Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu
- Elşad müəllim, müasir beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər və qaynar proseslər baş verir. Qlobal kataklizmlər fonunda sülh, sabitlik və təhlükəsizlik kontekstində aktual çağırışlarla üzləşən Cənubi Qafqaz regionu da strateji nəzər nöqtələrindən birinə çevrilib. Bölgədə müşahidə edilən hazırkı prosesləri necə xarakterizə etmək olar?
- Cənubi Qafqaz regionu hər zaman özünün mürəkkəbliyi ilə seçilib. Regionda müxtəlif güclərin barışmaz maraqları müvafiq olaraq burada münaqişə potensialının yüksək olmasını şərtləndirib. Demək olar ki, region tarixində ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışı, iradəsi sayəsində Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Yenə də tarixdə ilk dəfə olaraq regional təhlükəsizlik arxitekturasının qurulması imkanları yarandı. Nəzərə almaq lazımdır ki, tarixən Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə edilməmişdir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yarandı. 2020-ci ilə qədər biz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdik. Ölkə Prezidenti Ermənistanın havadarlarına, ayrı-ayrı beynəlxalq təşkilatlara Ermənistana təsir göstərmək üçün çağırışlar edirdi. Lakin bu çağırışlara düzgün reaksiyalar nümayiş etdirilmirdi və o mövqedən çıxış edilirdi ki, münaqişənin hərbi həll yolu yoxdur. Prezident İlham Əliyev isə nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyini bildirirdi. O belə də etdi. Özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başladı və 44 gün ərzində erməni işğalının nəticələrinə əhəmiyyətli dərəcədə aradan qaldırdı. Azərbaycan Ordusu öz qüdrətini, Azərbaycan Lideri isə öz iradəsini, əsl sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdi. İkinci Dünya müharibəsindən sonra ilk olaraq Azərbaycan dövləti öz ərazilərini effektiv şəkildə işğaldan azad etdi. Bununla Cənubi Qafqaz regionunda tam yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının obrazını da tamam yenilədi. Artıq ərazi bütövlüyü bərpa etmiş dövlət və qalib xalq var. 2020-ci ildən ötən zaman ərzində Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını bütün komponentləri ilə çox həyata keçirməyə başladı və onun bütün manevr imkanlarını əlindən çıxardı. 2023-cü ildə görülən antiterror tədbirləri xalqımıza növbəti böyük zəfəri qazandırdı. Bütün ərazilərimiz boyunca suverenliyimiz etibarlı və dönməz şəkildə bərpa edildi. Beləliklə də, ümumilikdə Cənubi Qafqaz regionun yeni bir tarixi mərhələsinin əsası Azərbaycan Prezidenti tərəfindən qoyulmuş oldu.
- Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən bəlli dairələr qərəzli və ədalətsiz mövqelərindən çəkilmək istəmirlər. Bunun nəticəsi necə ola bilər?
- Azərbaycan dövləti ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra yeni reallıqlar formalaşdırdı. Bu gün bu reallığı dəyişəcək güc mövcud deyil. Azərbaycan Prezidenti dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sırada dayanmaqdadır. Ölkəmizin hazırkı mövqeyi həm tarixi qələbəmizi və ümumilikdə bütün milli maraqlarımızı inamla qorumağa imkan verir. Fransa başda olmaqla kollektiv Qərb Cənubi Qafqazda yenidən gərginlik elementlərini yaratmağa çalışırlar. Çünki onların regiona müdaxilə etmələrinə imkan verən münaqişə amili artıq mövcud deyil. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində dövlətimiz bütün zəruri addımları tam zamanında atmaqla həm siyasi, həm də hərbi qələbəmizi təmin etdi. Müxtəlif platformalar çərçivəsində ölkəmizə qarşı qəzərli siyasi mövqelərin formalaşdırılması cəhdləri tam fiaskoya uğradı. Bu gün Azərbaycan Ordusu, ölkə Prezidentinin dəfələrlə vurğuladığı kimi, 2020-ci ildəkindən daha da güclüdür. Çünki müasir dövrdə hüququn gücü yox, gücün hüququ keçərlidir. Azərbaycan Ordusunun bugünkü gücü bizim siyasi-diplomatik uğurlarımızın qarantı rolunda çıxış edir. Biz öz ərazilərimizdə antiterror tədbirlərini gördükdən cəmi iki ay yarım sonra COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Bunun özü də Azərbaycanın ədalətli mövqeyinin təntənəsi kimi qiymətləndirilə bilər. Həm də Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə olan böyük inam və etimadın göstəricisi idi. Bu və digər proseslər aydın göstərir ki, ölkə Prezidenti bütün addımlarını çox böyük dəqiqliklə hesablayaraq geosiyasi və hərbi-siyasi gedişlər etməklə bizi qarşımızda duran bütün hədəflərimizə uğurla çatdırır. Ona görə də Ermənistan üzərindən regiona qarşı qurulan bütün təhlükəli spekulyasiyaların qarşısını yenə də Azərbaycan Prezidentinin strateji baxışları və preventiv addımları almaqdadır.
Fransa Azərbaycana qarşı qərəzli mövqe tutmaqla ən böyük zərbəni özünə vurmaqdadır. Ümumı perspektivdə yalnız Azərbaycanla yaxşı münasibətlərdən faydalanmaq olar. Bu mənada, Azərbaycanın itirəcəyi heç nə yoxdur. Azərbaycan artıq öz tarixinin yeni mərhələsində dünya miqyasında daha təsirli, nəzərəçarpan rol oynamaqdadır. Neokolonializmə qarşı mübarizə sahəsində Bakı təşəbbüsünü xatırlamaq kifayətdir.
- Elşad müəllim, bundan sonrakı dövrdə regionda proseslərin mümkün inkişaf vektorlarını necə proqnozlaşdırmaq olar?
- Bütün proseslər Azərbaycanın nəzarəti altında, haqlı mövqeyimizə və milli maraqlarımıza uyğun cərəyan etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində Azərbaycanın yeni mərhəldə prioritetlərini aydın şəkildə səsləndirdi. Qarşıya qoyulan yeni hədəflər dövlətimizi daha da güclü edəcək, onun beynəlxalq təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Ölkə Prezidenti xarici siyasi öncəliklərimizi də aydın ifadə etdi. Bu, Azərbaycanla əməkdaşlıq edən ölkələr üçün həm də bir istiqamətləndirici amil rolunda çıxış edəcək. Azərbaycanın həm də mövqeyi ondan ibarətdir ki, regiona kənar subyektlər müdaxilə etməsinlər. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasın süni şəkildə beynəlxalq əhəmiyyətini şişirtmək lazım deyil. Bu, Azərbaycanla Ermənistan arasında olan məsələdir. Ölkə Prezidentinin bu cür yanaşması bütövlükdə regionun gələcək vəziyyəti və təhlükəzliyi üçün həlledicidir. Azərbaycan ədalətli maraqlarını uğurla qorumaq iradəsini və gücünü nümayiş etdirməkdədir. Azərbaycan dövləti artıq elə reallıqlar formalaşdırıb ki, Ermənistanın özü sülh haqqında düşünməlidir. Çünki bu sülh məhz Ermənistan üçün çıxış yoludur.
...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı