Müsahibə

  • 4 156

Gözün cavan qalmağını fikirləşməliyik Müsahibə

image

Müsahibimiz həkim oftalmoloq-cərrah Gülşən Dikmendir.

Gülşən Dikmen Azərbaycan Tibb Universitetinin müalicə fakültəsində təhsil alıb. 2008-ci ildə Akademik Zərifə Əliyeva adına E.T. Göz Xəstəlikləri İnstitutunda həkim-interna kimi təcrübə keçib. Daha sonra Türkiyənin İzmir şəhərində oftalmoloq-assistent kimi çalışıb. 2012-2015-ci illərdə Hindistanda okuloplastik cərrahiyyə, müxtəlif göz xəstəliklərinin müalicəsini həyata keçirmişdir. O, Türkiyənin Adana şəhərində yerləşən Sevgi Göz xəstəxanasında Excimer Lazer göz əməliyyatlarını uğurla aparıb. Əsasən Türkiyədə və Hindistanda ixtisaslaşan, 15 ildən artıq təcrübəyə malik olan oftalmoloq-cərrah Gülşən Dikmen hazırda Badam Medical Center, Nur Göz Mərkəzində çalışır.

- Gülşən xanım, ən çox hansı göz xəstəlikləri ilə bağlı sizə müraciət edirlər?

- Bu, yaş qrupuna baxır. Yaşlılar daha çox mirvari suyu xəstəliyi, uşaqlar gözdə çəpliyə görə müraciət edirlər. Elə insanlar var ki, görmə problemləri yoxdur, amma quru göz sindromları var. Hal-hazırda geniş yayılmış problemdir. Yaş qruplarına görə müraciət etdikləri xəstəliklərin növü dəyişir.

- Müasir dövrdə eynək taxan uşaqlara çox rast gəlirik. Uşaqlarda göz xəstəliklərinin bu qədər yayılmasına səbəb nədir?

- Bu, yeni pandemiyadır. Miopiya pandemiyası. 2025-ci ilə dünya əhalisinin 80%-i miop olacaq. Bu, qaçınılmazdır. Həyat tərzinin gətirdiyi bir şeydir.

- Mirvari suyu xəstəliyinin adını çəkdiniz. Bu xəstəliyin yayılmasının səbəbi nədir?

- Bu xəstəliyin əsas səbəbi qocalıqdır. Necə ki yaşlandıqca saçımız ağarır, gözdə də zülallar denaturasiya olur. Yaşa bağlı makula degenerasiyası var, gözün dibində əmələ gələn xəstəliklər. Əvvəllər çox daha yaşlılarda-65 yaş üstü insanlarda əmələ gəlirdi, amma indi 45 yaş üstü olmağa başlayıb. Xəstəliklərin bir çoxu cavanlaşıb. Bu da həyat tərzimindən asılıdır. Monitordan çox istifadə edirik. Monitorlardan uzun müddət istifadə gözün dibindəki degenerativ xəstəliklərin yaşını cavanlaşdırır. Təəssüf ki, son 10 ildir bunu müşahidə edirik. 50 yaşında insanda artıq makula degenerasiyası var. Niyə? Çünki, bu adam hardasa 15 ildir ki, kompüterin qarşısında çalışır.

- İşi kompüterlə əlaqəli olan adamlar nə etsin? Özlərini necə qoruya bilərlər?

- Bir insan kompüterin qarşısında 2-3 saatdan artıq vaxr keçirirsə, mütləq "blue block" eynəyi istifadə etməlidir. Çünki mavi işıq 2-3 saata qədər problem deyil. 3 saatı keçəndən sonra onun göz dibinə təsiri degenerativdir.

- Buna telefon işığı da aiddir?

- Telefonda mavi işığı bloklaya bilirik. Telefonda bu funksiya var, amma kompüterdə yoxdur.

- Mavi işığı blokladıqdan sonra telefon ekranına baxmaq problem deyil?

- Görmə zəifləyə bilər və bu da eynək taxmağınıza səbəb olar.

- Belə bir deyim var ki, çox kitab oxumaq gözü zəiflədir. Bu, doğrudur?

