Müsahibə

  • 12 784

Rusiyalı kosmonavt Azərbaycanda nəyi bəyəndi? - MÜSAHİBƏ

image

Rusiyalı kosmonavt Anna Kikina Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin qonağı olub. Annanın çox zəngin tərcümeyi-halı var- o, Rusiyanın idman ustasıdır, Altayda üzgüçülük üzrə təlimatçı, bələdçi kimi işləyib, xilasedici kursantlar hazırlayıb, həmçinin, “Radio Sibir Altay”-ın aparıcısı və proqram direktoru olub. Onun üçün dönüş nöqtəsi 2012-ci ildə “Roskosmos”da kosmos komandasının işə götürülməsini öyrəndiyi zaman oldu. Bu gün Kikina “Roskosmos” kosmonavtlar korpusunda yeganə qadın, eləcə də amerikalı milyarder İlon Maska məxsus “SpaceX-in Crew Dragon” kosmik gəmisində uçan ilk rus kosmonavtdır. Anna Kikina “Moskva-Baku” portalına müsahibəsində kosmonavt olmağın necə asan olduğunu danışıb, həmçinin sevimli Azərbaycan yeməyinin reseptini bölüşüb.

- Anna, siz Beynəlxalq Astronavtika Konqresində iştirak etmisiniz. Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız?

- Mən Bakını, əsasən, avtobusun pəncərəsindən görürdüm, çünki biz konqresdə çox vaxt keçirirdik. Əsas tədbirlərin keçirildiyi Heydər Əliyev Mərkəzinin qeyri-adi binası məni heyran etdi. Mərkəzə yaxınlaşanda gördüm ki, qazonu təzəcə sulayıblar və elə səhər təravətini hiss etdim ki, əhvalım dərhal yüksəldi.

Azərbaycan mətbəxini çox bəyəndim. Mən badımcanı çox sevirəm və ən dadlı salatı ondan hazırlayırlar. Badımcanı parçalara ayırın, sonra nişasta ilə örtün və xırtıldayana qədər qızardın. Üstü xırtıldayan, içi isə yumşaq olur. Bu dadlıdır!

- Resepti belə ətraflı təsvir etdiniz!

- Restoranda mənimlə bölüşdülər, indi evdə Azərbaycan xırtıldayan badımcan salatı hazırlayacam.

- Çoxları uşaqlıqda kosmonavt olmağı xəyal edir, amma bu arzunu həyata keçirə bilmir. Bəs siz kosmosa necə getdiniz?

- Uşaq olanda mən də kosmonavt kimi oynayırdım, amma bir gün kosmonavt olacağımı ağlıma belə gətirməzdim. İnanıram ki, həyatda keçdiyim bütün yollar məni buna aparıb. Və 27 yaşımda kosmonavtlar korpusuna Rusiya vətəndaşlarını cəlb etdiklərini biləndə hiss etdim ki, məhz bu mənim istədiyim şeydir. Üstəlik, bunun üçün düzgün həyat təcrübəm də var idi. Hər şeyin yoluna düşdüyünə şadam. Mən öz işimi görməkdə çox maraqlıyam.

- Bizə deyin, kosmonavtların seçilməsi hansı meyarlara əsasən aparılır?

- Rusiyada buna ciddi yanaşırlar. Əvvəlcə lazımi sənədlər paketini toplamaq lazımdır. Bu, çox qalın bir kağız yığınıdır və siyahıya uyğun olaraq hər şeyi düzgün tərtib etmək lazımdır. Əgər sənədlərə uyğun gəlsəniz, o zaman sizi seçim prosesinə dəvət edirlər. Onlar psixoloji hazırlıq səviyyəsini və fiziki hazırlığı müxtəlif parametrlərə görə yoxlayırlar: güc, dözümlülük, çeviklik, sürət. Maksimum performans göstərməlisiniz ki, seçim komitəsi orqanizminizin çətin sınaqlara nə qədər hazır olduğunu görə bilsin.

Sonra riyaziyyat, fizika, ingilis dili bilikləri, ümumi dünyagörüşü və hətta bort sistemləri üzrə sualların səviyyəsinin müəyyən edildiyi peşəkar qabiliyyət imtahanı verilir. Görüşdən əvvəl gəminin bort sistemi haqqında məlumat verirlər və qısa müddətdə onun necə işlədiyini başa düşməlisiniz. Və ertəsi gün komissiyanın suallarına cavab verirsiniz və heç bir səhv etməməlisiniz. Həm də onlara izah etməlisiniz ki, niyə kosmonavt olmalısan? Bütün bu səviyyələri müvəffəqiyyətlə keçdiyiniz zaman, namizədin sağlamlıq vəziyyətinin xüsusi tədqiqatlar zamanı müəyyən edildiyi Kosmonavt Hazırlıq Mərkəzinə tibbi müayinəyə göndərilirsiniz. Əgər seçimin əvvəlində 50 namizəd var idisə, tibbi müayinədən sonra cəmi 8 nəfər qaldı.

- Amma kosmosa uçmaq üçün daha 10 il hazırlıq lazım idi. Bu müddət ərzində nə baş verdi?

- Kosmonavtlar nə edir? Onlar Yerdə vaxtlarının çoxunu kosmosa getməyə hazırlaşmaqla keçirirlər. Burada onlar iki böyük vəzifəni yerinə yetirirlər. Birincisi, elmi tədqiqat proqramlarının həyata keçirilməsi, ikincisi isə kosmik stansiyanın bort sistemlərinin saxlanılmasıdır. Əgər qorunmasa, uzun müddət mövcud ola bilməyəcək. Çox sayda bort sistemləri, avadanlıqlar dəyişdirilməli, təmir edilməli olan elementlər, oxunuşlar alınmalı, mövqelər dəyişdirilməlidir. Bort sistemləri ilə necə işləmək olar- biz bunu daim Yer üzündə öyrənirik. Biz Kosmonavt Tədris Mərkəzində mövcud olan tam ölçülü modullar və simulyatorlar üzrə praktiki təlim keçirik.

- 2022-ci ildə siz “SpaceX-in Crew Dragon” Amerika kosmik gəmisində uçan yeganə rus kosmonavtı oldunuz. Bu kosmik ekspedisiyadan hansı təəssüratlarla qayıtdınız?

- Çox şadam ki, mənə bu fürsət verilib. Bu, qeyri-adi təcrübədir, bu missiyaya hazırlığın təşkili, prosesin bütün iştirakçılarının bizim birgə işimizə yüksək marağı məni heyran etdi: həm yerüstü mütəxəssislər komandası, həm də ekipajın üzvləri! Qarşılıqlı etimada və qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar fəaliyyətimiz oldu. Bu da ekspedisiyanın yaxşı nəticələrinə səbəb oldu!

- Missiyanız nə idi?

- Mən 2 nömrəli mütəxəssis idim, mənim vəzifəm gəminin içərisindəki avadanlıqları düzgün idarə etmək idi. Kosmik stansiyada demək olar ki, 6 aya yaxın işlədim, 68 nömrəli uzunmüddətli ekspedisiyanın tapşırıqlarını, əsasən, Rusiya seqmentində yerinə yetirdim. Bu, bort sistemlərinin saxlanması, həmçinin bir sıra elmi tədqiqatlar və təcrübələr, o cümlədən, məsələn, qan dövranı sisteminin kosmik uçuşun mənfi amillərinin təsirinə reaksiyasının öyrənilməsidir.

- Uçuşdan sonra müvazinəti bərpa etmək çətin olmadı?

- Sözün əsl mənasında yer şəraitinə uyğunlaşmalısan. İlk saatlarda siz yanlara əyilmədən yenidən yeriməyi, yıxılmamaq üçün düz durmağı öyrənirsiniz. Zamanla yerişinizdə inam yaranır və bədəninizdə güc və yüngüllük hiss etməyə başlayırsınız. Təxminən 10 gündən sonra yenidən forma aldığını düşünürsən, amma yox, hələ tezdir... Təxminən 6 aya tam bərpa olmaq olar. Həvəskar qaçış yarışında vaxt sınağı keçirəndə bunu hiss etdim. İndi mən yenidən məşqlərdə iştirak edirəm, kosmosda uçmaq və işləmək üçün təlimlərdə iştirak edirəm və qarşıda başqa bir ekipaj tapşırığım var.

- Belə bir ritmdə 6 ay kosmosda, ondan əvvəl isə məşqdə olanda ailə münasibətlərini qoruyub saxlaya bilirsənmi?

- Mən kosmonavtlar korpusuna seçiləndə ərimlə Novosibirskdən köçdük. Onun ixtisası üzrə yeni yerdə vəzifə tapılması məni sevindirdi. O, Kosmonavtların Hazırlanması Mərkəzində bədən tərbiyəsi üzrə məşqçidir. Ailəyə vaxt tapırıq, amma bu, daha çox axşamlar və həftə sonları olur (gülür).

- Maraqlıdır, kosmik yeməkləri sevirsən?

- Bəli, xüsusən də, rus məhsullarını. Mənim üçün daha qidalı və dadlı oldu. Baxmayaraq ki, biz müxtəlif yeməkləri sınadıq- Amerika, Yapon, Avropa. Kosmosda olarkən yer qidası üçün xüsusi olaraq darıxmadım, çünki balanslaşdırılmış pəhrizimiz var idi.

- Amma şübhəsiz ki, nəsə çatışmırdı?

- Mən çox istəyirdim ki, bir stəkan isti çay içim! Özü də, bu, ətirli paket çayı olmasın (gülür). Bilirsiniz, amma Yerə qayıtdıqdan sonra hiss edirəm ki, bəzən kosmik yeməklər üçün darıxıram.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər