Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu olduğunu deyib. Bildirib ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən xarici və daxili siyasəti dayanır.Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutub və möhkəmlənib.
Ulu Öndər milli-mənəvi dəyərlərimizin yaşadılmasında, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında və nüfuzunun artmasında böyük rol oynayıb.Səfir vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxarıb. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır.
Tədbirdə Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan-Fransa münasibətlərinin tarixi, Ümummilli Liderin Fransaya ilk səfəri, ozamankı Prezident Fransua Mitteranla görüşündən söz açıb. "Mitteran Azərbaycanın bölgədəki yerini və rolunu, iqtisadi potensialını, ən əsası isə Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunu yüksək dəyərləndirirdi. Çünki Mitteranın SSRİ ilə əlaqələri vardı və Heydər Əliyev Moskvada çalışdığı vaxtlardan onu tanıyırdı", - deyə Həsən Həsənov qeyd edib.
O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanı olduğu kimi dünyaya göstərmək, problemlərini, ölkəmizə qarşı təcavüzü beynəlxalq aləmə çatdırmaq istəyirdi. Bu kimi səfərlərin əsas məramı Azərbaycanın real vəziyyətini beynəlxalq aləmə çatdırmaq idi. Ölkəmizin buna böyük ehtiyacı var idi. Heydər Əliyev də bunu hamıdan yaxşı və çox inandırıcı şəkildə edə bilirdi.Anım tədbirində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.