazır idi. Bunun üçün Azərbaycan ona həmişə minnətdardır- gələcəyi öncədən görən, 70 il ittifaqa bağlı yaşayan bir ölkənin müstəqil yaşamağa hazır vəziyyətə gətirilməsi üçün var qüvvəsi ilə çalışan Böyük Öndərə...

Lalə Mehralı

Yazı, Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında elan etdiyi “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim edilir.

Digər xəbərlər