- Bəli. Mən də onlardan biriyəm. Deyirik ki, uşaqlar telefona baxır, kitab oxuyur, gözü zəifləyir. Əslində problem uzun müddət yaxına baxmaqdır. Bizim zamanımızda oxumaq heç kimə maraqlı gəlmirdi deyə oxuyanların sayı az idi. Buna görə də gözü zəif olanların sayı da az idi. Gözləri zəif olanlarda bu ya genetik, anadangəlmə idi, ya da yaxından kitab oxuduqları üçün bir müddət sonra miyop olurdular. İndi telefonda nə tapıblarsa, bu, hamıya maraqlı gəlir. Buna görə də hamı yaxına baxır. Problem telefonun ekranı, ya da baxdığı bir şey deyil, problem yaxından baxmaqdır. Kitaba da, telefona da yaxından baxanda eyni şey olacaq. Məsafəni qorumaq lazımdır. Yaxın oxumağın gigiyenası var. 35-40 sm məsafədən 20 dəqiqə müddətində. 20 dəqiqədən sonra mütləq şəkildə 5-10 dəqiqə istirahət olmalıdır. Şəxs uzağa baxmalı, göz istirahət etməlidir. Uşaq vaxtı dayanmadan kitab oxuduğuma görə 17 yaşımda mənfi beş dərəcədən əməliyyat olunmuşam.

- Bəs, "ağ işıq" dediyimiz, evlərdə və ofislərdə çox işlənən işığın gözə ziyanı nədir?

- Ağ işıqlar gözümüzün də, sağlamlığımızın da düşmənidir. Sünidir. Ağ işıq deyilən bir işığın təbiətdəki işıqla heç bir əlaqəsi yoxdur. İşıqlandırma sarı olmalıdır.

- Gülşən xanım, gözə infeksiya nədən keçir və biz gözümüzə infeksiya keçdiyini necə anlaya bilərik?

- İnfeksiya keçdiyini anlamaq daha sadədir. Qızaracaq, göz qapaqları şişəcək, çirk, şiddətli göz sulanması, işığa baxmada qorxma əmələ gələcək. Nədən keçməyi isə daha şaxəli məsələdir. Virus infeksiyaları var, hansı ki çox asanlıqla, yanınızdan bir xəstə keçəndə belə yoluxa bilərsiniz. Hovuzdan yoluxan virus infeksiyaları da var. Hovuz mövsümlərində bu halla çox rastlaşırıq, elə olur bütün ailə eyni infeksiya ilə gəlir. Evdə biri digərinin dəsmalı ilə üzünü qurulayarsa da, göz infeksiyası keçə bilər. Virus infeksiyalar çox rahatlıqla keçir və sürətli yoluxur. Ümumi nəqliyyat vasitələrində də diqqətli olmaq lazımdır. Xəstə birinin əlini tutduğu yerdən tutub əlinizi üzünüzə, saçınıza, gözünüzə aparsanız, infeksiya sizə keçəcək.

Bədənimizdə olan infeksiyalar da var, məsələn, herpes virusu. Suçiçəyi kimi bilinən çiçək xəstəliyi hamıda var. Bir balaca immun sistemizin zəifləsin, qrip olun, hansısa dərman immun sisteminizi zəiflətsin, o xəstəlik qalxır. O, gözə də təsir edir və təəssüf ki, bəzən görmənin tamamilə itirilməsinə gətirib çıxara bilir. Bu, öz bədənimizdə olan infeksiyalardır.Bakterial infeksiyalar var. Bakterial infeksiyalar Azərbaycanda çox nadir görünür. Bakterial infeksiyaya yoluxmaq üçün çox natəmiz olmalısan.

Bir də parazitar infeksiyalar var. Bu da cinsi yolla yoluxan xəstəliklərə aiddir. Yenə də natəmizlik əsas səbəbdir. Əl natəmiz halda gözə aparılarsa, xəstəlik yoluxa bilir. Bu xəstəlik anada varsa, uşağa keçə bilir. Uşaq doğulanda bu xəstəliklə doğulur. Bu səbəblərdən yoluxma yerləri və səbəbləri müxtəlifdir.

- Əlamətlər yoluxmadan nə qədər müddət sonra ortaya çıxmağa başlayır?

- Bu da xəstəlikdən asılıdır. İnkubasiya dövrü çox qısa olanlar var, 2-3 gün ərzində xəstəlik özünü büruzə verir. Elə xəstəlik var ki, 10 gün inkubasiya dövrü var. Xəstə yoluxur, xəbəri yoxdur və ətrafındakıları da yoluxdurur. Özündə 10 gün sonra əmələ gəlir, digərlərində də eyni cür. Törədicidən asılı olaraq yoluxduqdan sonra meydana çıxma müddətləri də çox fərqlidir.

- Həkimə müraciət edilməsə, korluqla nəticələnir?

