Əvvəli burada
https://sesqazeti.az/news/main/1308183.html
Bu silsilədən olan əvvəlki yazıda Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının sürətli inkişafını və dayanıqlı iqtisadi sistem yaranmasını təmin edən uğurlu iqtisadi islahatları, dövlət proqramları, həmçinin yaxın gələcəyə hesablanan iqtisadi inkişaf stretegiyasının necə formalaşdırıldığından danışmışdıq. Bu hissədə isə iqtsadiyyatımızın tarazlı, davamlı və balanslı şəkildə qurulması üçün həyata keçirilən işlərdən və nəzərdə tutulan proqramlardan danışacağıq.
Neft asılılığından qeyri-neft sektoruna keçid
Məlum olduğu kimi, hər bir ölkənin balanslı inkişafı onun iqtsadiyyatının regional və sahəvi diversifikasiyası son dərəcə vacibdir. Prezident İlham Əliyev də ölkə iqtisadiyyatının şaxələndirilməsini, regionların inkişafını, davamlı inkişaf modelinin qurulmasını əsas prioritet olaraq müəyyən etmiş və hökumətin qarşısına müvafiq vəzifələr qoymuşdur.
Keçən 22 ildə Azərbaycan neft sektorundan əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsinin qeyri-neft sektoruna yatırılması siyasəti ilə, ölkəmizin neftdən asılılığı xeyli dərəcədə azaldılmışdır. Nəticədə son illərdə büdcə gəlirlərində və ÜDM-də qeyri-neft sektoru üstünlüyü ələ almışdır.
İqtisadiyyatda neft gəlirlərindən sosial-iqtisadi məqsədlərə effektiv istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılmışdır.
Son 20 ildə iqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib.
Bununla yanaşı ölkəmizin streteji valyuta rezervləri də sürətlə çoxalır. 2025-ci ilin 30 sentyabr tarixinə olan məlumata əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 70 milyard ABŞ dolları təşkil edir.
Beynəlxalq və regional enerji layhələri
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir.
Ölkəmizin beynəlxalq nüfuzunu artıran daha bir layihə- “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 milyard ABŞ dollardır. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada 1-ci yeri tutur;

Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevrilib
Azərbaycan əlverişli coğrafi mövedə yerləşməsindən məharətlə istifadə edilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilib.
Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, respublikada 9 beynəlxalq hava limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.
Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilmiş, xəttin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılmışdır. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq. “Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir.
Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasındadır
Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. 2023-cü il 2-6 oktyabr tarixlərində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında nüfuzunun artdığını bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan dünyanın bir sıra ölkələrinə peyx xidmətləri göstərir və kosmik yüksəlişini sürətləndirir.
Rəqəmsal iqtisadiyyata keçid strategiyası
“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci ildə imzalanıb. Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının (süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s.) sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycan Respublikasının regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir;
Regionların sosial-iqtisadi inkişafı əsas prioritetdir
Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir.
Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı.
Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da uğurla həyata keçirilmişdir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin iqtisadi islahatları nəinki son dövrlərdə ölkəmizin iqtisadi gücünü xeyli artırmış, üstəlik gələcək üçün də möhkəm iqtisadi təhlükəsizlik bazasının yaranmasını təmin etmişdir.
(ardı olacaq)
Elçin Bayramlı