Müsahibə

  • 8 705

Azərbaycan yeni reallıqlar yaratmış qüdrətli dövlətdir

image

Müsahibimiz YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, Eldar İbrahimov

- Eldar müəllim, bu gün Azərbaycan sosial-iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi və yüksək beynəlxalq nüfuzu ilə dünya miqyasında sayılıb-seçilən dövlətlərdən birinə çevrilmişdir. Xüsusilə də, son 20 il ərzində əldə edilən nailiyyətlər dövlətimizin qüdrətinin artmasını şərtləndirmişdir. Ötən dövrə nəzər saldıqda hansı reallıqları diqqətə çatdırmaq olar?
- Bilirsiniz ki, 2003-cü ilin 1 oktyabr tarixində Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, müstəqil Azərbaycan Respublikasının memarı, görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyev respublikamızda keçiriləcək prezident seçkiləri ilə əlaqədar xalqa müraciət etmişdir. Müraciətdə deyilirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Qədirbilən xalqımız Ulu Öndərin bu tarixi müraciətini böyük ruh yüksəkliyi ilə qəbul edərək Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəklədi və o, seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq ölkə Prezidenti seçildi.
Həmin tarixdən keçən 20 il ərzində cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirərək həqiqətən də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı istiqamətində çox uğurlu nəticələr əldə edilməsinə nail olmuşdur. Belə ki, keçən 20 il ərzində “Əsrin müqaviləsi”nə uyğun olaraq Azərbaycan ərazisində hasil edilən neft və qazın xarici bazarlara çıxarılması üçün bir neçə magistral neft və qaz kəmərləri çəkilmiş və hazırda respublikamız Avropa və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz töhfəsini verməkdədir. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və bir çox digər məsələlərə dair İlham Əliyevin imzaladığı Dövlət Proqramları uğurla icra olunaraq yüksək nailiyyətlər əldə edilmişdir.
Cənab İlham Əliyev Prezidentliyinin ilk dövrlərindən dəfələrlə bəyan etmişdir ki, “bizim siyasətimizin mərkəzində insan amili dayanır”. Bu, keçən 20 ildə əhalinin əmək haqlarının, pensiyaların, müavinət və digər ödənişlərin dəfələrlə artımında, yoxsulluğun və işsizliyin minumum həddə endirilməsində, əhalinin işıq, qaz və su ilə təminatının maksimuma yüksəlməsində, ölkənin şəhər və kəndlərində sosial və kommunal infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulmasında özünü aşkar göstərir. Azərbaycan brendi kimi tanınan və əhalinin məmnunluğuna səbəb olan, habelə bir çox xarici ölkələrin maraq dairəsinə düşən “Asan”, “Dost” və bu kimi digər xidmət mərkəzlərinin yaranması və fəaliyyət dairəsinin genişlənməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Cənab İlham Əliyev Prezidentliyi dövründə yaşayış məntəqələrində nəhəng abadlıq və quruculuq işləri aparılıb, yol infrastrukturu tamamilə yenidən qurulub, müasir tələblərə uyğun olaraq respublikamızın ərazisi internet şəbəkəsi ilə əhatə olunub, kənd və şəhərlərimizin siması tamamilə dəyişərək gözəl bir diyara çevriliblər.
Hörmətli Prezidentimizin rəhbərliyi altında respublikamızda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əsaslı və davamlı olaraq geniş miqyaslı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, əhalinin ərzaq təhlükəsizliyi əsasən yerli istehsal hesabına təmin edilir, ölkəmiz həyata keçirilən məqsədyönlü işlər sayəsində bölgədə turizm mərkəzinə çevrilir.
- Torpaqlarımızın işğaldan azad olunması, ölkənin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun bərpa edilməsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifəsi – möhtəşəm Qələbədir...
- Doğrudan da, 2003-2023-cü illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli vəzifəni – respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, istərsə də ölkəmizin siyasi və iqtisadi qüdrətinin yüksəlməsi naminə heyrətamiz işlər görmüşdür. O, bu illər ərzində respublikamızın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi bütün uğurlara xalqın köməyinə və dəstəyinə arxalanaraq ən layiqli vətən övladlarını ətrafında sıx birləşdirərək nail olmuşdur. Yuxarıda sadaladığımız və demədiyimiz digər çoxsaylı nailiyyətləri əldə etmək ona görə lazım idi ki, ərazini işğaldan azad etmək üçün güclü iqtisadi, siyasi və sosial təməl yaradılsın. Hörmətli Prezidentimiz əbəs yerə demirdi ki, “nəyi necə və nə vaxt etməyi mən yaxşı bilirəm”. Bax, torpaqlarımızı erməni işğalından azad etməyin vaxtı 2020-ci ilin sentyabr ayında yetişdi və sentyabr - noyabr aylarında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında cəmi 24 saat davam edən antiterror əməliyyatında Azərbaycan xalqını dəmir yumruq kimi öz ətrafında birləşdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkə ərazisinin 20 faizindən çoxunu 30 illik erməni işğalından azad etdi. Bununla da respublikamızın ərazi bütövlüyü və suverenliyi, habelə xalqımızın qüruru bərpa olundu. İndi bizim hər birimiz böyük fərəh və qürurla mən – qalib Azərbaycan Respublikasının vətəndaşıyam deyirik. Bu sevinci bizə yaşadan isə son 20 il ərzində Azərbaycan Respublikasına rəhbərlik edən, cənab Prezidentimiz və çox nadir hallarda dövlət başçılarına qismət olan Müzəffər Ali Baş Komandan titulu qazanan İlham Əliyev olmuşdur.
- Eldar müəllim, tarixi Zəfərdən sonra – yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında hansı perspektivlər açılmışdır?
- Bildiyiniz kimi hazırda müstəqil Azərbaycan Respublikasının ərazilərinin 30 ildən çox davam edən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 il ərzində apardığı davamlı və uzaqgörən daxili və xarici siyasəti nəticəsində əldə edilmişdir. Yadınızdadırsa, bütün nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri bir ağızdan deyirdilər ki, Qarabağ probleminin müharibə yolu ilə həlli yoxdur. Bu isə o demək idi ki, biz ermənilərin arzusunu yerinə yetirib Qarabağı onlara bağışlamalıyıq. Lakin cənab Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ məsələsini müharibə yolu ilə həll etmək olar və həll etdi.
Ərazisinin 20 faizi işğalda olan bir ölkədə həyata keçirilən siyasi, iqtisadi və sosial siyasət şübhəsiz ki, ərazi bütövlüyü təmin edilən suveren bir ölkədə aparılan siyasətdən fərqlənməlidir. Bu mənada müharibənin başa çatması ölkəmizdə yeni dövrün başlanmasına şərait yaratmışdır. Bu şəraitdə ölkəmizdə növbədənkənar Prezident seçkilərinin keçirilməsi labüddür və Prezident İlham Əliyevin bu barədə imzaladığı Sərəncam tam qanunauyğundur.
Ölkəmizin hakim partiyası olan Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu seçkilərdə də öz namizədi ilə çox fəal iştirak etməlidir. Bizim namizədimiz partiyamızın sədri cənab İlham Əliyevdir. Belə ki, cənab İlham Əliyev 20 illik Prezidentlik dövründə dövlətimizin qarşısında duran ən çətin və həlli mümkün olmayan bir məsələni çox uğurla həll edərək Qarabağı işğaldan azad edib, ölkəmizin suverenliyini təmin etdi. Bu illər ərzində respublikamız bölgənin ən qüdrətli ölkəsinə çevrilib, beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən inkişaf etmiş bir ölkə kimi qəbul edilir. Hazırda Azərbaycan xalqının hər bir nümayəndəsi qürur hissi keçirir və fəxr edir ki, o, cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasında yaşayır və fəaliyyət göstərir. Bütün bunlar nəzərə alınaraq yeni yaranmış ictimai-siyasi və iqtisadi vəziyyətdə ölkəmizi daha işıqlı gələcəyə məhz İlham Əliyevin aparacağına böyük ümidlər vardır.

Digər xəbərlər