- Belə təcrübələrim çoxdur. Xəstələr olub ki, zəng ediblər, əlamətləri deyiblər, demişəm ki, filan şeyləri etməlisən. Qulaq asmır, etmir. 1 ay sonra yanıma gəlir, gözü artıq görmür. Ağırlaşmalar var. Xəstələr var ki, ağırlaşandan sonra 6 ay, 1 il dərman istifadə edirlər ki, o situasiyadan çıxa bilsinlər. Vəziyyəti bu yerə gətirmək nəyə lazımdır?

- Müalicə həm dərman, həm əməliyyatla mümkündür?

- Heç bir infeksiyada əməliyyata ehtiyac olmur, onlar müalicə olunurlar. Ağırlaşma, buynuz qişa xorası əmələ gəlməli, deşilmə təhlükəsi olmalıdır ki, orda gözü yerində saxlamaq, qorumaq üçün əməliyyat edək.

- Azərbaycanda oftalmologiya elminin inkişafı hansı səviyyədədir?

- Azərbaycanda oftalmologiya elminin inkişafını dünya ilə paraleldir. Birinci səbəb Azərbaycanda oftalmoloji inkişafın dövlət nəzarətində, dövlət dəstəyində olmasıdır. Bu, çox önəmli faktordur. Bu səbəbdən ağlınıza gələbiləcək bütün müasir cərrahi metodlarının hamısı Azərbaycanda var. Dövlət klinikalarının əksəriyyəti burda geri qala bilər, amma Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində hər şey var. Çox da böyük mərkəzdir, olmaması mümkün deyil. Özəl xəstəxanalarda da belədir. Özəllər oftalmoloji texnologiyaya sahib olmaqda maraqlıdırlar, çünki gəlirləri var. Dövlət xəstəxanalarının əksəriyyəti, poliklinikalar geri qalır, amma yenə də dövlət nəzdində olan Mərkəzi Neftçilər Xəstəxanasının kifayət qədər yaxşı şəraiti var. Gənəl olaraq oftalmoloqlar öz üzərlərində işləməyə meyillidirlər. Düşünsək ki, 1500 aftalmoloq var, bunların hamısını inkişaf etmişlər sırasına daxil etməyimiz təbii ki, mümkün olmaz, amma Azərbaycanda kifayət qədər yaxşı cərrahi əməliyyatlar icra edən cərrahlar var. Bu, danıla bilməz.

- Cərrahi avadanlıqların çoxu xaricdən gəlir, amma həmin ölkələrdə eynəkli adamlara daha çox rast gəlinir.

- Eynəkdən qurtulmaq mövzusuna gəldikdə, bu, daha çox şəxslərin kompleks etməyi ilə bağlıdır. Almaniyada uşağa eynək yazanda heç bir valideyn oturub ağlamır ki, mənim uşağım eynək taxacaq. Azərbaycanda isə ağlayırlar. Fikirləşirlər ki, deyəcəklər ki, mənim uşağımın gözü zəifdir. Desinlər də. Zəifdi, eynək taxır, görür. Bu məsələdə o qədər çox komplekslidirlər ki, eynək lazımdır ya deyil şəklində düşünmürlər. İndi mən cərrah olduğum üçün eynəkli olmaq mənə çox diskomfortludur, amma məni 17 yaşımda əməliyyat etdirən valideynim olub. Dedi ki, mənim qızım eynək taxmasın. Niyə? Yaşım irəlilədikdən sonra düşünsəydim ki, mən əməliyyat olum, ya olmayım, mənə mikroskopda işləməkdə çox narahatlıq törətməsəydi, əməliyyat haqqında düşünməzdim. Azərbaycan və Türkiyədə insanlar bu əməliyyatı etdirməyə meyillidirlər. Toplumdakı basqı, kompleks buna vadar edir. Düşünür ki, mənim qızıma, oğluma deyəcəklər ki, bu niyə eynək taxır? Özü də başqasının uşağına helə deyir, ona görə də özündə bu fikir var. Başqasına belə fikirlə yanaşmasa, oturub öz uşağına da ağlamaz. Eynək taxmaq ağlanılası bir şey deyil. Bu, xəstəlik deyil. Eynək taxır, görür. Bu, toplumda olan məsələdir. Avropa ölkələrində, Amerikada bu kompleks yoxdur. Kimsə narahatdır, işində mane olur, mühit dəyişdirir, ya da çöldə, havada işləyir, yağış yağanda maneçilik törədirsə, bu adam artıq eynək taxmaq istəmir. Ola bilər ki, elə bir peşəsi var ki, tez-tez eynəyi tax-çıxar edə bilmir. Bu adamlar əməliyyata gedirlər, amma Azərbaycanda bu, tamamilə kompleksdən qaynaqlanır.

