Heydər Əliyev-100

  • 44 225

NAXÇIVANDAN BAŞLANAN MÜSTƏQİLLİK YOLU TƏHLİL

image

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onun müstəqilliyinə qovuşmasına töhfə vermiş qüdrətli şəxsiyyətdir. Bu böyük şəxsiyyətin anadan olmasının 100 illiyi fövqündə onun həyat və fəaliyyətindən söhbət açmaq, xalqımızın tale payı olan dahinin Azərbaycan üçün misilsiz xidmətlərindən bəhs etmək, gənc nəsillərimizə bənzərsiz insanın millətinin xilaskarı olmasından danışmaq olduqca zəruridir. Çünki bugünkü və gələcək nəsillərin Ulu Öndərin xalqımız üçün dəyərli, hər zaman qürur duyduğumuz şəxsiyyət olmasını bilməsi, Onun irsini öyrənməsi vacibdir. Bu isə bizim üzərimizə düşən vəzifədir. Odur ki, hər dəfə Ulu Öndərdən söhbət açmaqla qürur duyur, fəxr edirik.

Böyük Heydər Əliyevin həyatı kitablara sığmayacaq qədər dərin və mənalıdır. Bu xalqın həyatında, müstəqilliyinə qovuşmasında, inkişaf və tərəqqisində, milli dəyərlərinin formalaşmasında, tarixinin, mədəniyyətinin qorunub yaşadılmasında və günlərlə saya biləcəyimiz digər məsələlərdə Ulu Öndərin rolu əvəzsizdir.

Onun həyat və fəaliyyətinin Azərbaycan tarixinin ayrıca bir mərhələsini təşkil edən Naxçıvan dövrü isə daha diqqətçəkəndir. Çünki bu mərhələ ümumilikdə Azərbaycan xalqının taleyinin dəyişməsinə xidmət edən bir mərhələ olmuşdur.

Heydər Əliyev və blokada Naxçıvanı

1990-cı ilin yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində ermənilər tərəfindən münaqişələr törədilirdi. Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olunmuşdu. Ermənilərin Sədərək istiqamətində mütəmadi hücumları başlamışdı və vəziyyət gündən-günə gərginləşirdi. Yanvarın 20-də Bakıda törədilən faciə ilə Naxçıvanın sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi isə ermənilərin havadarlarının əvvəlcədən hazırladıqları böyük plan üzrə cərəyan edirdi. Belə ki, burada məqsəd diqqətin Bakı hadisələrinə yönəlməsi fonunda Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şəraitin yaradılması idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da ermənilər tərəfindən münaqişə törədilir, Bakı-Naxçıvan qatarları dayandırılır, günlərlə işləmir, maşinistlətə qarşı vəhşiliklər edilirdi. Naxçıvan blokada vəziyyətinə salınırdı. Bütün bu əməllərin arxasında kimin olduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...”

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi Azərbaycanı çox yaxşı bələd olduğu ittifaqın caynağından qoparmaq üçün yolun başlanğıcı idi. Naxçıvanda yaşadığı halda Azərbaycanı idarə etmək qabiliyyətinin, xalqın müstəqillik arzusunu reallaşdırmaq bacarığının, tarixi sənədlərin qəbulu və həyata keçirilməsi əzminin nümayişi idi. Bu seçim eyni zamanda Azərbaycanın qədim diyarı Naxçıvanın erməni təcavüzündən, onun düşmən əlinə keçmək təhlükəsindən xilası idi.

Təbii ki, bütün bu hadisələrin fonunda Ulu Öndərin yaşadığı, rəhbərlik etdiyi Naxçıvanda SSRİ-nin saxlanılmasına dair referendum keçirilə bilməzdi. Beləliklə də, referendum Naxçıvanda boykot edildi. Bu barədə Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına münasibətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 26 oktyabr 1991-ci il tarixli bəyanatında deyilir: “Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son üç ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını bütün Azərbaycan demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanılması haqqında referendumda Naxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi məhz muxtar respublika demokratik qüvvələrinin Azərbaycanın milli azadlıq, istiqlaliyyəti uğrunda apardığı mübarizə ilə əlaqədardır.

Razılıq hissi ilə bildiririk ki, nəhayət Azərbaycan Respublikası ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır...

Bundan sonra Azərbaycan Respublikasının Sovet İttifaqının hakimiyyət orqanlarında iştirak etməsi yolverilməzdir. Azərbaycanın dövlət müstəqilliyini tam reallığa çevirmək üçün ümumi xalq səsverməsinin keçirilməsi vacibdir və məqsədəmüvafiq olardı. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.

Dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən tarixi fakta əsaslanaraq demişdir: “... Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?.. Mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.

Milli azadlıq uğrunda mübarizənin başlanğıcı

1991-ci ilin yazında Azərbaycanda Sovet İttifaqının saxlanmasına dair keçirilən referendumun Naxçıvanda boykot edilməsi milli azadlıq uğrunda mübarizənin başlanğıcı idi.

70 illik əsarət zəncirinin tamamilə qırılıb dağılmaq üzrə olduğu, 15 müttəfiqin azadlıq mücadiləsi ilə mübarizə apardığı bir vaxtda, xüsusilə də 1990-cı ilin 19-20 yanvarında Bakının Azadlıq meydanında müstəqillik uğrunda yüzlərlə şəhidi olan ölkənin Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına günümüzün prizmasından baxdıqda həmin dövrdə bu xalqın taleyinin kimlərin əlində olması böyük təəssüf hissi doğurur. Adıçəkilən tarixdə Azərbaycan Respublikası Ali Soveti “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbil etmişdi. Qərarda referendumun “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1991-ci il martın 17-də keçirilməsi qeyd olunurdu.

Nə üçün qəbul edilmişdi bu gülünc qərar? Axı artıq vaxt yetişmişdi. Müstəqilliyimizin bir addımlığında bu qərarı qəbul etməyin təbii ki, başqa mənası yox idi. Burada onların məqsədi yalnız tutduqları vəzifəni qorumaqdan, xalqı əzməkdən, yüzillik müstəqillik arzularını məhv etməkdən ibarət idi. Sual olunur, ölkəsində 20 Yanvar hadisəsini yaşayan bir dövlət məmuru nə qədər qəddar ola bilərdi ki, bu hadisəni törədən qurumun yenidən hakimiyyətdə qalmasına, özününsə onun əsarətinə baş əyməsinə səs verə bilərdi. Qızışdırılıb meydana salınan ermənilərin sərhədlərimizdə törətdiyi əməllər, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişələrinin hər gün kəskinləşməsi hələ də bu məmurları qəflət yuxusundan ayıra bilmirdi. Çünki onlar fərqli yaşayışı, öz vəzifə səlahiyyətlərini, masalarını bütöv bir xalqın mənafeyindən, taleyindən üstün tuturdular. Bütün bunlara görə də SSRİ-nin saxlanılması onlar üçün vacib məsələ idi.

Bu barədə dövlət başçısı cənab İlham Əliyev tarixi və dəyərli fikirlərini bildirərək qeyd edib ki, Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi: “Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir. Tarixi həqiqət belədir. Amma, eyni zamanda, bizim o ildə digər tarixi həqiqət var – o da 17 noyabr tarixidir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi”.

Ulu Öndər Heydər Əliyevin Qayıdışı müstəqilliyimizin taleyini dəyişdirdi

Böyük çətinliklə əldə olunan müstəqil dövlətimizin təməli Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı. Böyük Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdiklərimiz canlandıqca düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan əlləri, gözü götürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.

Məlumdur ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Ümummilli Lider Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi.

“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycanımız etibarlı əllərdədir. 1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçımızın rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü hər bir vətəndaş üçün əzizidir. O mənada ki, xalq çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır.

Hər bir sənəd bir tarixdir

Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvanda yaşadığı, fəaliyyət göstərdiyi dövr iki ilədək olsa da, Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir. Böyük şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarındakı çıxışlarını, Naxçıvana gələn qonaqlarla söhbətlərini, ayrı-ayrı sahələrdəki vəziyyətlə bağlı fikirlərini, müsahibələrini oxuduqca çox məqamlar açıqlanır. Bunlardan birincisi, Ulu Öndərə baxmayaraq ki, Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxtlar da ölkə rəhbərliyi tərəfindən təzyiqlər var idi, lakin onun Azərbaycan rəhbərliyinə həmişə böyük hörmət hissi ilə yanaşdığının, bunun da dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyətinin, insanpərvərliyinin, alicənablığının nəticəsi olduğunu dərk edirsən. İkincisi, dahi insanın qonaqlara, xarici ölkələrdən gələn nümayəndələrə Naxçıvanın Azərbaycanın qədim ərazisi olduğunu tarixi faktlarla izahının şahidi olursan. Üçüncüsü, onun ölkədəki, eləcə də muxtar respublikadakı ictimai-siyasi hadisələrin siyasi təhlilinin və təcavüzkar Ermənistanın, onun havadarlarının uzaq gələcəyə hazırlanmış planlarını nə qədər dəqiqliklə analiz etdiyini görürsən. Ümumilikdə isə Ulu Öndərin hər bir çıxışı, söhbəti bu günün bir tarix dərsidir ki, gələcək nəslin Naxçıvanın blokada illəri haqqında məlumat alacaqları bundan güclü ikinci bir mənbə yoxdur.

Naxçıvanda yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycanın taleyüklü məsələlərini diqqətdə saxlayan, müstəqilliyimizin bərpası üçün mübarizə aparan, sözünü yüksək kürsülərdən açıq şəkildə deyən, yeri gələndə hakimiyyətdə olanları ittiham edən Ulu Öndərin həyatının Naxçıvan illəri ilə bağlı topladığım maraqlı materialları – çox böyük tariximizi gənc nəsillərə çatdırmaq istədim ki, oxusunlar və öyrənsinlər... Hansı ki, həmin dövrdə bu cür addımlar və çıxışlar etmək böyük cəsarət tələb edirdi. Buna görə də onlar öyrənilməlidir ki, müstəqilliyimiz, tariximiz də məhz bu cür cəsarətlə və hünərlə qoruna bilsin.

Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında Xalq deputatı Heydər Əliyevin çıxışından

Hörmətli millət vəkilləri!

Ölkədə, cəmiyyətdə siyasi və istisadi böhran, dövlət, hakimiyyət böhranı son dərəcədə şiddətlənmişdir. Mürtəce qüvvələrin demokratiya əleyhinə hücumu, cinayətkar qrupun həyata keçirdikləri dövlət çevrilişi dəf edilmişdir. Biz artıq sovet imperiyasının, kommunist partiyasının dağılmasının şahidiyik.

Bu dövrdə bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı kobud, bağışlanmaz səhvlərdir (Zaldan etiraz səsləri). Sessiyada hər bir deputatın öz sözünü deməyə hüququ var. Belə siyasətin nəticəsində respublikanın kommunist rəhbərliyi avqust ayının 19-22-də ölkədə dövlət çevrilişi və fövqəladə vəziyyət üzrə dövlət komitəsinin fəaliyyətini faktiki olaraq bəyənmiş, beləliklə də Azərbaycan xalqını çox pis vəziyyətdə qoymuşdur. Bundan erməni millətçiləri dərhal çevikcəsinə istifadə etmiş, bizim respublikamıza qarşı hərbi əməliyyatı, siyasi təbliğatı gücləndirmişlər. İndi biz respublikamızın həyatında ən çətin bir dövrdə çıxış yolu tapmalıyıq və hamımız bu çıxış yolunun tapılmasına səy göstərməliyik. Ancaq biz müəyyən etməliyik ki, bu çıxış yoluna nə vasitə ilə nail ola bilərik. Son günlərdə, o cümlədən bu gün bu tribunadan xalqı birliyə, milli həmrəyliyə dəvət edən çağırışlar eşidilir. Təəssüf ki, bu çağırışlar artıq gecikibdir. Ancaq biz bu gün nəyin bahasına olursa olsun, milli birlik yaratmağa çalışmalıyıq. Bunun üçün isə tam aydın olmalıdır, bu milli birlik hansı platforma əsasında hasil ola bilər, hansı platforma əsasında biz buna nail ola bilərik. Bu birliyi təmin etmək üçün mənim fikrimcə bir neçə şərtlər təcili olaraq həyata keçirilməlidir. Bu təklifləri mən seçkiqabağı çıxışlarımda, Azərbaycan Respublikası Ali Sovetinin fevral və mart aylarında keçirilən sessiyalarında, bu ilin iyul ayının 19-da kommunist partiyasından çıxarkən verdiyim bəyanatda və nəhayət, bu ilin avqust ayının 24-də Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə göndərdiyim məktubda ətraflı bildirmişəm. Təkrar etmək istəmirəm. Ancaq indi bir neçə təklifləri qeyd etmək istəyirəm.

Birincisi: Bakıda fövqəladə vəziyyət dərhal götürülməlidir. Bu gün Ayaz Mütəllibov dedi ki, fövqəladə vəziyyət nəyə lazımdır, götürülməlidir. Çox yaxşı. Ancaq bunu bir il yarım Bakıda saxlayan kimdir? Kimin qərarı ilə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasının 1990-cı il yanvar ayının 22-də qəbul olunmuş qərarı icra edilməyib. Aydınlaşdırmaq lazımdır ki, bu il yarımda fövqəladə vəziyyəti Bakıda saxlamaq üçün respublika nə qədər vəsait xərcləyib və respublikaya nə qədər zərər vurulub.

İkincisi: Azərbaycan Respublikasının rəhbərliyinin dövlət çevrilişi haqqındakı mövqeyi barədə cürbəcür söhbətlər gedir. Xarici və ittifaq informasiya orqanları bu barədə xəbərlər yayıblar. Bu məsələ aydınlaşdırılmalıdır. Kim xaricdə nə deyib, o bizim üçün maraqlı deyil. Ancaq məlumdur ki, avqust ayının 21-də Azərbaycan televiziyası ilə Ayaz Mütəllibovun xalqa müraciəti oxunubdur. Müraciət həm Azərbaycan dilində, həm də rus dilində oxunub. Müraciətdə fövqəladə vəziyyət komitəsinin fəaliyəti bəyənilib və fövqəladə vəziyyət üzrə dövlət komitəsinin fəaliyyəti ilə Azərbaycan Respublikasının bir neçə məsələsinin həll olunmasına ümid bəslənilib. O cümlədən Dağlıq Qarabağ məsələsinin və silahlanmış erməni bandit qruplarının tərksilah olunması məsələsinin həll olunması fövqəladə vəziyyət üzrə komitənin fəaliyyəti ilə bağlanıbdır. Bunu aydın demək lazımdır. Ola bilər belə səhvlər buraxılıb. Ancaq xalq həqiqəti bilməlidir. Bu gün belə deyib, o biri gün elə demək heç vaxt xalqda inam yarada bilməz.

Üçüncüsü: Xalqda birlik yaratmaq üçün Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Bu, Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsidir. Sovet İttifaqı Kommunist Partiyası dağılmışdır. Azərbaycan Kommunist Partiyasını hələ də saxlamaq və onun buraxılması məsələsini qurultayda həll etmək bu məsələni uzadıb, kommunist partiyasını yenə də hakimiyyətdə saxlamaq, onun imkanlarından istifadə etmək meylini göstərir. Bununla qəti razılaşmaq olmaz. Azərbaycan Kommunist Partiyasının bütün strukturları ləğv olumalıdır, əmlakı milliləşdirilməlidir. Azərbaycan Kommunist Partiyasının və mətbu orqanlarının işi dayandırılmalıdır və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin hərbi xunta ilə əməkdaşlıq edib-etməməsi aydınlaşdırılmalıdır. Bunun üçün parlament komissiya yaratmalıdır. Mənim fikrim budur...

Dördüncüsü: 20 Yanvar faciəsindən il yarımdan çox vaxt keçir. Bu gün bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup deputat bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova sual verirəm: nə üçün indiyə qədər bu hadisəyə siyasi qiymət verilməyib? Tamerlan Qarayevin verdiyi izahatla mən razılaşa bilmərəm. Çünki bu məsələnin həm siyasi tərəfi var, həm də hüquqi tərəfi var. Bu hadisəyə siyasi qiyməti dərhal vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq qrupu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət vermək lazımdır. (Bu vaxt salonda səs-küy qopur. E. Qafarova siyasi qiymət verildiyini bildirir) Bəs verilibsə, kim bu hərbi təcavüzün günahkarıdır. Bu gün deyilir ki, Yazov, Kryuçkov. Bəli, belədir. Ancaq bura Bakatini, Qorbaçovu, Primakovu da əlavə etməliyik. Sonra?.. Bəs Azərbaycan rəhbərliyindən kimlər günahkardırlar? Bəli, bu şəxslər də məlumdur. Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başqa büro üzvləri...

“Azərbaycanın Müstəqillik Bəyannaməsi” ilə bağlı

Azərbaycan Ali Sovetinin 30 avqust 1991-ci il tarixli sessiyasında Heydər Əliyevin çıxışından

Çox mühüm məsələ həll olunur. Tarixi məsələdir. Bunu tələm-tələsik həll etmək olmaz. Bu, Azərbaycan xalqı qarşısında parlament tərəfindən öz üzərinə böyük məsuliyyət götürmək deməkdir və Tofiq Köçərlinin durub hər suala cavab verməsinə səlahiyyəti yoxdur.

Birincisi: Mən hesab edirəm ki, bu məsələ müzakirə olunmalıdır. Yenə də deyirəm, bunu belə tələm-tələsik keçirmək olmaz. Bu barədə iki-üç kəlmə demək istəyirəm. Çox qəribədir. Martın 7-dən 10-na qədər keçirilən Ali Sovetin sessiyasında bir çox deputatlar, o cümlədən mən də Azərbaycanın müstəqilliyini təklif edərkən bizim əleyhimizə cürbəcür hücumlar başlandı. Və A. Mütəllibovun o qədər də dərin mənalı olmayan, əsassız çıxışından sonra hamı hay-küylə səs verdi ki, Azərbaycanın müstəqilliyi ola bilməz və biz referenduma getməliyik, yeni ittifaq müqaviləsini imzalamalıyıq (salonda səs-küy qalxır).

Xahiş edirəm, Elmira xanım, şərait yaradın, sözümü deyim(səs-küy). Mən xahiş edirəm.

Tələm-tələsik referendum keçirildi. Azərbaycanın ittifaq müqaviləsinə getməsi haqqında qərar qəbul olundu. Belə olan halda, indi xalqın iradəsi olmadan bu cür qərarın, ya bəyanatın qəbul olunması qanunu pozmaq deməkdir. Mən bu bəyanatın qəbul olunmasının əleyhinə deyiləm. Ancaq bu bəyanatı indi qəbul edib, xalqa müraciət etmək lazımdır. Qısa müddətdə, 3-4 gün içərisində referendum keçirmək lazımdır və referendumun nəticəsinə görə sessiya yığışıb bu qərarı qəbul etməlidir. Bağışlayın, fikrimi deyirəm.

İkincisi: Mən mart ayında da demişdim. İkiüzlü siyasət aparmaq olmaz. Bu qərar bu gün konyuktur xarakter daşıyır. Başqa yerlərdə qərar qəbul olunur. Demək, biz də qərar qəbul etməliyik.

Biz artıq gecikmişik. Bu bəyanatın mətninə mütləq olunmlıdır ki, 1920-ci ilin aprelində Azərbaycan işğal olunub. Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm. 28 aprel inqilabını tərənnüm etmişəm və mən tam qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub, Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq. Mənim fikrim budur.

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına

Teleqram

18 oktyabr 1991-ci il

Bakı

Naxçıvan Muxtar Respublikasının əhalisi Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstutusiya aktı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu böyük tarixi hadisə kimi qəbul edir. Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr 1991-ci il tarixdə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktını bütün Azərbaycan demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanılması haqqında keçirilmiş referendumda Naxçıvan Muxtar Respublikasının əhalisinin iştirak etməməsi məhz muxtar respublika demokratik qüvvələrinin Azərbaycan milli azadlıq, istiqlaliyyət uğrunda apardığı mübarizə ilə əlaqədardır.

Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəsini daha əzmlə davam etdirəcəklər.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri H. Əliyev

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasının növbəti iclası

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasının növbəti iclası oldu. İclasa Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri H. Ə.Əliyev sədrlik edirdi.

…İclası açarkən H.Ə.Əliyev yoldaş qeyd etdi ki, gündəliyə verilmiş məsələlərdən başqa bir neçə məsələnin də gündəliyə salınması zəruridir. Bildiyiniz kimi sentyabr ayının 3-dən 7-dək keçirilən Muxtar Respublika Ali Məclisinin sessiyasında biz iqtisadi, ictimai-siyasi vəziyyəti müzakirə edərək xüsusən iqtisadiyyat haqqında təsbirlər barəsində Muxtar Respublika Nazirlər Kabinetinə tapşırıqlar verdik. O müddət çox gərgin olubdur. Məlum olduğu kimi, biz blokadaya alınmışıq. Dəmir yolu bağlanıb, böyük iqtisadi çətinliklər olubdur. Ali Məclis və Nazirlər Kabineti yaranmış vəziyyəti aradan qaldırmaq üçün bir sıra tədbirlər görmüş və həmin tədbirlər öz nəticəsini vermişdir.

…Uzun müddətdir ki, Naxçıvanda və ümumiyyətlə, Azərbaycanda söhbət gedir ki, muxtar respublikada iqtisadi zona yaradılsın, xarici ölkələrlə iqtisadi əlaqələr inkişaf etdirilsin. Naxçıvanın daxili sərvətlərindən, iqtisadi potensialından xarici əlaqələr vasitəsi ilə muxtar respublikanın iqtisadiyyatının inkişaf etdirilməsi üçün istifadə olunsun. Ümumiyyətlə, bir neçə belə təkliflər irəli sürülmüş, lakin onlar yerinə yetirilməmişdir. Ona görə də həm Ali Məclisin rəhbərliyi, həm də Nazirlər Kabineti belə bir fikrə gəlmişlər ki, bu məsələni daha mütəşəkkil həll etmək üçün bir neçə təşkilati tədbirlər həyata keçirilsin. Bu tədbirlər barədə sizə məlumat veriləcəkdir. Ona görə də təklif olunur ki, həmin məsələ gündəliyə daxil edilsin.

Üçüncü məsələ ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası ərazisində bir sıra hərbi hissələr yerləşir. Son vaxtlar ölkədə gedən proseslər, hərbi hissələrlə yerli hakimiyyət orqanları arasındakı münasibətlərin tarazlaşdırılması tələb edir ki, bu məsələyə də ətraflı baxılsın. Sizə məlumdur ki, ölkənin bir çox regionlarında bu sahədə işlər aparılır. Bizim respublikada da müəyyən çətinliklər yaranmışdır. Hərbçilərlə əhali arasında bəzən münaqişələr, xoşagəlməz hallar olur. Son vaxtlar aşkar edimişdir ki, hərbçilər muxtar respublikanın ərazisindən Ermənistana yüklər, hərbi sursatlar aparırlar. Ona görə də təklif edirəm ki, Naxçıvan Muxtar Respublikası ərazisində olan hərbi hissələrin bugünkü statusunun dəqiqləşdirilməsi məsələsi gündəliyə salınsın.

26 oktyabr 1991-ci il

Türkiyə ilə Azərbaycan arasında açılan köprü üzərində

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin çıxışından

-Əziz həmvətənlər, əziz bacılır, əziz qardaşlar, əziz müsəlmanlar, əziz türklər, əziz türkiyəli qonaqlar! Bura toplaşanların hamısana mən böyük ehtiram hissilə müracət edirəm. Bu gün tarixi bir gündür. Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 68-ci ildönümüdür. Bu gün eyni zamanda türk dünyasının, İslam aləminin, Türkiyənin və Azərbaycanın tarixinə yeni bir səhifə yazılır. Uzun illər Arazın o tayında, bu tayında yaşayan can qardaşları, qan qardaşları bir millət həsrəti çəkdikləri, görüşlər həsrətində yaşadıqları duyğuların hamısının qovuşması üçün bu gün ilk addım atılır, ilk şərait yaranır. Nəhayət, burada, qədim Naxçıvan diyarında, türk yerində, müsəlman diyarında, Naxçıvanın bu gözəl guşəsində, Sədərək rayonu ərazisində Türkiyə ilə Azərbaycan arasında köprü açılır. Mən bu gün burada qocaman Arazın sahilinə, Naxçıvan diyarına və Türkiyənin bu gözəl mənzərəli guşəsinə, Ağrı dağının ətəyinə toplaşanların hamısını Türkiyə Cümhuriyyətinin yaranmasının 68-ci ildönümü münasibəti ilə və bütün türk xalqının bu bayramı münasibətilə təbrik edirəm.

…Naxçıvanda demokratik qüvələr artıq hakimiyyətə gəliblər. Ona görə də uzun sürən həsrətləri təmin etmək üçün biz birinci növbədə bu körpünün tikilməsini özümüz üçün böyük vəzifə hesab etmişik. Qısa müddətdə bu körpünün birinci mərhələsi, sizin gördüyünüz hissə artıq inşa olunub. Bu gün bu hadisə münasibətilə buraya toplaşanları, bütün Naxçıvan əhalisini 70 il həsrətində olduğu bu körpünün yaranması münasibətilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, höküməti adından təbrik edirəm. Mən bu gün bir daha sizə, bütün naxçıvanlılara, bütün Azərbaycan əhalisinə çatdırmaq istəyirəm ki, bu hadisə Azərbaycanın müstəqilliyi uğrunda Naxçıvan Muxtar Respublikasında gedən demokratik proseslərin gözəl nəticələrindən biridir. Biz bundan sonra da Azərbaycanın tam müstəqil, azad dövlət kimi fəaliyyət göstərməsi üçün əzmlə çalışacağıq. Biz bu günü, şən və xoşbəxt günü 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası və o respublikadan doğulmuş Azərbaycanın milli bayrağının bərqərar olması ilə əlaqələndiririk. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da 1918-ci ildən bizim ataların, babaların, Məmməd Əmin Rəsulzadənin qoyduğu yolla daha da sürətlə gedəcəyik. Ümidvarıq ki, Azərbaycan xalqı bu yolda daha xoşbəxt günlərə qovuşacaqdır.

Bizim Naxçıvan Muxtar Respublikasında görəcəyimiz işlər çoxdur. Burada yaranmış körpü ilk addımdır. Biz şübhə etmirik ki, bu körpünün davamı, daha nəhəng körpü, gözünüzün qarşısında olan körpü ən yaxın müddətdə tikilib qurtaracaq və buradan iki körpü keçəcəkdir. Sonra dəmiryol körpüsü keçəcək və beləliklə bizim Azərbaycan ilə Türkiyə arasında Arazın o tayında və bu tayında qalmış bir millətin daha da yaxınlaşması yolunda böyük işlər görüləcək, gələcəkdə türk dünyası, İslam aləmi bütün dünyaya özünün nəyə qadir olduğunu bir daha sübut edəcəkdir.

…Mən sizi bir daha təbrik edirəm. Arzu edirəm ki, bu körpülərin hamısı tikilib qurtarandan sonra, Türkiyə ilə əlaqə sıx bağlanandan sonra bu yollar daha da geniş açılsın. Bu tikanlı simlər götürülsün. İnsan azadlığı tamamilə bərqərar olsun. Bizim xalqımız istədiyi vaxt istədiyi yerə, o cümlədən Türkiyədən Azərbaycana, Azərbaycandan da Türkiyəyə azad gedib gələ bilsin. Çox sağ olun, minnətdaram sizə…

29 oktyabr 1991-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin iclasda muxtar respublika Ali Məclisinin Sədri Heydər Əliyevin çıxışından

Son aylar Naxçıvan Muxtar Respublikasının həyatı, eləcə də Azərbaycanın həyatı çox çətin və böhranlı olmuşdur. Son günlər isə vəziyyət daha da kəskinləşmişdir. İqtisadi böhranla yanaşı olaraq mayın 1-də Ermənistan tərəfdən muxtar respublika ərazisinə hərbi təcavüz edilmiş, bu təcavüz bir neçə gün davam etmiş, sonra aparılan danışıqlar nəticəsində onu aradan qaldırmaq mümkün olmuşdur. Lakin may ayının 18-də yenə də Ermənistan tərəfdən muxtar respublika hərbi təcavüzə məruz qalmışdır ki, bu da Ermənistanla Naxçıvan arasında ən ağır, ən qanlı konfliktdir. Bunun nəticəsində itkilər verilmiş, çoxlu yaralananlar olmuş, Sədərək kəndi dağıdılmışdır. Şərur rayonunun bir neçə kəndindən əhali köçürülmüşdür. Bir sözlə, Naxçıvan Muxtar Respublikasının həyatı xeyli gərginləşdirilmişdir. Bildiyiniz kimi, dəmiryolu işləmir. İndi bizim Azərbaycanla əlaqəmiz yalnız hava yolu vasitəsilədir. Buna görə də muxtar respublikaya yanacaq, ərzaq və başqa ləvazimatların gətirilməsi tamamilə məhdudlaşmışdır. Bütün bunlar isə son illər onsuz da dağılmış iqtisadiyyatın daha pis vəziyyətə düşməsinə səbəb olmuşdur...

Naxçıvanda yaranmış vəziyyəti bütün dünya ictimaiyyətinə çatdırırıq. Bunun özü bizim üçün çox böyük nailiyyətdir. Çünki son dörd il ərzində Dağlıq Qarabağda gedən müharibə ilə əlaqədar həmişə Azərbaycanı günahlandırmışlar. Mətbuat orqanları, dünya ictimaiyyəti, o cümlədən Rusiya ictimaiyyəti həmişə ermənilərin xeyrinə birtərəfli məlumatlar almışlar. Lakin bu dəfə bizim bütün diplomatik və siyasi fəaliyyətimiz dünya ictimaiyyətinə yaranmış vəziyyət barədə düzgün məlumat verilməsinə imkan yaratdı. Artıq Moskva televiziyası məlumat vermişdir ki, Ermənistan Azərbaycana hücum etmişdir...

Belə bir vaxtda bizi Naxçıvanın həm müdafiəsi, həm iqtisadiyyatın inkişafı, həm də əhalinin maddi vəziyyəti çox dərindən düşündürür. Lakin bildiyiniz kimi, daxili imkanlarımız çox məhduddur. Türkiyə bu günlər bizə yenə də hərtərəfli yardım göstərir. Bildiyiniz kimi, biz Sədərək vuruşmalarında yaralanmış 16 nəfəri müalicə olunmaq üçün Türkiyəyə göndərmişik. Əgər ehtiyac olsa, yenə də göndərə bilərik. Bundan əlavə Türkiyədən həkimlər də gəlib və hazırda bizim xəstəxanalarda yaralıları müalicə edirlər.

Dərman da göndərilib. Mən Baş nazir Süleyman Dəmirəllə telefonda danışarkən o bildirdi ki, Qızıl Ay Cəmiyyəti vasitəsilə Naxçıvana təcili yardım göndəriləcək.

Lakin yardımlar nə qədər olsa da, bizim təlabatımızı ödəmir...

Bütün bunları nəzərə alaraq biz belə bir fikrə gəlmişik ki, Naxçıvanın vahid inkişaf və müdafiə fondunun yaradılması təklifini sizin müzakirənizə verək. Bu fond mərkəzləşmiş şəkildə olsun. Onun bankda hesabı ayrılsın, bütün Naxçıvanın inkişafına, müdafiəsinə yardım etmək istəyənlər öz vəsaitlərini bu fondun hesabına keçirsinlər. Fondun təşkil olunması və ondan istifadə edilməsi üçün komissiya yaradılsın. Əgər bu sahədə başqa təkliflər də varsa, biz onları dinləməyə hazırıq...

28 may 1992-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin qərarı

Azərbaycan ilə Türkiyə arasında sərhəd keçidi yaratmaq məqsədilə Araz çayı üzərində Naxçıvan Muxtar Respublikasının ərazisində Sədərək-Dilucu bölgəsində Türkiyə Cümhuriyyəti avtomobil nəqliyyatı üçün körpü tikilmişdir.

1992-ci ilin may ayının 28-də bu körpünün rəsmi açılışına Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl başqa olmaqla, Türkiyədən Naxçıvana böyük dövlət nümayəndə heyəti gəlmişdir. Həmin gün Türkiyə Cümhuriyyətinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Rebspublikasının rəhbərliyinin, Araz çayının o tayında-bu tayında toplaşmış Naxçıvanın və Türkiyənin çoxminli əhalisinin iştirakı ilə Türkiyə ilə Azərbaycan arasındakı körpünün rəsmi açılışı olmuşdur. Beləliklə iki qardaş xalqın üzün illər həsrətində olduqları arzuları yerinə yetmiş, Sədərək-Dilucu “Həsrət körpüsü”, “Ümid körpüsü” yaranmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti Sədərək –Dilucu körpüsünün yaranmasını böyük əhəmiyyətə malik olan bir hadisə kimi qiymətləndirir və qeyd edir ki, bu körpü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə və inkişaf etməsinə, Araz çayının o tayında və bu tayında olan qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti qeyd edir ki, Sədərək-Dilucu körpüsü Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasında 24 mart 1992-ci ildə Ankarada imzalanmış əməkdaşlıq protokolunun həyata keçirilməsi, Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasına protokolda nəzərdə tutulmuş maddi-texniki və mədəni yardımın təmin olunması üçün geniş imkan açır.

Yuxarıda qeyd olunanları əsas tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti qərara alır:

1. İstifadəyə verilmiş Sədərək-Dilucu körpüsü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd-keçid qapısı elan edilsin.

2. Sədərək-Dilucu rəsmi sərhəd keçid qapısının işinin təşkil edilməsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın.

Naxçıvan Muxtar Respublikası

Ali Məcliinin Sədri Heydər Əliyev

9 iyul 1992-ci il

Yuxarıda qeyd olunanlar Ulu Öndərimizin Naxçıvanda həyata keçirdiyi böyük işlərin az bir hissəsidir. Çox təbii ki, bu böyük fəaliyyəti bir qəzet yazısına sığdırmaq da mümkün deyil. Seçdiyimiz bu hissələr Azərbaycanın müstəqilliyi, bu yolda aparılan mübarizə, ölkəmizin çətin vəziyyətdə olan bölgəsinin- Naxçıvanın ağır blokadası şəraitində həyata keçirilən işlərlə bağlı olduğu üçün onları xatırlamağı özümüzə borc bildik. Borc bildik ki, gənc nəsil də oxusun və öyrənsin. Bununla əlaqədar Prezident cənab İlham Əliyevin də dəyərli fikirlərini xatırlamaq yerinə düşər: “Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar”.

Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi

1990-cı illərin əvvəlində respublikada vəziyyət olduqca ağır idi-Azərbaycanda ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular. Onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, Vətənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası mənəvi cəhətdən sarsılmışdı. Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi təcavüzü daha da sürətləndi. Çox qısa zamanda xalq AXC-Müsavat hakimiyyətinin idarəçiliyi bacarmadığının şahidi oldu. Bu hakimiyyətin faciəsi onda idi ki, bacarıqlı, peşəkar insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Azərbaycanda ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdılar ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma o zamankı hakimiyyət Ümummilli Lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə ona qarşı əsassız mübarizə aparırdılar. Bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər. Respublikanın bütün əhalisi Ulu Öndərin hakimiyyətə gəlməsini istəyirdi. Amma hakimiyyət hər vəchlə buna mane olurdu. Yaş senzini ortaya atmışdılar ki, Heydər Əliyev seçkilərdə iştirak edə bilməsin. Lakin cəmiyyətdə Ulu Öndərə inam böyük idi. Bu səbəbdən də məhz Ona üz tutuldu.

“91-lər” çox mühüm missiyanı həyata keçirdi

Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı 16 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. “91-lər”-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilir, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında Vətən əldən gedirdi. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib Vətəni xilas etmək idi. Bütün Azərbaycan xalqı görürdü ki, Heydər Əliyev Naxçıvanı məhv olmaqdan xilas etdi. Blokada şəraitində olan bir bölgədə insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütövlükdə bütün xalqımız Heydər Əliyevi çox sevirdi. Çünki Ulu Öndərimiz bütün həyatı boyu xalqına şərəflə xidmət etmişdi. Beləliklə, o dövrdə “91-lər” çox mühüm missiyanı həyata keçirdi.

Azərbaycanın xilası üçün xalqın ziyalı nümayəndələri Ümummilli Liderimizi tək çıxış yolu olaraq görürdülər. Çünki ona inanır və böyük ümid bəsləyirdilər. Onun birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə gördüyü işlər, dövlətimizin başçısının da vurğuladığı kimi, həmin dövrdə Qarabağda separatist qüvvələrin baş qaldıra bilməməsi bu inamı daha da möhkəmlətmişdi. Dövlət başçısının dediyi kimi: Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi. Xüsusilə xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir.

...Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Yəni, bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Bütün bunlar və eyni zamanda, Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın ona inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın xilası oldu

Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən Yeni Azərbaycan Partiyasının 2022-ci ildə 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə dövlətimizin başçısının çıxışında əvvəldən sonadək Heydər Əliyev siyasi xətti, ideyaları, yolu ilə getməklə əldə olunan uğurlardan bəhs etməsi ilə ötən illərin şanlı tarixinin səhifələri yenidən bir-bir vərəqləndi.

Ümummilli Liderimizin Azərbaycana, xalqımıza, onun müstəqilliyinə bəslədiyi məhəbbət fonunda ərazi bütövlüyümüzün bərpası, ölkəmizin inkişafı üçün həyata keçirdiyi misilsiz xidmətlər bu gün öz bəhrəsini verib. Bunu hər bir vətəndaş görür və qürur duyur. Partiyanın yaranması tarixinə nəzər salan dövlət başçısının çıxışında da bu məqamlar öz əksini tapdı: Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransını tarixi hadisə adlandıran dövlətimizin başçısı deyirdi: Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyevin xalqın tələbi ilə Bakıya dəvət edilməsi, parlamentin sədri seçilməsi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə tariximizin o qara səhifəsi bağlanmışdır. Və biz bağlanan o qara səhifədən sonra başlanan tariximizin parlaq səhifələri ilə bu gün fəxr edir, qürur duyuruq.

Tarixin 1993-cü ildən açılan yeni səhifəsi

Bəli, 1993-cü ildən yuxarıda da vurğuladığımız kimi, tarixin qara səhifələri bağlandı və qarşımızda yeni bir səhifə açıldı. Bu səhifə Böyük Heydər Əliyevin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə xalqın taleyini dəyişdi.

Ulu Öndərin mənəvi və siyasi varisi, daim Heydər Əliyev siyasətindən bəhrələnən və fəaliyyətini bu dahi insanın təcrübələrinə istinad etməklə quran dövlət başçısı cənab İlham Əliyev deyir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Bəli, ötən 20 ilin hər saatında, hər anında Ulu Öndərimizin tapşırıq və tövsiyələrinin yerinə yetirildiyi görürük. Həm də çox yüksək səviyyədə. Bu tapşırıq və tövsiyələrin yerinə yetirilməsində bütün cəmiyyətimizin səfərbər olduğunu da görmək mümkün olub. Çünki Ulu Öndər Azərbaycan üçün nə qədər əzizdirsə, onun tapşırıq və tövsiyələrinin bu xalqın nümayəndələri tərəfindən yerinə yetirilməsi bir o qədər qürurvericidir. Biz bütün işlərdə həmişə dövlətimizin başçısının arxasında olmuşuq.

Prezident cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə deyirdi: Yəni, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir. Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.

Azərbaycan dövləti Ulu Öndərin vəsiyyəti əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir

Azərbaycan xalqının özünəməxsus milli dəyərləri vardır ki, bu xalq hansı dövrdən, çətinliklərdən, müharibələrdən, ağrı-acılardan keçməsinə baxmayaraq həmin dəyərlərə sadiq qalmış, onları qoruya-qoruya nəsillərdən-nəsillərə təhvil vermişdir. Onlardan biri də xalqın birliyi, həmrəyliyidir ki, 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq. Ulu Öndərimiz də bu dəyərlərin hər zaman qorunmalı olduğunu tövsiyə edirdi.

Prezident cənab İlham Əliyev: Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.

Güclü ordu quruculuğu Ulu Öndərin vəsiyyəti idi

Bu, tarixi faktdır ki, 90-cı illərin əvvəllərində ordumuz yox dərəcəsində idi. Yəni ordu quruculuğu işini həmin dövrdə gündəmə gətirən də yox idi. Çünki ovaxtkı dövlət rəhbərlərinin başı öz vəzifə kürsülərini qoruyub saxlamağa qarışmışdı. Onlar ordu barədə nə üçün düşünməli idilər ki? Öz əlləri ilə düşmənə satdıqları torpaqları qorumaq üçünmü? Bu iki hal bir-biri ilə ziddiyyət təşkil etdiyinə görə bu barədə danışmağa da əsla dəyməz.

Lakin həmin dövrdə Naxçıvanda yaşayan və fəaliyyət göstərən dahi şəxsiyyət Heydər Əliyev üçrəngli dövlət bayrağımızın qaldırılması, dövlət rəmzlərimizin tanınması kimi, artıq orada ordu quruculuğuna da başlamışdı. Azərbaycan Milli Ordusunun təməli Ulu Öndər tərəfindən qoyulmuşdu. Sonrakı illərdə isə bu, daha da şaxələndirildi və bu sahədə həyata keçirilən bir-birindən əhəmiyyətli işlər bugünkü güclü ordumuzun yaradılması ilə nəticələndi.

Bu barədə dövlətimizin başçısı deyir: Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.

Başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq

Bu barədə Prezident İlham Əliyevin dəyərli və yaddaqalan, bütün nəsillərə nümunə olan fikirlərini dinləmək kifayətdir: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi

Bəli, bütün həyatını, sağlamlığını xalqının xoşbəxtliyinə, müstəqilliyimizin əbədiliyinə, torpaqlarımızın azadlığına həsr edən böyük Heydər Əliyevin həyatı da, fəaliyyəti də bir fədakarlıq nümunəsi idi.

Yaxşı yadımdadır, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində torpaqlarımızı satanlar isti otaqlarında boş-boş işlərlə məşğul olduqları zaman Ulu Öndərimiz qazsız, işıqsız Naxçıvanda buz kimi evdə yaşayır, Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyətə malik olan sənədlərə qaranlıq, soyuq iş otağında çıraq işığında imza atırdı. Saatlarla o soyuq otaqda bu xalqın qurtuluşu üçün yollar axtarıb tapırdı. Minilliklər boyu bir xalqın taleyində belə şəxsiyyətlər çox az halda olur. Biz çox xoşbəxt xalqıq ki, Ulu Öndər bizim tale payımız, alın yazımız olub. Biz bugünkü müasir, müstəqil Azərbaycan üçün Ulu Öndərimizə, onun ölməz ideyalarına borcluyuq. Dövlətimizin başçısının söylədiyi kimi: Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.

Biz Ulu Öndərin yolu ilə gedirik

Prezident cənab İlham Əliyev: Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda çox mürəkkəb iqtisadi, ictimai-siyasi vəziyyət hökm sürürdü. Bir tərəfdən də Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə ölkəmizə qarşı hərbi təcavüzə başlamışdı. Azərbaycanın ovaxtkı rəhbərliyinin səriştəsizliyi və xəyanətkarlığı, öz vəzifələrini qorumaq üçün sovet rəhbərliyinə yaltaqlanmaları qarşıda xalqı çətin anların gözlədiyindən xəbər verirdi. Sovet rəhbərliyinin bütün bunlardan istifadə etməklə ermənipərəst siyasətini aktivləşdirməsi qonşuluqda məqam gözləyən ermənilərə öz murdar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yaradırdı.

Həmin vaxt ölkəmizin Ermənistanla sərhədboyu rayonları ermənilər tərəfindən mütəmadi olaraq atəşə tutulurdu. Eyni zamanda Naxçıvan Muxtar Respublikasına qarşı da ermənilər ərazi iddiası ortalığa atmış, kommunikasiyaları kəsməklə Naxçıvanı blokada vəziyyətinə salmışdılar.

Məhz belə bir vaxtda – 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini ləğv olunmaq təhlükəsindən xilas etməklə yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatının başlanması, Ulu Öndərin xalqın xilaskarı kimi milləti böyük bəlalardan qurtarması, müstəqilliyimizin qorunması, daimiliyi ilə nəticələndi.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ”Heydər Əliyev İli” elan olunması və bu il Ulu Öndərin 100 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəyi dahi şəxsiyyətə böyük ehtiramın, yüksək qiymətin əyani göstəricisidir.

Mətanət Məmmədova

Digər xəbərlər