Heydər Əliyev-100

  • 6 589

İdarəetmədə Heydər Əliyev zəkası – DƏYİRMİ MASA

image

Azərbaycanda ictimai-siyasi sabitliyin memarı siyasətçilərin gözü ilə

Yazının əvvəli ötən sayımızda...

Sovet İttifaqının parçalanması və respublikaların İttifaqdan ayrılaraq müstəqil yaşamağa başlamasından sonra iqtisadi əlaqələrin kəsilməsi, dövlət planlaşdırması və idarə edilməsi ləğv edildiyindən, xarici bazara sərbəst çıxış olmadığından xammal və texnologiyalar əldə edə bilməyən zavod-fabriklər sıradan çıxdı, təsərrüfat böhrana düşdü, ordu dağılmağa başladı, sosial tənəzzül yaşandı. Sosialist iqtisadi sistemindən kapitalizmə keçid prosesi özü ilə çoxsaylı problemlər gətirdi. Yaranmış vəziyyət təcili tədbirlər görülməsini, iqtisadiyyatda, müdafiədə, sosial siyasətdə dönüş yaradılmasını tələb edirdi. Lakin 90-cı illərin əvvəllərində respublika hökuməti bu işin öhdəsindən gələ bilmədi. Vəziyyət yalnız 93-cü ilin ortalarından- ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dəyişməyə başladı.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.

"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "dəyirmi masa"lardan növbətisi təşkil olundu. "Dəyirmi masa"dakı müzakirələrə Yeni Azərbaycan Pariyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, siyasi ekspert Abutalıb Səmədov, Yeni Azərbaycan Partiyasının veteran üzvü Valeh Sefiyev iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev açdı. O qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində hər zaman "dəyirmi masa"lar təşkil edib və bu masa ətrafındakı söhbətlər həmişə maraqla qarşılanıb. Budəfəki "dəyirmi masa" söhbətinin mövzusu isə adı Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan Ümummilli Lider Heydər Əliyev və Onun Azərbaycanın taleyindəki əhəmiyyətli xidmətləridir:

"Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində - 1969-cu ildən başlayaraq Azərbaycanın birinci katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Bu gün qonaqlarımızla Ulu Öndərin xatirəsini yad etməklə yanaşı, Onun Azərbaycanın müstəqilliyi uğrunda həyata keçirdiyi işlərdən danışacağıq”.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev çıxışında Heydər Əliyev dühasının müstəsna xidmətlərindən danışdı: “Dahilik həlli qeyri-mümkün görünən vəzifənin öhdəsindən gəlməyi bacarmaqdır. Elə şəxsiyyətlər, dövlət xadimləri olmuşdur ki, onlar öz ölkəsinin, öz millətinin taleyində böyük rol oynayıblar. Dərin zəkası, əməli fəaliyyəti ilə Azərbaycanımızın müstəqilliyinə əbədi möhür vuran Ulu Öndər Heydər Əliyev böyük tarixi missiyası ilə Öz doğma yurdunu qəlbən sevən hər bir azərbaycanlının qəlbində əbədi məhəbbət qazanıb.

Zəngin dəyərlər xəzinəmiz olan tarixi yaddaşımız və milli kökümüz bizim qürurumuzdur. Dahi rəhbər bu mənəvi, əxlaqi mədəni və sosial dəyərlərə misilsiz qayğı ilə yanaşaraq hər birimizə, millətə bağlılıq, Vətənə sevgi nümunəsi göstərib. Ümummilli Liderin idarəçilik istedadı, misilsiz işgüzarlığı və xalqın həyatında baş vermiş ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması Onu dövrünün ən nüfuzlu siyasi xadimlərindən birinə çevirib. O, bütün ömrünü xalqın səadəti uğrunda mübarizəyə həsr etdi.

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 34 ildən artıq bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev xalqı tarixin ən çətin sınaqlarından çıxararaq dövlətimizin tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələrdən birini təşkil edir.

Xalqımızın həyatında elə bir sahə yoxdur ki, o sahədə Heydər Əliyevin əvəzsiz rolu olmasın. Gənc nəsil də Ulu Öndər Heydər Əliyevdən, sözün əsl mənasında, böyük qayğı görüb. Gənclərin hərtərəfli inkişafında, onların milli kadr kimi formalaşmasında dahi şəxsiyyət əlindən gələni əsirgəməyib. Şübhəsiz ki, Heydər Əliyevin həyat yolu bütün insanlar, xüsusilə də biz gənclər üçün əsl məktəbdir. Dərin və hərtərəfli biliyə, güclü məntiqə, unikal yaddaşa malik olan, böyük əməksevərlik və fədakarlıq nümunəsi yaradan Heydər Əliyev gənclərə qayğı və sevgi göstərməklə yanaşı, həm də onların qarşısına müəyyən vəzifələr qoyaraq deyirdi: “Sizin əsl vəzifəniz özünüzü Azərbaycan Respublikasının inkişafına, yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır”. Çünki hər hansı bir cəmiyyətin inkişafı aparıcı qüvvə olan gəncliyin necə tərbiyə olunmasından, hansı ideyalarla silahlanmasından asılıdır.

Dağdan uzaqlaşdıqca onun əzəməti aydın hiss olunduğu kimi, zaman ötdükcə Azərbaycan xalqı bu dahi şəxsiyyətin əzəmətini, ucalığını daha aydın hiss edir. Ömrünü vətən, xalq yolunda şam kimi əridən, tariximizə parlaq səhifələr bəxş edən Ulu Öndər bizim qürur mənbəyimiz, milli iftixarımızdır. Bu gün biz gənclər Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək inamla gələcəyə addımlayır, Heydər Əliyevin biz gənclərə etibar etdiyi qüdrətli Azərbaycana öz töhfəmizi verməyə çalışırıq.

Müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, Onun ideyaları və böyük dühası əbədiyaşardır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciətində demişdi: “İnanıram ki, Mənim başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev tamamlaya biləcəkdir. Ona Özüm qədər güvənirəm və gələcəyinə böyük ümid bəsləyirəm”. Həqiqətən də, Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Onun ideya və əməllərini davam etdirən, vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə Onun ölməzliyini bir daha təsdiqləyib.Ulu Öndərin qüdrətli dövlətçilik siyasəti ilə və biz gənclərə əmanət qoyduğu müstəqilliyimizlə qürur duyur, bu müstəqilliyi bizə bəxş etmiş dahi şəxsiyyəti daim ehtiramla yad edirik.

Daha sonra siyasi ekspert Abutalıb Səmədova söz verildi. O öz çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyev- Azərbaycanın dünya siyasətinə bəxş etdiyi nəhəng şəxsiyyətdir: “O, böyük dövlət rəhbərləri ilə zəngin olan tariximizin ən böyük dövlət xadimi, müstəqil dövlətimizin xilaskarı və qurucusudur. Öz müdrikliyi və təşkilatçılıq bacarığı hesabına dünyanın ən böyük imperiyasının rəhbərlərindən biri olmağı bacarmış dahi həmvətənimizdir. Moskvadakı Azərbaycan Nümayəndəliyində üsyan etdikdən sonra bütün təzyiqlərə, təhlükələrə baxmayaraq Vətənə qayıtdı.

Bakıda yaşamasına imkan verilmədiyinə görə blokada şəraitində yaşayan, istilik və ərzaq çatışmazlığı ilə üzləşmiş Naxçıvana getmək məcburiyyətində qaldı. Doğulduğu torpaqda xalq ondan Muxtar respublikada rəhbərliyə gəlməyi xahiş etdi və o bu çağırışa da “yox”-deyə bilmədi, miqyasına qətiyyən uyğun olmayan bir vəzifəni tutmağa razılıq verdi.

Onun gəlişinədək ölkə çox qarışıq idi, hərc-mərclik içində idi. Ümummilli Lider hakimiyyətə gəldikdən dərhal sonra ölkədə sabitlik, əmin-amanlıq bərpa edildi, iqtisadi islahatlar geniş vüsət aldı. Dövlətçiliyin təhlükə altında olduğu məqamlarda dövlət başçısının necə davranmalı olduğu barədə dərs keçdi. O bu açıq dərsini 1996-cı ildə Respublika sarayında keçirdi. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasına həsr olunmuş xalq toplantısında ulu öndər üzünü həm daxili və xarici düşmənlərə, həm də kiçik təhlükə hiss edən kimi postunu atıb qaçan dövlət başçılarına tutaraq qətiyyətlə bəyan etdi: “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam!”.

Yeni Azərbaycan Partiyasının veteran üzvü Valeh Sefiyev çıxış edərək bildirdi ki, 90-cı illərin çətin dövründə Heydər Əliyev hakimiyyətə gəlməklə xalqı böyük bəlalardan xilas etdi: “Ölkəni o vəziyyətdən çıxarmaq üçün təmiz vicdan, saf məqsəd lazım idi. Müstəqilliyi və tərəqqisi üçün Azərbaycanın əbədi borclu olduğu Ulu Öndər Heydər Əlirza oğlu Əliyev hər bir azərbaycanlılın qəlbində silinməz bir iz qoyub.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ulu öndərin ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarıb.‎

Qədirbilən xalqımız özünün əbədiyaşar ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, böyük Heydər Əliyev yolu ilə gedərək, bu yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, bu ideyaların gerçəkləşdirilməsində qüvvə və səylərini əsirgəməycəklər. Azərbaycan yaşadıqca, dünya durduqca, Azərbaycan insanına örnək olan, Azərbaycanı var edən, adı Azərbaycana güc və şərəf verən Ulu öndərimiz Heydər Əliyev yaşayacaq”.

Lalə Mehralı

Digər xəbərlər