- Göz əməliyyatı hazırda neçə yaşdan başlayır və səbəbi?

- 18 yaşdan başlayır. Mən 2001-ci ildə əməliyyat olunmuşam. O zaman hələ bu qanunlar, bu adama əməliyyat olar mı, olmaz mı, bu məsələlər yox idi. Hazırda səbəb hüquqi səbəbdir. Mənim valideynim əməliyyat etdirib. İndi 18 yaşdan başlamasının səbəbi odur ki, fərd öz qərarını verə bilsin, valideyn onun üzərində təzyiq faktoru olmasın. Valideyn gəlib deyir ki, doktor, istəyirəm, övladım əməliyyat olunsun. Deyirəm ki, o, sizin istəyinizlə deyil. Bu, şəxsin şəxsi istəyi olmalıdır. 18 yaş qanunu ona görə var. Özü qərar verməli və imza atmalıdır. Məntiq olaraq eynəkdən azad olmaq üçün əməliyyat olunan şəxs görən şəxsdir. Eynəyi taxanda görür, çıxaranda görmür. İstənilən əməliyyatda olduğu kimi bu əməliyyatın da riskləri var. Faiz olaraq çox az olsa da, min nəfərdən birinin başına gələ bilər. Bu riskin altına girir. Bu qərarı mütləq şəxs özü verməlidir.

- Linzaların gözə ziyanı var?

- Kontakt linzalar ancaq doğru istifadə olunmayan zaman problem yaradır. Xəstələrim var ki, 20 ildir kontakt linza taxırlar.

- Gözə qulluq qaydalarında nələri bilməliyik?

- Gözə qulluqda bilməli olduğumuz bir şey var. Necə saçının dərisi yağlı olan insanlar var, qaşınır, kəpəklənir. Problemli, yağlı dərilərdir. Kirpik dibləri də helə olan adamlar var ki, qaşınır, qızarır, infeksiyaya meyillidir. Necə saçımızı xüsusi şampunla yuyuruqsa, ki yağlı görünməsin, kirpiyiniz də eyni qulluğu tələb edir. Xanımlar bəlli bir yaşdan sonra makiyaj elədikləri üçün həmin makiyajı təmizləyəndə kirpik diblərinə də qulluq etmiş olurlar. Kişilər bunu etmirlər. Bu qədər baxımsız olmaq lazım deyil. Yağlı dəriniz varsa, kirpiklərinizin dibi qaşınır, kəpəklənmə verirsə, bunun üçün həkimə getmək lazım deyil. Aptekdə xüsusi kirpik şampunları, salfetkalar var. Bu vasitələrlə kirpikə qulluq edib təmiz və səliqəli görünmək lazımdır. Bu da bir baxımdır. Dərimiz necə quruyur və biz onu necə nəmləndiririksə, gözümüz də eyni şəkildə quruyur. Niyə? Çünki monitora baxırıq və gözümüzü qırpaq ağlımıza gəlmir. Diqqətimiz bir şeydə olanda bizim qırpma hərəkətlərimiz çox azalır. Qırpma keyfiyyətimiz azalır, gözümüzü axıra qədər qırpmırıq. Qırma hərəkətlərimiz yarımçıq olur, çünki diqqətimiz ordadır. Buna görə də bu cür yorucu işi olanlar, bir şeyə davamlı baxmaq məcburiyyətində olanların nəmləndirici damcısı yanında olmalıdır. Dərimiz kimi gözümüzə də qulluq etməliyik. Gözün də cavan qalmağını fikirləşmək lazımdır. Həyatımızın sonuna qədər bizə dünyanın işığını göstərəcək olan odur. Gözü heç nəylə əvəz edə bilmərik. Mümkün deyil. Əvəz olunacaq orqan deyil, o qədər böyük nemətdir. Bəzən insanlar görmələrinə o qədər laqeyd yanaşır, mirvari suyu olan insanlar o qədər gec gəlirlər ki... Mirvari suyu xəstəliyi çox qəribə xəstəlikdir. Ümumi cərrahidə appendisit dediyimiz bir xəstəlik var. İnsanların çoxu bunu daha yaxşı bilir deyə bununla müqayisə edirəm. Appendisit qarın boşluğunda olan ən yüngül və ən ağır xəstəlikdir. Niyə? Vaxtında gəldinsə, professional cərrahın əlində əməliyyat 15 dəqiqə çəkir. Vaxtında gəlmədin, həyatını itirə bilərsən. İnfeksiya bütün qarın boşluğuna yayılır, qana keçir və xəstə ölür. Qarın boşluğunu boydan-boya yayıb infeksiyanı təmizləsələr də, bəzən xəstəni xilas etmək olmur, çünki toksin qana keçib. Mirvari suyu da belədir. Vaxtında gələndə çox yüngül əməliyyatdır. 5 dəqiqə, bitdi. Gedir və səhəri gün görür. Gec gələndə, pasiyentin görməsini tamamilə itirməsi ilə nəticələnə bilən xəstəlikdir. "Görmürəm, öz-özünə keçər" deyə düşünüb yola vermək lazım deyil. Hiss etdin ki, həmin məsafəni bir balaca dumanlı görürsən, ən yaxın həkimə get. Mən heç vaxt xəstəyə demirəm ki, mənim yanıma gəl. Ən yaxın hara gedə bilirsənsə, ora get. Mümkün olan ən yaxın yerdən yardım almağa çalış. Azərbaycanda poliklinik yardım sistemi ən ucqar kəndlərə qədər təşkil olunub. Mütləq şəkildə harasa çata bilirsən. Öz sağlamlığına laqeyd olmasan, uzağı 2 saat ərzində çata biləcəyin bir yer var. 2 saatını ayırıb öz sağlamlığın üçün o yolu qət edə bilmirsən? İnanırsınız ki etmirlər. Elə bilirlər ki, həkim onların evlərinə gələcək. Bütün həkimlərin işi var. Heç kim gəlib sizi evdən çıxarıb müalicə etməyəcək. Problemin varsa, yardım istəməlisən. Sən həkimə getməlisən. Həkim sənə bir dəfə gələ bilər. Səyyar klinikamız var. Rayonlara gedirik, seçməyə, yardım göstərməyə çalışırıq, amma mən getmirəm, çünki işim çoxdur. Ora komanda gedir və xəstələri gətirirlər. Daha sonra da problemin varsa, evindən çıxıb gəlməlisən.

- Sizi xeyriyyəçi kimi də tanıyırıq. Xüsusilə xarici ölkələrə öz təşəbbüsünüzlə gedirsiniz.

- Azərbaycanda müşahidə etdiyim bir şey var ki, insanların heç nəyə həqiqətən ehtiyacı yoxdur. Bəzi insanlar elə hesab edirlər ki, hamının bunlara borcu var. Bu da sovet psixologiyasından qalıb ki, dövlət bunlara nəsə etməlidir. Dövlətin heç kimə borcu yoxdur. Dövlət ölkənin təhlükəsizliyini, tamlığını idarəetmə sistemidir. Vəssalam. Sənin üçün bütün strukturları qurub. Sən də zəhmət çəkib işləməlisən, qazanmalısan və öz qeydinə qalmalısan. Azərbaycan şəraitsiz ölkə deyil. Azərbaycanda işləmək istəyən hamı üçün iş var. Gülşən Dikmeni yetişdirən Gülşən Dikmendir. Her kes özü özünü inkişaf etdirmelidir. Ona görə də heç kim sənə heç nə etməli deyil. Dövlətin heç kimə borcu yoxdur. Bu dövləti ancaq hamımız biryerdə işləyərək saxlaya bilərik. Dövlət anlayışının nə olduğunundan xəbərləri yoxdur. Bu səbəbdən xeyriyyə fəaliyyətlərimi Azərbaycandan kənara çıxarmışam. Heç olmasa bilirəm ki, Afrikaya gedirəm, onlar dövlət olaraq inkişaf etməyiblər. Dəstəyə ehtiyacları var. Onlara dövlət səviyyəsində yardımlar göstərilir. Bilirəm ki, həqiqətən ehtiyacları var. Heç bir şəkildə özləri heç nə istəmirlər, sadəcə gələn yardımlara çox minnətdardılar. Bunların hamısı dövlət səviyyəsində həyata keçirilən işlərdir. Mən ora Almaniyanın xətti ilə getmişdim.

- Qeyd etdiniz ki, hovuz və dənizdən keçən infeksiyalar var. İndi də mövsümüdür. Bundan qorunmağın bir yolu var?

- Qorunmaq mümkün deyil. Tək çarə hovuza və dənizə girməməkdir.

- Həkim olaraq insanlara çatdırmaq istədiyiniz mesaj var?

- İnsanlara çatdırmaq istədiyimiz mesaj çoxdur. Bütün həkimlər olaraq bunu çatdıra bilmirik. Azərbaycanda Tibb Universitetinin I Müalicə-profilaktika və II Müalicə-profilaktika fakültələri var. Adına diqqət edin: Müalicə-profilaktika. Xəstəliyin profilaktikası. Vaxtında müraciət etmək ki, ağırlaşma əmələ gəlməsin. Profilaktika məsələsində çox problem yaşayırıq. Şəkər xəstələri gəlir. Deyirəm ki, şəkərin neçədir? Deyir, yaxşıdır. Deyirəm, neçədir? "Mən 250-də özümü yaxşı hiss edirəm". Onda gözün görməyəndə gəlmə. Şəkərin norması 100-110-dursa, sənin üçün də 100-110-dur. Kefləri nə istəyir yeyir, necə istəyir yaşayırlar. Sonra da Azərbaycanda gözdən əlillər sırasında birinci yeri şəkərli diabet xəstələri tutur. Bu, çox önəmli ictimai problemdir, çünki görmə qabiliyyəti olan şəxslər görmələrini itirirlər. İqtisadi problemdir, çünki görmələrini itirirlər, işləyə bilmirlər, eyni zamanda da əlil olurlar. İşləmə qabiliyyəti olmayan şəxs iqtisadi sistem üçün halqadan çıxır və əlil olduğu üçün də əlilliyə görə müavinət almalıdır. Maarifləndirmənin gətirdiyi ictimai və iqtisadi problemdir. Sayları da olduqca çoxdur. İntellektual olmayan şəxslər heç bir şəkildə şəkərlərini tənzimləyə bilmirlər və bu əlilliyə doğru gedir. Şəkərin verdiyi fəsadlar geri dönən deyil. Onlar görmələrini geri dönməyən şəkildə itirirlər. Hamının evinin yanında poliklinika var. Heç olmasa 6 aydan bir get, şəkərini yoxlat. Varsa, nə yemək olar, nə yemək olmaz araşdır. Əslində çox bəsiddir. İndi hamının əlində telefon var. "TikTok"a girəcəyinə "Google"ni aç, gir şəkərli diabetdə qidalanma qaydalarını oxu. Bu, 10 dəqiqə vaxtını alacaq.

- Dünya ilə müqayisə aparsaq, Azərbaycan göz xəstəliklərinə görə neçənci yerdədir?

- Almaniyanın səhiyyə sistemi ilə müqayisə etsək, Azərbaycanda həkimə çatmaq, muayinə olmaq, təcili yardım almaq daha asandir. Almaniyada profilaktik olaraq sistemi çox yaxşı qurublar. Nəzarət çox ciddidir. Xəstəlikləri və necə tədbir görməli olduqları onlara çox yaxşı izah olunur. Bununla həkim məşğul olmur. Əllərinə xüsusi yaddaş kitabçaları verilir ki, bunları bilməlisən. Düzənli olaraq yoxlanışlara çağırılırlar. Əgər həmin vaxtda getməsə, bir də gedə bilməyəcək. Profilaktika sistemi belə qurulub. Profilaktika hər zaman ağırlaşmaları ortadan qaldırmaqdan daha ucuz başa gəlir. Azərbaycanda profilaktika görə bilmirik. Ağırlaşmalarla mübarizə aparırıq və bu da baha başa gəlir.

- Buna səbəb təkcə insanlardır?

- Belə deməzdim. Həkimlər də izah etmək istəmirlər. Vaxtlari da yoxdur. Bir dəfə 273 şəkərlə yanıma xəstə gəldi. Dedim ki, bu şəkər çoxdur, görməni itirə bilərsən. Dedi ki, mənim poliklinikadakı həkimim deyib ki, bu, normal şəkərdir. Heç hekim o sözü demeyib. Xəstə 2 aydan sonra görmə qabiliyyətini tamam itirdi. Göz həkimləri əziyyət çəkirlər, əməliyyat edirlər. Xəstə də gəlib deyir ki, əməliyyat olmuşam görmürəm. Göz həkimi buna nə etsin? Sən problemin mənşəyi ilə məşğul olursan? Yox. Profilaktika etmek istəyiriksə, hamımız öz məsuliyətimizi dərk etməliyik.

Digər xəbərlər

Bayden suala cavab verməkdən yayınıb...

...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı