Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən silsilə tədbirlər davam edir. Bu münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin, Uşaq İncəsənət məktəbinin, Rayon Mərkəzi Xəstəxanasının, Zərdab Gənclər evi SXM-nin, Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Əbədi yaddaşlarda yaşayan lider” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə parkda yaradıcı gənclərin təşkil olunan rəsm və əl işlərindən ibarət sərgi, həmçinin idmançıların nümunəvi çıxışları ilə tanış olublar.
Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib ki, 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Azərbaycan qısa zamanda sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirdi. Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Zəfərə imza atdı. 100 ilin zirvəsindən baxanda Azərbaycanın gələcəyi daha möhtəşəm və uğurlu görünür.
Tədbirdə çıxış edən Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, Uşaq İncəsənət məktəbinin direktoru Nicat Əlifi və başqaları Azərbaycanın bugünkü reallıqlarına görə Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu bildiriblər. 1993-cü ildə Ümummuilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.
Tədbir konsert proqramı ilə davam edib.